“Bəzən özümü qınayıram ki, getdiyim toyların pulu ilə kaş biznes qurardım...”
“Kök olanda elə rəylər yazırdılar ki. Özüm-özümdən utanırdım. Çoxları da məni əvvəlki kimi sevdiklərini deyirdilər. 107 kilo idim. Bir dəfə o çəkidə verilişə çıxmışdım. Zəng edib dedilər ki, nə boyda olmusan? Daha verilişlərə çıxma. Ekrana sığmırdım. Səhhətimə çox mənfi təsir göstərirdi. Plastik əməliyyatlarım hələ ki, bitməyib. Arıqladığım üçün üz dərimdə sallanmalar baş verib. Ona görə də üz gərmə əməliyyatına ehtiyacım var. Düşünürəm ki, Məhərrəmlik ayında etdirim”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O bildirib ki, artıq kimlərlə verilişə çıxacağını öncədən öyrənir.
“Əvvəl fikir vermirdim, heç bir televiziya əməkdaşının xətrinə dəymirdim. Deyirdilər ki, Mətanət xanım, sizi filankəslə efirə salmışıq. Mən də axı söz vermişəm, getməliyəm. Gedirdim də. İndi amma verilişdə mənimlə birlikdə qonaq olan sənətçiləri özüm seçirəm. Qonaqları mənimlə razılaşdırandan sonra o verilişə gedirəm. Hər sənətçi ilə çıxış edə bilmərəm. Mən ruh adamıyam. Bu mənim üçün çox önəmlidir. Canlı efirdir, elə bir söz deyər ki, mənim xoşuma gəlməz, səhhətimə pis təsir edər” deyə müğənni bildirib.
Mətanət İsgəndərli bildirib ki, toylara ən çox gedən müğənnilərdəndir.
“Biz sənətə yeni başlayanda şou-biznes yox idi. Bizim biznesimiz toydur. Toydan başqa qazanc yerim yoxdur. Məndən çox toya gedən yoxdur, bu sahədə bəlkə də rekord vurmuşam. Bəzən özümü qınayıram ki, bu vaxta qədər qazandığım toyların pulu ilə kaş özümə bir biznes qurardım. Biznes mənlik deyil. Sənətlə biznes tutmur. Ya gərək bizneslə məşğul olasan, ya da ki, sənətlə. Yaxud da çox güvəndiyin bir insan bu işlərin başında durmalıdır” deyə müğənni bildirib.
Müğənni bildirib ki, arxivi zəngin deyil.
“Arxivim o qədər də zəngin deyil. Arxivimdə yalnız mahnılar, kliplərimdir. Yaxşı ki, verilişlərə çox getmişəm. Düzdür, verilişə getmək əzab-əziyyətdir, bunun yuxusuzluğu, geyimi, makiyajı var. Bir verilişə getmək üçün səhər tezdən yuxudan dururuq. Elə olur ki, heç gecəni gəlib evdə normal yatmırıq. Deyinə-deyinə gedirəm, sonra efirdə baxanda deyirəm ki, nə yaxşı ki, getmişəm. Düzdür, çox əziyyət çəkmişəm, amma getmişəm. Bəzən televiziyada çalışanlara deyirəm ki, bu arxivləri mənə verərsiniz. Bilmək olmaz, bəlkə gələcəkdə haqqımda nə vaxtsa sənədli film çəkildi” deyə müğənni bildirib.