28.05.2014. - Qaçaq Şahmalı Mircəfər Bağırovun təklifindən niyə imtina etmişdi?
20 əsrin əvvəllərində bu torpaqlarda gedən milli -mübarizənin önündə məhz qaçaq Şahmalı gedirdi.Xüsusən ermənilərə qarşı barışmaz mövqeyi ilə ad çıxartmışdı. Bu səbəbdən istər çar Rusiyası, istərsə də sovet hakimiyyəti dövründə dəfələrlə qaçaq Şahmalıya silahı yerə qoymaq,ermənilərlə barışığa getmək təklif olunmuşdu.Şahmalının cavabı isə həmişə birmənalı olurdu.Ermənilər dədə-baba torpaqlarımızdan çıxmayanadək silahlı mübarizə davam edəcək.
Məsələ onda idi ki, 1828-1830-cu illərdəki məlum tarixi hadisələrdən sonra İrandan köçürülmüş ermənilər Qarabağda,o cümlədən kolanıların dədə-baba yurdunda yerləşdirildi.Elə o vaxtdan kolanı camaatı qaçaqçılıq adı ilə məşhur olan milli-mübarizə yolunu seçdilər.Bu hadisələrin gedişatı o dövrdə Rusiyanın İranda səfiri olmuş Qriboyedovun çara yazdığı məktublarda öz əksini tapırdı.Məktuba cavab olaraq çarın göstərişi ilə kolanı kəndlərinin əksəriyyəti Şirvana köçürüldü.Bu ermənilərin təhlükəsizliyini təmin etməkdən ötrü idi.
Məhz buna görə qaçaq Şahmalı heç vaxt ermənilərlə barışığa getməzdi.
Qaçaq Şahmalıya sülh təkliflərindən ən maraqlısı və yaddaqalanı o zaman Azərbaycan MK-nin birinci katibi Mircəfər Bağırov tərəfindən edilmişdi.
Bağırov Yevlaxa gedərək Şahmalını görüşə çağırır.Qeyd edim ki, Bağırov da kommunist olmasına baxmayaraq mərd adam idi,danışığa çağırdığı adamın təhlükəsizliyinə danışıqsız təminat verirdi.Mircəfərin bu xasiyyətini bilən Şahmalı tərəddüd etmədən görüşə gəlir.
Mircəfər ona “Şahmalı,mənə Moskvadan göstəriş veriblər ki,sənə baraət verib vəzifə ilə təmin edim.Çünki sən çara qarçı vuruşmuş qaçaqları siyahısındasan.Ona görə MK bu qərarı verib.İndi Azərbaycanın hansı rayonunu istəyirsənsə səni ora icrakom təyin edim.” deyir və Moskvadan yazılmış məktubu onun özünə oxuyur.
Qaçaq Şahmalı Mircəfərin ona ona etimad göstərdiyinə görə təşəkkürünü bildirir.Ancaq təklifi bir şərtlə qəbul edəcəyini deyir:
“Mircəfər,mənim qaçaqlığa başlamağımın əsas səbəbi dədə -baba torpaqlarımızın ermənilərə verilməsidi. Şübhən olmasın,Ağdərə bizim əzəldən yurdumuz olub.Əgər məni Ağdərəyə icrakom təyin etsən səninlə razılaşaram.Ondan başqa heç bir təklifə razı deyiləm.”
Bağırov başlayır Şahmalını dilə tutmağa ki,bəs ora Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazısıdr.Ona görə Ağdərəyə Şahmalını icrakom təyin edə bilməz.Şahmalı isə cavabında “əgər sən bir hökumət kimi məni öz dədə-baba torpağımda işlə təmin edə bilmirsənsə,onda sənə biət etməyimi Allah-Təala mənə bağışlamaz”deyir.
Mircəfər təkid edir :”Şahmalı kişi,gəl sən mənimlə razılaş,camaatı başından dağıt,bu sənin üçün son şansdır.”
Lakin qaçaq Şahmalı “ sözümü dedim seyid,mən mübarizəmi yumşaq stola dəyişə bilmərəm.Görüşə gəldiyin üçün sağ ol.”deyir və çevrilib gedir.
Şahmalı kişinin son döyüşü o dövrdə Qarabağda “bandotdel” işləmiş Qriqoryanın dəstəsi ilə olur.1938-ci ildə,Kəlbəcər rayonunun Xangələn yaylağında (kolanıların yaylaq yeri) baş verən döyüşdə qaçaq Şahmalı şəhid olur.
Lakin həlak olsa da igidliyi ilə xalqın hafizəsində dərin iz salır.
İlqar Atabəyli