18.06.2014.- Rəşad Məciddən Məmməd İsmayıla sərt sözlər - MÜSAHİBƏ
Ötən gün Azərbaycan yazıçılarının XII qurultayı başa çatdı. Yazıçılar yekdilliklə Anar Rzayevi yenidən Birliyin sədri seçdilər. Qurultay zamanı çıxış edən söz sahiblərinin fikirləri hələ çox müzakirə olunacaq, söz-söhbətlərə səbəb olacaq. Qurultayın nəticələri, orda səslənən fikirlər eləcə də Yazıçılar Birliyindən gələcək gözləntilərlə bağlı suallarımızı AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid cavablandırıb.
- Qonaqlar da, qurultayda iştirak edən yazıçılar da Anar müəllimin birliyin sədri olmasıni ürəkdən istədiklərini dilə gətirdilər. Türkdilli ölkələrdən gələn yazıçılar təklif etdilər ki, Anar müəllim Türkdilli ölkələrin yazarlar birliyə başqan seçilsin. Anar müəllimin gücü, potensialı imkan verir ki, gələcək illərdə də birliyə rəhbərlik etsin. Ona görə də qurultay yekdilliklə yenə Anar müəllimin namizədliyini dəstəklədi. Mən onsuz da həmişə demişəm ki, Anar müəllim bizim Yazıçılar Birliyinə, Azərbaycan yazıçılarına çox lazımdır. İstər ölkə daxilində, ölkə xaricində Anar müəllimin nüfuzunun birliyin həm qorunub saxlanmasında, həm də yazıçı nüfuzunun itirilməməsində böyük rolu var. Ona görə də tam təbiidir ki, yazıçılar yekdilliklə Anar müəllimi birliyin sədri seçdi. Gözləntilərə gəlincə, arzulayırıq ki, yazıçıların kitabları satılsın, mütaliəyə maraq artsın. Qurultayda Azərbaycanda kitab mağazalarının qıtlığı, nəşriyyatla yazıçı arasındakı münasibətlərin normal iqtisadi sistemdə olmaması yönümündə fikirlər səsləndi. İndi Azərbaycan hökuməti bunları nəzərə alaraq müəyyən dərəcədə yazıçıların iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən köməklik göstərir. Bilirik ki, 2007-ci ildən bəri Azərbaycan prezidentinin yaşlı və cavan yazıçılara təqaüdlərin verilməsi ilə bağlı sərəncamı var. Bununla yazıçıların iqtisadi vəziyyətləri müəyyən dərəcədə konpensasiya olunur. Həmçinin yazıçılara müəyyən mükafatlar da verilir.
- Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışı zamanı uşaq ədəbiyyatı ilə bağlı çox ciddi narahatçılığını dilə gətirdi. AYB bu narahatçılığın aradan qaldırılması yönümündə hansı addımları atacaq?
- Doğrusu, Fatma xanımın belə çıxışını ilk dəfə idi ki, eşidirdim. Çox maraqlı və təəccübümə səbəb olan çıxış oldu. Fatma xanım çox ətraflı, hamımızı narahat edən uşaq ədəbiyyatı ilə bağlı məsələləri qeyd etdi. Fatma xanım Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə rəhbərlik edir və bu məsələni onun belə ağrılı formada gündəmə gətirməyi çox yaxşı haldır. Hesab edirəm ki, AYB nazirliklə birlikdə uşaq ədəbiyyatının inkişafı ilə bağlı konsepsiya hazırlaya bilər. Məncə, bu istiqamətdə dövlətin ümumi konsepsiyası olmaldır. Və bu işə böyük dəstək göstərilməlidir. Fatma xanımın toxunduğu məsələlər çox aktual idi və o çıxışı zamanı çox dəqiq nüanslara toxundu.
- Nazir Əbülfəs Qarayev Azərbaycanda bir-iki imzadan başqa dünyaya çıxa biləcək imzaların yoxluğundan şikayətləndi.
- Nazirin dediyində də müəyyən həqiqət var. Düşünürəm ki, bu imzalar yetişməlidir. Məsələ burasındadır ki, yazıçı bir günə yetişmir, böyük əsərlər bir günə yazılmır. Bu gün çoxlu gənc yazıçılar var və bunların imzaları da, əsərləri də maraqla qarşılanır. Amma bu yazıçılar nə dərəcədə zamanın keşməkeşli yaradıcılıq yollarından keçəcək, ciddi əsərlər yaza biləcəklər və bu əsərlər tərcümə olunub dünya arenasına çıxa biləcək? Bu artıq işdir, bunun üçün zəhmət çəkmək lazımdır. İndi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradıldı. Güman ki, Azərbaycan ədəbiyyatının xaricdə təbliği sahəsində olan boşluğu bu Tərcümə Mərkəzi müəyyən qədər doldura biləcək.
- Məmməd İsmayıl qurultayda çox sərt fikirlər səsləndirdi. Başlayaq ondan ki, AYB-ni rüşvət almaqda ittiham etdi. Bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir?
- Onun çıxışından sonra Anar müəllim dedi ki, Məmməd İsmayıl Azərbaycanda deyil və yerli situasiyadan xəbəri yoxdur. Hesab edirəm ki, onun AYB-in üzvlüyünə qəbulla bağlı eşitdiyi neqativ halı, hansısa şayiəni, qeybətcil adamların dediyi sözü qurultayda səsləndirməsi etikadan kənar idi və Yazıçılar Birliyinin rəhbərliyinə çox böyük hörmətsizlik idi. Məsələn, mən 70 yaşlı şairdən bunu gözləməzdim. Yazıçılar Birliyi neçə illərdir gəncləri öz sıralarına cəlb edir, üzvlük vəsiqəsi təqdim edir, təqaüd verir. Kimsə hansısa halda kiminsə vasitəsilə birliyə arxa qapıdan girmək istəyirsə, üzvlüyə qəbul olunmadığı halda orda- burda qeybət formasında nələrsə danışırsa və Məmməd İsmayıl bunu böyüdüb çanaq boyda edirsə yenə deyirəm, bu, onun tərəfindən ədalətsiz hərəkətdir və birliyin rəhbərliyinə böyük hörmətsizlikdir. Mən çox təəssüf etdim ki, o belə fikirlər səsləndirdi. Əlbəttə, başa düşürəm ki, Məmməd İsmayıl narazıdır. O hesab edir ki, xalq şairi adına və digər titullara layiqdir, amma bunları əldə etməyib. Bu məsələdə Yazıçılar Birliyinin günahı yoxdur. Birlik Məmməd İsmayılın bu yaxınlarda 70 illik yubileyini keçirib və ona hər zaman normal münasibət göstərib. Çox təəssüf edirəm ki, Məmməd İsmayıl bunun qarşılığında o cür etikadan kənar bəyanatlar verir.
- O alternativ gəncliyin AYB-də təmsil olunmaması ilə bağlı da fikirlər səsləndirmişdi.
- Bu məsələdə də Məmməd İsmayıl real vəziyyəti bilməyərək danışıb. Azərbaycanda alternativ gənclik yoxdur. Üç-beş nəfər AYO-çular var, onları da vaxtilə mən AYB-yə cəlb etmək istəmişəm, amma onlar birliyə gəlməyiblər. Bu gün AYB üç-beş psixikasında problemi olan adamın dalınca düşüb, onu üzv etməyə çalışmamalıdır. Daha doğrusu, çalışdıq, amma alınmadı. Onlar özləri bilərlər. Fakt odur ki, bugünki Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən bütün istedadlı gənclər AYB-nin üzvüdür və yaxud üzvü olub çıxıb. Və bəziləri üzv olmağa hazırlaşır.
Nərmin Muradova