09.06.2014.- REAL-çılar yenə bir-birini ittiham etdi

09.06.2014.- REAL-çılar yenə bir-birini ittiham etdiMilli Şuranın sədri Cəmil Həsənlinin Xalq şairi Vaqif Səmədoğlu barədə fikirlərti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aktual.az saytına açıqlamasında C.Həsənli bir neçə gün öncə 75 illik yubileyini qeyd edən V.Səmədoğlu barədə deyib ki, söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil. Mİlli Şura sədrinin sözləri birmənalı qarşılanmayıb. C.Həsənli isə fikirlərinin təhrif olduğunu və jurnalist tərəfindən yanlış anlaşıldığını söyləyib. Müsavatçılar və cəbhəçilərlə yanaşı REAL Hərəkatından da məsələyə reaksiya gəlib.
REAL-ın keçmiş Məclis başqanı Erkin Qədirlinin fikrincə, yazıçı və başqa yaradıcı insanlardan vətəndaş mövqeyi, siyasi düşüncə tələb etmək və ya gözləmək doğru deyil: “Rus ədəbiyyatı, rus nihilizmi və rus solunun təsiri altından çıxın. “Vətəndaş mövqeyi” siyasi baxımdan mənasız ifadədir. Mənasız olmaqla yanaşı, ziyanlıdır. Çünki mayasında “vətəndşalıq meyarı”nı təyin etmək iddiası yatır. Vətəndaşlıq - insanla dövlət arasında hüquqi bağlardır, onların siyasi tutumu çox azdır. Mövqe - siyasi məsələdir, tərəf tutmağı tələb edir. Yaradıcı insan üçün tərəf tutmaq asan iş deyil. Tərəf tutmuş yaradıcı insan yaradıcılığına zərbə vurur. Xüsusilə, bütün insan xasiyyətlərini təsvir etməli olan yazıçı üçün çətindir bu. Yazıçıların əsərlərinə vurğun olub, yazıçılardan əsərlərinin ruhuna uyğun davranmalarını gözləmək əbəsdir.
Tarixdə ən böyük yazıçılar arasında hər cür mənfi keyfiyyətli insanlar olub - narkoman, alkoqol düşgünü, arvadbaz, qumarbaz, irqçi və s. Yəni, böyük yazıçıların xeylisi nümunəvi hesab olunan həyat tərzi yaşamayıbar. Amma, nə fərqi? Həmin yazıçılara verdiyimiz dəyər bununla bağlı deyil ki. Müəllifi mətndən ayırmağı bacarmaq lazımdır. Dekabristlər meydana çıxmaq planını müzakirə edəndə, kimsə Puşkini də dəvət etmək təklifini vermişdi. Pestel (onu sonra edam etdilər) onda demişdi: “Puşkini çağırmayın! Meydanda onu məhv edəcəyik. Puşkin sağ qalmalıdır. Bizdən sonra bizim haqqımızda Puşkin elə yazacaq ki, heç biz özümüz onun yazacağı qədərini edə bilməyəcəyik”. Yazıçı və başqa yaradıcı insanları rahat buraxın. Onları siyasətə gətirməyin, siyasi mövqeyi də onlardan gözləməyin. Yaradıcı insanlar öz aləmlərindədir, bizim həmin aləmə girişimiz yoxdur (istedadımız çatmadığına görə). Yaradıcı insanlardan siyasi mövqe gözləmək - siyasəti romantikləşdirməkdir. Rusiyanın də tarixi problemi budur, bizə də onlardan keçib. Siyasət çox quru, dar bir sahədir (yaradıcı insan üçün cansığıcıdır). Siyasətdə ixtisas bilikləri, fəlsəfi görüşlər, şəxsi təcrübələr, kütləvi tanınma, və s. gərəkdir. Gözləntilərinizi azaldın, düşüncələrinizi daraldın, dərinə baxın - siyasət yapmaq istəyirsinizsə”.
Onun bu yanaşması Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Altay Göyüşov tərəfindən narazıqla qarşılanıb. A.Göyüşov E.Qədirlini səhv şərh etməkdə günahlandırıb: “Erkin elə danışır, elə bil Volterdən xəbərsizdir. Elə bil Avropa mütəfəkkirlərinin niyə Hollandiyaya qaçıb yaşadığını bilmir. Hələ mən Birunidən tutmuş Sinaya qədər olanları demirəm. Erkin qardaş, sən elə özün ruslar kimi düşünürsən. Maarifçi rus yazıçısı Avropadan ilham alırdı. Ona görə əslində Erkinin rus adlandırdığı Turgenev avropalaşmış rus idi. Əsl klassik rusun isə sayı qat-qat sizin tanıdıqlarınız avropalaşmış ruslardan çox idi. Mütləqiyyətə baş əyənlər, təhkimçiliyə etiraz etməyənlər idi. Sən də Erkin, məhz onlar kimi düşünürsən”. E.Qədirli isə A.Göyüşüovun bu ittihamı ilə razılaşmayıb: “Altay, sən də elə yazırsan, elə bil mənimlə birgə ReAl-da deyilsən. Nə mütləqiyyət? Mən kimə baş əyirəm və ya baş əyməyi təklif edirəm?”






Fikirlər