18.06.2014.- Müxalifətdən Ramiz Rövşənə ciddi - İRAD

18.06.2014.- Müxalifətdən Ramiz Rövşənə ciddi - İRADƏhrar Partiyasının sədri Vaqif Hacıbəyli müxalifət düşərgəsinə yaxınlığı ilə seçilən şair Ramiz Rövşəni Yazıçılar Birliyinin qurultayında Anara dəstək verdiyi üçün sərt tənqid edib.

"AzerTaym.az."-ın məlumatına görə, V.Hacıbəyli özünün Facebook səhifəsində yazıb ki, Ramiz Rövşən əslində seçimini çoxdan edib və Azərbaycan Yazıçılar Birliyinin qurultayında onun Anarın sədrliyini müdafiə etməsində nəsə bir yenilik yoxdur: “Şəxsiyyətinə gəldikdə isə onu tanıdığım gündən həmişə özü barəsində çox yüksək fikirdə olub. Mən əslində bunu qüsur da saymıram, çünki bu qüsur çoxumuzda var. Məncə, onun siyasilərə həsr etdiyi və indiki mövqeyi ilə bağlı sosial şəbəkələrdə çox müzakirə edilən məlum şerləri də məhz siyasi konyukturaya, siyasilərdən çox onun özünütəsdiqinə xidmət edirdi ki, bunu da kim başa düşübsə, anlaşıqla qarşılayıb. Biz Ramiz Rövşəni “Göy üzü daş saxlamaz” kitabındakı şerlərinə görə sevmişik, o isə həmişə özünü sevib. Bugünkü reallıqda onun bizim sevgimizə daha ehtiyacı yoxdursa, bu da onun seçimidir".

V.Hacibəyli qeyd edib ki, Ramiz Rövşənin özünəvurğunluğu ilə Əkrəm Əylislinin özünəvurğunluğunu eyniləşdirmək olmaz: "Əkrəm Əylisli “Daş yuxular”ı yazmaqla hikkənin, özündən müştəbehliyin istedadı və mənəviyyatı hansı səviyyədə deqradasiya uğrada biləcəyi reallığını nümayiş etdirdi. Ramiz Rövşənin, o cümlədən onun AYB sədrliyinə namizədliyini müdafiə etdiyi yazıçı Anarın, digər ziyalılarımızın bəzi açıqlamaları bizə xoş gəlməyə bilər. Lakin bu gün vətəndaş mövqeyi nümayiş etdirmədikləri üçün tənqid olunan Anar kimi, Vaqif Səmədoğlu kimi, Ramiz Rövşən kimi, Sabir Rüstəmxanlı kimi, mərhum Bəxtiyar Vahabzadə kimi ziyalılarımızın heç biri, heç vaxt ləyaqətsiz mövqe tutmayıb. Bunu da ədalət naminə qeyd etməyimiz lazımdır”.







Fikirlər