21.02.2014. - Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi
Bu barədə bakupost.az-a R.Əzizbəylinin dostu, Nicat Əsgərov məlumat verib. O, bildirib ki, müayinədən sonra həkimlər sənətkara dəqiq diaqnoz qoyacaqlar:
“Hər kəsi tanıyır, eşidir, lakin danışmaqda çətinlik çəkir. Demək olar ki, danışmır. Fevralın 9-da qəzadan sonra halı pisləşdi. Həkim çağırdıq. Həkimlər xəstəxanaya yerləşdirməyi məsləhət gördülər, lakin Ramiz müəllim razı olmadı. Evdə müalicə olunurdu. Düşünürdük ki, yaxşı olar. Amma son günlər vəziyyəti lap pisləşdi, kritik həddə çatdı”. Xatırladaq ki, yaşadığı ünvan ərazisində avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməyib. Bunu onun ailə üzvləri bildirib.
Qeyd edək ki, ötən gün xalq artistinin xanımı Lent.az-a bildirmişdi ki, R.Əzizbəylini xəstəxanaya yerləşdirməyə pul tapmırlar: “Xəstəxanaya da yerləşdirməyə pul lazımdır, imkanımız yoxdur. Dost - tanışdan borca pul tapa bilsək, sabah, ya da birisi gün xəstəxanaya yerləşdirəcəyik. Kömək üçün heç kəsə müraciət etməyəcəyik. Ramiz belə şeyləri heç vaxt xoşlamayıb. Məhz bu səbəbdən də kiməsə deməmişik”.