KEÇMİŞİMİZƏ güllə ATMAYIN!
Son vaxtlar televiziyada, mətbuat səhifələrində, kuluarlarda ayrı-ayrı insanların tariximiz, bu tarixi yaradan şəxsiyyətlərimiz barədə yanlış fikir yürütmələri məni bir ziyalı kimi narahat edir. Müzakirələr, mübahisələr efirdə, mətbuatda tirajlandığından daha böyük dairəni əhatə etdiyi üçün narahatlığım bir qədər də artır. Çünki bu gün həm elektron, həm də yazılı mediada işıqlandırılan səhv fikirlər tarixdə qalır, gələcəkdə növbəti yanlışlığa yol açır. Bu gün Şah İsmayıl Xətai, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və digər tarixi şəxslər, görkəmli ziyalılar barədə təkcə müzakirə olunmur, həm də təftiş edilir, onlar haqqında cəmiyyətə həqiqətə uyğun olmayan fikirlər aşılanır. Ən qəribəsi də odur ki, müzakirələrə alimlər deyil, daha çox tarixdən xəbəri olmayan digər sahələrin adamları cəlb edilir. Son dövrlər təftiş edilənlərdən biri igid sərkərdə, görkəmli dövlət xadimi, böyük söz ustası Şah İsmayıl Xətaidir. Şah İsmayıl məzhəb ayrıseçkiliyi, sünni-şiə qarşıdurması yaratdığı ittihamı ilə tənqidə daha çox məruz qalır. 13 yaşlı uşaq necə təriqət yarada bilərdi? Axı tarixi faktlar onun babası Şeyx Səfiyyədinin zamanından Qızılbaşlar hərəkatının mövcud olduğunu göstərir. Axı İslam toplumunu parçalayan və müxtəlif təriqətlər arasında qanlı hesablaşmalara yol açan hadisələr Şah İsmayıldan 900 il əvvəl olub. Sünni-şiə söhbətini Şah İsmayılın adına bağlamaq nə dərəcədə düzgündür? Tarixə fərqli qiymətlər vermək olar, amma tarixi təhrif etmək yolverilməzdir. Bu gün bəziləri Şah İsmayılı Sultan Səlimlə döyüşdüyünə görə də qınayırlar. Onların sözlərindən belə çıxır ki, guya Sultan Səlim Şah İsmayıla təklif edib ki, mən Avropanı fəth edirəm, sən də Şərqi tut, sonra birləşək, amma Şah İsmayıl buna razı olmayıb. Türk mənbələrinə istinad edib deyə bilərəm ki, Sultan Səlimin Şah İsmayıla 4 məktubu olub. Məktubların hamısında aşağılayıcı fikirlər çoxdur. Sonuncu məktubda isə Şah İsmayıl sərt şəkildə təhqir edilir. Sultan Səlim yazır ki, “artıq sənin torpaqlarına daxil olmuşam, sən isə qabağımdan qaçırsan. Elədirsə, get, arvad paltarı geyin”. Sultan Səlim Səfəvilərin ərazisini 300 kilometr keçəndən sonra Çaldıran döyüşü baş verib. Tarixdən məlumdur ki, o zaman ancaq meydan döyüşləri olurdu. Dağda, meşədə yox, ancaq geniş ərazidə vuruş aparılırdı. Çaldıran yaxınlığındakı dağ keçidində tərəfdarları Şah İsmayıla Sultan Səlimin qarşısının alınmasını təklif etsələr də Xətai bununla razılaşmır. Deyir ki, mən yolkəsən quldur deyiləm, sərkərdəyəm. Sultan Səlim Çaldıranda Avropadan gətirdiyi topların hesabına qalib gəlir, sonra Təbrizi tutur. Lakin orada da çox duruş gətirə bilmir. Bir məsələni də vurğulayım ki, Səfəviiər hakimiyyətdə olduqları dövrdə heç vaxt Osmanlıların torpağını zəbt etməyib, indiyə qədər heç kim bununla bağlı bircə fakt qa ortaya qoymayıb. Hücum edən tərəf həmişə Osmanlılar olub. Şah İsmayıl məhz sünni təriqətindən olduğu üçün bir nəfəri də öldürməyib. Bəzən Şah İsmayıl ona görə ittiham olunur ki, guya o, Sultan Səlimlə vuruşmasaydı, Osmanlı sultanı Avropanı tutacaqdı. Gülüncdür. 4-cü Osmanlı Sultanı İldırım Bəyazid Konstantinopolun qapısını döyürdü. Xəbər gəlir ki, Əmir Teymur Anadolunun xeyli hissəsini tutub. İldırım Bəyazid Konstantinopolun quşatmasını (mühasirəsini) dayandırıb Əmir Teymurun qarşısına çıxır. Ankara çölündə qanlı döyüşdə məğlub olur (1402). Əmir Teymur Osmanlı dövlətini İldırım Bəyazidin oğlanları arasında bölür. Ayrı-ayrı bəylərbəyliklərə xəbər göndərir ki, imperiya ərazində öz dövlətlərini qura bilərlər. Əmir Teymurla İldırım Bəyazid eyni təriqətə mənsub idilər. Niyə özbəklər bir dəfə də olsun Əmir Teymuru ittiham etmir, ona ancaq ehtiram bəsləyirlər? Biz isə Şah İsmayılı aşağılamağa çalışırıq ki, o nə üçün Sultan Səlimlə döyüşüb? Bəzi ağzıgöyçəklər utanmadan efirdən deyirlər ki, guya Çaldıranda Şah İsmayıl iki arvadını Sultan Səlimə peşkəş edib. Məlumdur ki, Şah İsmayılın 3 arvadı olub, onlardan biri Çaldıranda yaralanıb və bir gündən sonra həlak olub, o biri arvadı isə yaralı-yaralı əsir düşür, sonrakı aqibəti məlum deyil. Şah İsmayılın ordusunda qadınlar da kişi paltarı geyərək ərləri ilə çiyin-çiyinə vuruşurdular. Çaldıran döyüşündən əvvəl Şah İsmayıl öz arvad-uşağını yox, ətrafındakı elm və qələm adamlarını gizlədir, onlan məhv olmaqdan qoruyur. Bu addımı ancaq Şah İsmayıl kimi böyük şəxsiyyətlər ata bilərlər. Dövlətin tarixi tipləri var. Orta əsrlərdə feodal dövlətlər olub, o vaxtlar millət söhbəti olmayıb. Güclü feodal dövləti zəifə qalib gəlir, özünə tabe etdirirdi. Şah İsmayıl istilaçı deyil, fateh idi. Ona görə də Karl Marks yazırdı ki, “Şah İsmayıl Xətai 14 ilə 14 ölkə fəth edib. O əsl fateh idi”. Qanuni Sultan Süleyman və II Mehmet də tarixdə fateh kimi qalıb. Dünya tarixinə nəzər salanda 30-a yaxın fatehin adına rast gəlmək olur. Şah İsmayılın adı İsgəndər, Çingizxan, Əmir Teymur, Sultan Süleyman kimi fatehlərlə yanaşı çəkilir. Fatehləri isə iki qrupa bölmək olar. Onlardan bəziləri dövlət qurub, imperiya yaradıb və öz dövlətlərinin ərazisini genişləndirib. Bəziləri isə hakimiyyətə vərəsəliklə gəlib. Şah İsmayıl birincilərdəndir. Onun qurduğu dövlət 4 milyon kvadrat kilometr ərazini əhatə edib. Dövlətin iki paytaxtı olub-qışda Bağdad, yayda Təbriz. Fatehlərin heç də hamısı döyüşdə iştirak etməyib. Şah İsmayıl bu məsələdə də nümunədir- əlində qılınc həmişə öndə gedib. Şah İsmayıl türk dilini dövlət dili elan edib, 73 əmirliyinin 72-də bütün yazışmalar türk dilində aparılıb. Bayaq adını ehtiramla çəkdiyimiz fatehlərin arasında bədii yaradıcılıqla məşğul olanlar, “Divan” müəllifləri də var. Lakin onlardan heç biri şair kimi Şah İsmayıl Xətaidən üstün ola bilməyib. Üstəlik, əsərlərini fars və ərəb dillərində yazıb yaradıblar. Şah İsmayılın tərəfdarlarının qısa müddət ərzində artmasının da səbəbləri var. Şah İsmayılın babaları Ərdəbildə böyük ehtiram sahibləri olublar. Bəzi öfkələrdə bəyənmədiyi türbələri dağıdan Əmir Teymur hətta Şah İsmayılın babalarına məxsus ocağa nəzirlər göndərib.
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, bizim tarixi şəxsiyyətlərimizi təftiş etmək, onlara qara yaxmaq meyləri zaman-zaman olub, bu gün də davam edir. Məsələn, müəyyən ideoloji basqılar üzündən Ağa Məhəmməd Şah Qacar xalqa düşmən kimi təqdim edilib. Həmin ideoloji təbliğatın təsirindən çıxa bilməyənlər indi Qacarı Azərbaycanın düşməni, qaniçən kimi göstərməkdə davam edirlər. Amma tarixdən də məlumdur ki, Qacar Azərbaycan torpaqlarını birləşdirmək istəyib, bunun üçün çalışıb. Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi və istedadlı yazıçısı Nəriman Nərimanovu da uzun illərdir ki, tənqid və təhrif etməyə çalışanlar var. Amma bu adamların heç biri Nərimanovun böyüklüyünü dərk etmir, onun ictimai fəaliyyətini, yaradıcılığını, yaşadığı dövrü dərindən bilmir. Bolşeviklərin rəhbəri Lenin çox əsərlər yazıb. Lakin onların heç də hamısı sonradan çapa məsləhət görülmədiyindən yalnız 60 cildliyi nəşr edilib. Nəşr olunmuş əsərlərində silahdaşlarımın hamısı haqqında tənqidi fikirlər var. Yalnız iki şəxsdən başqa. Onlardan da biri məhz Nəriman Nərimanovdur. İkincisi isə “Parvus” ləqəbli maliyyəçi Qelfanddır. Məhz Qelfand Lenini inandırır ki, sosialist inqilabı bir ölkədə də baş verə bilər. Buna görə 1915-ci ildə Lenin məqalələrinin birində bu tezisdən istifadə edir və bu inqilabın Rusiyada baş verəcəyini yazır. Məgər Nərimanov olmasaydı Azərbaycanda sovet hakimiyyəti qurulmayacaqdı? Nəriman Nərimanovun Azərbaycan üçün gördüyü işlərdən çox danışmaq olar. Mən yalnız iki faktla kifayətlənmək istəyirəm. 1921-ci ilin dekabrında Bolşeviklər Partiyası Zaqafqaziya Bürosunun yığıncağında Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar çıxarılır. 7 büro üzvündən 4-ü məsələnin lehinə, 3-ü isə əleyhinə səs verir. Təsəvvür edin, cəmi bir gün sonra həmin tərkib yenidən yığışır və Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılması haqqında qərar çıxarır. 4 nəfər bu qərarın lehinə səs verir, 3 nəfər isə qərarın əleyhinə olur. Əvvəlki iclasdan fərqli olaraq, bu dəfə bir nəfər səsini-mövqeyini dəyişir. Bu da kim olsa, yaxşıdır? – Stalin. Stalinə bu məsələdə Lenin təsir edir. O zaman Leninə kim təsir edə bilərdi? – Yalnız Nəriman Nərimanov. İkinci bir faktı da nəzərinizə çatdırım. Bolşeviklər 1917-ci ilin oktyabrında bakimiyyətə gələndən sonra Rusiyada bütün partiyaların fəaliyyəti qadağan olundu, yalnız sol-eserlərlə koalisiya yaradıldı. Cəmi 8 aydan sonra bu müttəfiqliyə də son qoyuldu, birpartiyalı sistemə keçid baş verdi. Digər respublikalarda da sovet hakimiyyəti qalib gələndə dərhal bütün partiyaların fəaliyyətinə qadağa qoyuldu. Ermənistanda “Daşnakstyun”, Gürcüstanda menşeviklərin partiyası dərhal qapadıldı. Amma fikir verin, sol Müsavat Partiyası Azərbaycanda 1923-cü ilə kimi fəaliyyət göstərdi. Buna isə yalnız Nəriman Nərimanovun köməyi ilə nail olmaq mümkün idi. Məmməd Əmin Rəsulzadə haqqında əsası olmayan çox sözlər danışdılar, gözdən salmağa çalışdılar. Amma elə bir dövr gəldi ki, bu böyük şəxsiyyətin gördüyü işləri etiraf etdilər. Məmməd Əmin Milli Şuraya rəhbərlik edəndə bu qurumda təmsil olunanların hamısı ondan imkan baxımdan güclü idi. Əksəriyyəti xaricdə təhsil almışdı, öz dədə-baba torpaqları, əraziləri var idi. Lakin onların hamısı Rəsulzadənin rəhbərliyi aftında fəaliyyət göstərməyə razılıq verdi. Onun qurduğu Cümhuriyyət bütün Şərqdə birinci oldu, demokratik parlament yaratdı, qadınlara səsvermə hüququ tanıdı.
Bu gün Üzeyir Hacıbəyli kimi nəhəng bəstəkarı da təftiş edənlərə rast gəlmək olur. Şərqdə operanı yaradanda cəmi 21 yaşı var idi. Azərbaycanın iki Dövlət Himni olub, hər ikisini Üzeyir bəy yazıb. Başa düşə bilmirəm, Azərbaycan musiqisini Üzeyir bəysiz təsəvvür etmək olarmı? Axundzadənin yaradıcılığını tam bilməyən birisi Mirzə Fətəlini ittiham edir ki, guya Jan Batist Molyerdən köçürüb. Həmin adamların nə Molyerin, nə də Axundzadənin əsərlərindən xəbəri yoxdur. Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin ünvanına hədyan danışan, heç bir elmi əsası olmayan fikirlər səsləndirənlərinə nə ad verəsən? Belələrinin məqsədi-məramı nədir? Həyatda nöqsansız adam olmur. Lakin millətini, xalqını sevən adam tarixi şəxsiyyətlərini də sevə-sevə yad etməlidir. Bu məsələdə qardaş Türkiyənin tarixçi alimlərinə qibtə edirəm. Osmanlı İmperiyasi ən uzun ömürlü imperiyalardan sayılır (1299-1923). Qanuni Sultan Süleymandan sonra Osmanlıların yüksəlişi dayandı, təxminən 30 il durğunluq dövrü başladı. İmperiyanın faktiki zəifləməsi XIII türk sultanı III Mehmet (s.d. 1595-1603) dövründən başladı. Sultan III Mehmet həm də qəddarlığı ilə fərqlənir. Belə ki, o, hakimiyyətə keçən gün 19 qardaşını boğdurmaqla öldürtdürmüşdür. Türk tarixçiləri bu məsələdən adətən sükutla keçirlər. Danışanda da imperiyanın yaşaması üçün bu qəti addımı atdığını deyirlər. Mən tarixi şəxsiyyətlərin ilahiləşdirilməsinin əleyhinəyəm. Lakin onların gördüyü işlər qiymətləndirilməyəndə, faktlar qəsdən təhrif ediləndə biganə qala bilmirəm. Yenə deyirəm: biz tarixi şəxsiyyətlərimizə obyektiv qiymət verməyi bacarmalıyıq! Necə deyərlər, keçmişə güllə atsaq, gələcək bizi topa tutacaq. Ələmdar Məmmədov Hüquqşünas