Çaldıran savaşı — Türk-İslam dünyasının məğlubiyyəti, Qərb diplomatiyasının qələbəsi
1514-cü ildə Osmanlı Sultanı 1-ci Səlim Çaldıran düzündə Səfəvi ordusunu məğlub edərək dövlətin paytaxtı Təbrizi tutdu. Osmanlı Çaldıran qələbəsi ilə Səfəvi dövlətinə ağır zərbə vurdu. Cənub-şərqi Anadolu və Gürcüstan osmanlıların əlinə keçdi. Şah İsmayılın Ağqoyunlu ərazilərini və baba yurdu Diyarbəkiri ələ keçirmək planı iflasa uğradı. Əslində Çaldıran düzündə uduzan təkcə Səfəvi dövləti yox, bütün Türk və İslam dünyası idi. İki qardaş dövlətin müharibəsi əvvəlkilərdən fərqli idi. Çünki bu savaş Qərb müstəmləkəçiləri Şərqdə möhkəmlənməyə can atdığı bir dövrə təsadüf edirdi. Bu səbəbdən Çaldıran döyüşü Türk-İslam dünyasının məğlubiyyəti, Qərb diplomatiyasının isə qələbəsi demək idi. Ölkə.Az tarixin gedişatına, Türk-İslam birliyinə zərbə vuran bu savaş haqda yazını oxucuları ilə bölüşür. Bu savaş dövründə Osmanlı dövləti ən qüdrətli çağını yaşayırdı. Qərb diplomatları Osmanlı gücünü Səfəviyə qarşı yönəltməklə Avropanın Osmanlı imperiyası tərəfindən işğalını ləngitmiş, bu işğalların genişlənməsinin qarşısını almışdı. Osmanlı Sultanı Qanuni Süleyman 13 hərbi səfərə çıxmışdı və 3 səfər sırf Səfəvilərə qarşı idi. Bu üç səfərin müddəti digər 10 səfərin müddətindən çox idi. Eyni zamanda Səfəvi-Osmanlı müharibələri iki qüdrətli türk imperiyasını zəiflətdi və Qərbin Şərqə dair işğalçılıq siyasətinə geniş zəmin yaratdı. Səfəvilərin yaranması Ağqoyunlu dövləti süqut etdikdən sonra qızılbaş tayfalarının lideri İsmayıl türk tayfalarını ətrafında birləşdirərək yeni dövlətin təməlini qoydu. Qısa müddət ərzində Azərbaycan ərazisi, Asiyanın bir hissəsi, Xorasan, İraq kimi ərazilər də yeni və qüdrətli imperiyanın tərkibinə qatıldı. Səfəvi imperiyasının genişlənməsi və güclənməsi Osmanlı imperiyasını narahat etməyə başladı. Sultan Səlim Yavuz atasını zəhərləyib, qardaşlarını boğduraraq hakimiyyətə yiyələndikdən sonra bu düşmənçilik daha da genişlənməyə başladı. Düşmənçilik səbəbləri və ilk qisas İsmayıl baba yurdu Diyarbəkiri və Anadolu bəyliklərini, yəni Osmanlıya tabe olmaq istəməyən, Səfəvilərə isti münasibət bəsləyən bəylikləri də imperiyanın ərazisinə qatmaq barədə düşünürdü. 1507-ci ildə Şah İsmayıl Bozqurdun rəhbərlik etdiyi bir Anadolu bəyliyinə yəni Dulqədiroğullarına hücum etdi. Arada qız alıb-vermək məsələsində bir inciklik bu savaşa səbəb oldu. Döyüş zamanı Bozqurd qaçsa da, oğlu və iki nəvəsi qətlə yetirilir. Osmanlı sarayı bu məsələyə reaksiya verməsə də, Dulqədiroğlu Bozqurd hələ sancaq bəyi olan Səlim Yavuzun babası idi. Qətlə yetirilənlər isə onun dayısı və iki oğlu idi. Səlim bu müharibədən sonra qisas almaq üçün Azərbaycana qədər irəlilədi və gətirdiyi əsirləri Trabzona apardı. Bu məsələdən sonra Sultan 2-ci Bəyazid Şah İsmayıla qarşı Anadoluya əsgər yığdı. Səfəvi şahı isə öz növbəsində Sultana məktub yazaraq Diyarbəkirə çəkildi.
Osmanlı dövləti Şah İsmayılın bu hərəkətinə reaksiya vermədi. Bu da Şah İsmayılın Anadoluda nüfuzunu artırdı. II Bəyazidin oğlu şahzadə Səlim (Yavuz Sultan Səlim) ana tərəfdən Bozqurdla qohum idi. Belə ki, Bozqurd onun babası idi. Dayısının və iki oğlunun qətlinə dözməyən şahzadə Səlim Azərbaycana qədər gedərək Səfəvi dövlətindən aldığı əsirləri Trabzona gətirdi və intiqamını aldı. Atasının hələ sağ olmasına baxmayaraq şahzadə Səlimin bu hərəkəti böyük marağa səbəb oldu. Bu hadisədən sonra II Bəyazid Orta Anadoluda Şah İsmayılın hər hansı bir hərəkətinə qarşı əsgər topladı. Sultanın bu hərəkətindən sonra Şah İsmayıl Anadolunun içərilərinə girməkdən çəkindi. II Bəyazidə "Şanlı böyük babam" deyə xitab elədiyi məktubu yazaraq 1508-ci ilin əvvəlindən Diyarbəkirə çəkildi. İsmayıla qarşı Anadolu sevgisi, Şahqulu üsyanı Sultan Səlim hakimiyyətə gəldikdən sonra bu düşmənçilik dərinləşməyə başlayır. Osmanlı sultanı Səfəvilərə qarşı böyük yürüşə hazırlaşır və ordu yığmağa başlayır. Anadoluda İsmayıla qarşı simpatiya böyük idi. Bunun da dərin səbəbləri var idi. Bu səbəblərdən biri də vaxtilə Ankara savaşında (1402-ci il Əmir Teymur İldırım Bəyazidi məğlub edərək əsir alır. Bu savaşdan sonra Osmanlı dövləti sarsıldı və 13 illik boşluq dövrü başladı. Dövlət əyanlar tərəfindən idarə edildi-red) əsir alınan minlərlə anadolu sakininin İsmayılın babası Şeyx Səfi tərəfindən Əmir Teymurdan alınaraq azad edilməsi idi. İsmayıl Anadolunun şiə xalqından istifadə edərək öz tərəfinə çəkmiş və böyük tərəfdar toplamışdı. Səlim bu məsələdən xəbərdar idi. Bu səbəbdən 1513-cü ildə bir gecədə 40 min Anadolu qızılbaşını edam etdirir. Bu qanlı gecə tarixə Şahqulu üsyanı kimi düşüb.
Çaldıran savaşı 1514-cü ilin avqust ayında böyük Osmanlı ordusu yürüşə başladı. Bəzi mənbələr Osmanlı ordusunda 200 min, bəzi mənbələr isə 100 min əsgər olduğunu qeyd edir. Dəqiq bilinən odur ki, Osmanlı ordusunda 300 top, süvari dəstələri, yeniçəri ordusu və Balkan dövlətlərindən yığılmış dəstələr var idi. Avqust ayının 23-ü Maku yaxınlığında yerləşən Çaldıran düzündə iki türk qoşunu üz-üzə dayandı. Səfər zamanı Osmanlı ordusunda yeniçərilər iki dəfə savaşmamaq üçün üsyan etsələr də, üsyan amansızlıqla yatırılır. Yeniçəri adətinə görə, əsgərlər silahlarını ayaqqabılarına söykəyib dayanırdılar. Bu isə, “savaşmaq istəmirik” mənasını verirdi. Səlim üsyanı qəddarcasına yatızdırdı və yoluna davam etdi. Səfəvi ordusunda isə 40 min əsgərin olduğu deyilir. Ordunun əsas gücü süvari dəstələri sayılırdı.
Tərəflərin strateji vəziyyəti Qızılbaş ordusunun vuruşma ərəfəsindəki hərbi hazırlıq vəziyyəti belə idi: mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və Şərəfəddin Əlinin başçılığı altında qızılbaşların dəstəsi yerləşirdi; sağ cinaha Durmuş xan Şamlı, sol cinaha isə Diyarbəkir hakimi Məhəmməd xan Ustaclı başçılıq edirdi. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu, Təbriz hakimi Məntəşə Sultan, Fars hakimi Xəlil Sultan Zülqədər, Hüseyn bəy Lələ, Xüləfa bəy (Xadim bəy), Pirə bəy Çavuşlu və Sultanəli Mirzə Əfşar cinahlarda mövqe tutdular. Sarı Pirə (qorçubaşı) və Yusif bəy Varsaq öndə duran hissəyə (çərxçiyan) təyin olundular. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda mövqe tutmuşdu. Osmanlı ordusunun döyüş qüvvələri Avropa nümunəsi üzrə qurulmuşdu. Sağ cinaha Anadolu bəylərbəyi Sinan paşa, sol cinaha isə Rumeli bəylərbəyi Həsən paşa başçılıq edirdilər. Mərkəzdə artilleriyaya – 300-ə yaxın top yerləşdirilmişdi. Düşmənin topları görə bilməməsi üçün onların qarşısında xüsusi hissələr (əzablar) saxlanırdı. Artilleriyanın arxasında piyada nişançılar – yeniçərilər dururdular. İş heyvanlarını – dəvələri və qatırları bir-birinə zəncirlərlə bərkidilmiş arabalarla birlikdə yeniçərilərin qarşısında və ətraflarında yerləşdirmişdilər. Bu, müdhiş qızılbaş süvarisinin yolunda maneə olmalı idi. Elə həmin məqsədlə də topların sıraları zəncirlərlə bağlanmışdı. Sultan Səlim özünün şəxsi hərbi dəstəsi ilə yeniçəri qüvvələrinin arxasında mövqe tutmuşdu. Osmanlı ordusunun arxa hissəsində vəzifəsi düşmənin arxadan vura biləcəyi zərbəni dəf etməkdən ibarət olan Şadi bəy durmuşdu.
Savaş başladı Çaldıran vuruşması 1514-cü il avqustun 23-də səhər, qızılbaş ön süvari dəstəsinin – Sarı Pirə Ustaclının başçılıq etdiyi qorçulərin şiddətli hücumu ilə başlandı. Türklər ağır itkilərə məruz qalsalar da, Osmanlıların ön dəstəsi Səfəvi süvarisinin hücumunu dəf edə bildi. Salnaməçilərin məlumatlarına görə, bu döyüşdə I Şah İsmayıl və qızılbaş döyüşçüləri xeyli hünər və qəhrəmanlıq nümunələri göstərdilər.
Bir qılınc zərbəsi ilə iki yerə bölünən Osmanlı pəhləvanı Malqoçoğlu Osmanlı tarixində əvəzolunmaz qəhramanlarından biri idi. Avropada onun adı bütün saraylarda qorxu ilə çəkilirdi. Osmanlı ordusunun da qəhrəman saydıqları Malqoçoğlu bir döyüş ruhu idi. Malqoçoğlu Zirehlənib Şahla görüşə getməzdən öncə Səlimin önündə diz çökür və döyüşdə qalib gələcəyini deyir və ordunun içərisindən keçəndə bütün hər kəs qılncın göyə qaldırıb onu alqışlayır. Sultan Səlim 1200 yeniçərinin (xüsusi mühafizə) arasında, çadrının yanında böyük bir top qoydurub və uca bir taxtdan döyüşü izləməyə başlayır. Şah Babamızla üz-üzə gələndə Malqoçoğlundan Şahımız soruşur: - Səlim haradadır, niyə mənimlə qarşılaşmaqdan çəkinir? Malquçoğlu cavab verməyib hücuma atılır, Şah Babamız onun zərbə endirməsinə imkan yaradır və öz qalxanı ilə Malqoçoğlunun qılınc zərbəsinin qarşısını alır və sərt bir zərbə ilə onun boynuna vurur. Malqoçoğlu qılıncı müdafiə məqsədilə qarşıya verməsinə baxmayaraq Şahımızın qılıncı onu ikiyə bölür və Malqoçoğlunun başı yerə düşür. Bu zaman hər iki orduda ƏHSƏH səsləri gəlir. Sultan Səlim dərhal ayağa qalxır və qəzəblə 500 nəfər atlının mərkəzə hücuma keçərək Şahı öldürməsini əmr edir. Lakin Şahımız bir az da Səlimə tərəf atını sürərək qılıncını göydə oynadır və geri çəkilir. Ardınca düşən 500 atlı isə Səfəvi qızılbaşları tərəfindən geri qaytarılır. Bu hadisənin şahidi olan və Səlimin sarayında olan şairlərdən biri belə təsvir edir: Çaldıran döyüşündə
Tərəflərin itkiləri Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran vuruşmasında hər iki tərəfdən 5 min nəfər döyüşçü həlak olmuşdur. Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə türk olduğu göstərilir. Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana bilmərik. Məsələn, Şərəfxan Bitlisi yalnız qızılbaşların itkisinin 5 min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır. Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən artıq şişirdirlər. Onlardan bəziləri türklərin 30-40 min nəfər, qızılbaşların isə bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı Pirə Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı itirdilər. Osmanlı sərkərdələrindən Həsən paşa, Malqoçoğlu, Üveys bəy, Süleyman bəy həlak oldular. Məğlubiyyətin səbəbləri Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini zamanın müasirləri müxtəlif səbəblərlə izah edirlər. Burada əvvəlki qələbələrdən arxayın düşən və tərslik edərək öz sərkərdələrinin ağıllı kəlamlarını eşitməyən Şah İsmayılın cəngavər xasiyyətini, şahın gecə həmləsi fikrindən daşındırmış Durmuş xanın özünə güvənərək keflənib lovğalanmasını və s. göstərmək olar. Bəzi tarixçilər isə Şahın savaşa elə də ciddi yanaşmadığını, qələbəyə 100 faizlik inamının olduğunu, savaş zamanı ovla məşğul olduğunu və savaşa biraz gec qatıldığını bildirir. Bəzi tarixçilər isə, Səfəvi ordusunda 7 top olduğunu, amma Osmanlı kəşfiyyatçıları tərəfindən gecə ilə topçuların qətlə yetirildiyini, bu səbəbdən də Səfəvi ordusunun savaşda odlu silahdan istifadə edə bilmədiyini qeyd edirlər. Bu baxımdan Sultan Səlimlə türklərin əsir aldığı Şah İsmayılın oxşarı – Sultanəli Mirzə Əfşar arasında olmuş söhbət maraqlıdır. Sultan Şah İsmayıldan soruşur: “Məgər sən bilmirdin ki, mən iki yüz min döyüşkən kişi, artilleriya və yeniçərilərlə gəlmişəm, sən niyə belə miskin qüvvələrlə mənimlə döyüşə girib, öz adamlarını ölümə məhkum etdin, özün isə əsir düşdün”. Cavab belə oldu: “Mən bilirdim ki, sənin böyük ordun var, lakin bilmirdim ki, sən toplardan düzəldilən istehkama atılıb bununla da özünü bu dünyada da, o dünyada da rüsvay edəcəksən...” Şah İsmayıl yalnız canlı qüvvə baxımından deyil, texniki təchizat cəhətdən, silahlanma cəhətdən Sultan Səlimdən geri qalırdı. Səfəvilərdə artilleriya demək olar ki, tamamilə yox idi. Səfəvilərin əsas qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bundan əlavə, Osmanlı ordusu hərbi nizamın və döyüşün aparılması taktikasında Avropa sistemini də mənimsəmişdi. Deməli, İsmayılın məğlubiyyətini şəxsi səbəblərlə deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan təşkili və silahlanması, onun odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə əlaqələndirmək lazımdır.
Məğlubiyyətin vurduğu zərbə Çaldıran Səfəvilər dövlətinin hərbi – siyasi nüfuzuna ciddi zərbə endirdi və son nəticədə onun Kürdüstanda geniş əraziləri itirməsinə gətirib çıxardı. Kürd tayfaları və əyanları o vaxta qədər I Şah İsmayılın və onun canaşinlərinin hakimiyyətini qismən tanısalar da, Çaldırandan sonra kömək üçün I Sultan Səlimə müraciət edərək, açıq–aşkar qızılbaş hakimlərinə qarşı çıxış etməyə başladılar. Kürdüstanın əsarət altına alınmasına yönəldilmiş Osmanlı ilhaqçı siyasətinin sadiq nümayəndəsi və yayıcısı İdris həkim Bidlisi kürd tayfalarının sultanın tərəfinə keçməsində çox böyük rol oynadı. Kürdlərin siyasi təmayülünün dəyişməsindənonların Osmanlı türkləri ilə ümumi olan sünnilik ideologiyası heç də az rol oynamadı. Savaşdan sonra baş verənlər Hicri 920-ci ilin (1514-1515) qışını Amasyada keçirən Səlim İstanbul istiqamətində hərəkət etdi. O, yolüstü Kəmaxı tutdu. Ərzincanın qızılbaş hakimi Nurəli Xəlifə Rumlu Trabzonun Osmanlı hakimi Bıyıklı Məhəmmədin (farsdilli mənbələr onu Mustafa paşa Bığlı Çavuş adlandırırlar-red) qoşunları ilə döyüşdə məğlubiyyətə uğradı və həlak oldu. Ərzincan isə türklər tərəfindən tutuldu. Çaldıran vuruşmasından sonra Diyarbəkir əhalisi Sultan Səlimə itaətini bildirdiyinə görə I Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı (Çaldıran yaxınlığında həlak olmuş Məhəmməd xan Ustaclının qardaşı-red) ora göndərdi. Lakin qızılbaşlar qiyamçıların müqavimətini heç cür qıra bilmədilər. Mühasirə bir ildən artıq çəkdi. İdris Bidlisinin başçılığı altında kürd dəstələri ilə möhkəmləndirilmiş Bıyıklı Məhəmməd paşanın qoşunlarının yaxınlaşması Qara xanı məcbur etdi ki, mühasirədən əl çəksin və Mardinə geri çəkilsin. 1516-cı ilin əvvəlində Mardinin cənubunda Koçhisarın yaxınlığında tərəflər arasında baş verən qəti döyüş Osmanlı türklərinin xeyrinə qurtardı. Qara xan öldürüldü, qızılbaş qoşunu darmadağın edildi. Nəticədə, şimalda Harputdan və Bidlisdən başlayan, cənubda isə Rəqqə və Mosula qədər uzanan geniş ərazi Osmanlı türklərinin əlinə keçdi. Səlim Təbrizə daxil olsa da, çox qısa müddətə, yəni 5-6 günə şəhəri tərk etməyə məcbur oldu. Çünki Sultana kəşfiyyatçılar İsmayılın yeni ordu topladığını və tezliklə Təbrizə hücum edəcəyi xəbərini gətirmişdilər. Eyni zamanda orduda, əsasən də sufi-dərviş ordeni bektaşiliyə itaət edən yeniçərilər arasında narazılıq artmağa başlamışdı. Təbrizdən geri çəkilən Osmanlı sultanı bir neçə min sənətkar ailəsini özü ilə apardı. Savaşdan sonra Anadolu Osmanlının tərkibinə qatıldı. Səfəvilərin paytaxtı Təbrizdən Qəzvinə köçürüldü. Yuxarıda da qeyd edildiyi kimi, Osmanlı dövləti ilə Səfəvi imperiyası arasında baş verən savaşlar və Çaldıran məğlubiyyəti əslində Türk və İslam dünyasının məğlubiyyəti və Qərb diplomatiyasının qələbəsi idi...
Vuruşmanın ən böhranlı anında top mərmiləri İsmayılın döyüşçülərinin sıralarını seyrəltdiyi bir vaxtda Fars hakimi Xəlil Sultan Zülqədər özbaşına döyüş meydanını tərk etdi və öz dəstəsi ilə birgə qaçdı. Lakin şah düşmənin məhvedici atəşi qarşısında geri çəkilmədi və döyüşçülərini topların üzərinə hücuma apardı. O, qılıncı ilə bir – birinə zəncirlənmiş topların arasından özünə yol açdı, lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu. Bu zaman Şah İsmayılın atı müvazinətini itirdi və üzərindəki döyüşçü ilə birlikdə yerə sərildi. Türk əsgərləri İsmayıla tərəf atıldılar. Lakin şahın həyatı üçün bu çətin anda o, şaha "zahirən və geyimi" ilə çox oxşayan Sultanəli Mirzə Əfşar tərəfindən xilas edildi. O, “mənəm şah” – deyə qışqıraraq irəli qaçdı və düşmənin əsgərlərini də öz arxasınca apara bildi. Bu zaman özünü yetirən Xızır ağa Ustaclı adlı bir qızılbaş İsmayıla başqa bir at gətirdi. Şah həmin atın üzərində döyüşə atıldı.
Şah bir qılınc vurdu ki
Kəllədən endi ata
Malqoçoğlu atdan düşdü
Şah anda geriyə qaçdı
Beş yüz əlli tüfəngçi
Şahın ardına düşdü