06.09.2014- İki günlük həyat hekayəsi -Ramilə Qardaşxanqızı -
Fəqət, biz insanlar canımızdan, qanımızdan olmayanların acısına sadəcə seyrici qalırıq, səssiz kədərlərinə kənardan baxıb susmaqdan başqa heç nə etmirik. Bəlkə də, etmək istəmirik. Ən uzağı, qeybət…
Acını duymaq üçün isə, acı çəkənin sənin canından bir parça olması gərək deyil. İnsan olmaq lazımdır, insan…
Gözümüzün önündə əcəli-mayallağa tuş gələn insanlar gedir dünyadan, ilk göz qırpımında peşiman olan körpələr ana qoxusu duymadan vida marşını oxuyur. Saysız insan doğulur, siyahıya alınıb vətəndaşlığa qəbul edilir. Sonra, hesabsız canlar kiminsə əlində cansız cəsədə çevrilib gömülür qara torpağa. Bizə cənnət kimi təsvir edilən bu “gözəl” bom-boz dünyanın iki üzlülüyünü yalnız kimsəsizlər, gücsüz insanlar, haqqa sığınanlar görür. Ayağı büdrəyəndə, başına “daş düşəndə” irəli durub halını soruşan belə tapılmır.
Düşünürsən:-İlahi, yaşamağın, yaratmağın, bu ölkəyə, insanlara xidmət etməyin mənası nədir, mükafatını kim verməlidir, ya da kim verəcək? İnsan doğulanda, adı məclis qab-qacağı kimi siyahıya alınıb vətəndaşlıq qovluğunq atılandan sonra bu dövlət öz öhtəliyini niyə unudur? Adını xalq qoyduğu, ancaq qara mal kimi hasara alınmış paytaxtda, uçulub dağılan kənd-kəsəkdə sürünən bədbəxt əhalini kimə etibar edib? Qara qızıldan axan boru-boru milyonlar yedirtdiyi yekəqarın məmurlaramı? Ay-hay…
Bəs görəsən bizim canımızı acıdan, yeni doğulan körpələri yerdən öncə udan, anaları yarımcan, gözüyaşlı qoyan bu insafsızların nə vaxtsa canı yanıbmı? Hansısa əhlikefin, harınlamış, mənfəət, maaddiyyat, pul-para düşkünlərinin badına gedibmi gül kimi balaları? Pak, təmiz, gül qoxulu, dünyanın dadını, ana qoxusunu tanımayan mələk kimi övladlarını qucaqlarına almadan üzü soyuq torpağa tapşırıblarmı? Daha doğrusu, görəsən onların da acılarına səbəb olan, əyinlərinə ağ xalat, əllərinə rezin əlcək geyinən canilər adlarını həkim qoyub qürrələnərək gözlərinin önündə “diplomlu qatil” kimi yaşamağa davam edibmi? Yəni, özləri kimi…
Hansını deyim, hansının üstündən ehmalca keçim, bilmirəm. Yəqin başlarına gəlməyib, ona görə də “başmaqçı” deyillər. Nə olar ki, bircə dəfə özümüzü itgisi olan insanların yerinə qoyaq, acılarını duyaq, insanlığı hiss edək. Bacardığımız işin qulpundan yapışaq, bacarmadığımıza yox deyək. Dünya malına aldanmayaq, qanı pulnan silməyək, vicdanımızla yaşayaq. Həkim deyiləm, məmur deyiləm, bəzən heç bu dünyanın insanı da olmuram amma özümü sizin yerinizə qoydum. Ay “həkimlər” ona görədə ümümi yazdım, "özümüzü" dedim ki, "özünüzü" görə biləsiz. Axı dənizin dadını bilmək üçün onu tam içmək lazım deyil. Bilirəm, günahkarın günahdan uzaqlaşması çətin məsələdir, amma mümkündür.
Doğulmağa hazır körpə, insan...
Ürəyim ilk dəfə döyünməyə başlayanda anam məni, mən də anamın varlığını hiss etdim. Anam üçün xoşbəxtlik bətni, mənim üçün isə, səfasını yaşamadığım işıqlı dünya boyda idi. Hələ kimliyim anama məlum deyildi, sadəcə balam deyib bağrına basmaq istəyirdi. Mən də bu sevgini hiss edib dünyaya daha tez gəlmək, anama sarılıb qoxusunu duymaq istəyirdim. “Hər şey öz qaydasındaydı”. Anamın bətninə toxunan, dərisində gəzişən həkim əllərini, “uzi” şüasını duyurdum. "Hər şey yaxşıdır, körpəniz tam sağlamdır" cümlələrini açıqca eşidir, və sevinirdim. Mən dünyaya tam sağlam gələcəkdim. Anam üçün sağlam övlad, atam üçün fəxr edəcəyi oğul olacaqdım. Allaha dua etməyi öyrənmişdim, taleyimi atamın taleyi kimi istəyirdim. Vətənə xidmət etmək, zabit olmağı diləyirdim, amma...
Dünyaya üç gün tez gəldim. Tələsməyimə səbəb "qeysəriyyə əməliyyatı" idi. Böyüklər hər şeyi düz edər deyib sevindim, amma düz olmadı. Dünya mənim üçün sadəcə "iki günlük həyat" ilə faniləşdi. Bilsə idim anamın bətninə ilk düşdüyüm zaman yaşadığım qorxunu unutmazdım. Elə bilirdim anam yenə o qəribə masanın üstünə çıxacaq, ayaqlarını uzadıb "mən bu uşağı istəmirəm" deyəcək. Mən də anamın bətnindən dünyaya parça-parça, kəsilmiş əllərim, ayaqlarım, didilmiş üz-gözümlə gələcəm. Ancaq anam məni sevdi, düz səkkiz ay, iyirmi yeddi gün yolumu gözlədi. Sonda üzümü belə görmədi, mən onun qoxusunu duymadım. İndi atamın peşmançılığına, anamın acı çəkməyinə göylərdən baxıram. Atam vətənə xidmət edib məni anama, anam da hər şeyin yaxşı olacağıa inanıb özünü atamın xidmət etdiyi bu dövlətin yetişdirdiyi həkimlərə etibar etdiyinə görə çox peşiman olub. İki günlük ömür yaşadım, elə şeylər gördüm ki, bir də mənim gəlişimə Allah izin verməsin. İstəmirəm, bu dünyaya daha gəlmərəm. Gəlməyəcəm də...
P.S.
Anam deyir sən dünyaya gələndə mənə bir sitəm elədin ki, elə bil gəlişinə etiraz edirdin, dünyaya gəlmək istəmirdin. Ağrına düz üç gün dözməli oldum, üç gecəlik zülüm çəkdim. Üçüncü günün sonunda atam növbəti dəfə təcili yardım çağırıb, bu dəfə də maşının qarşısını arvadı hamilə Əvəz dayı kəsib ki, onsuzda Səriyyənin uşağı dünyaya gəlmək istəmir, gəlin mənim Saçlımı yoxlayın, əziz-təvərrik uşağımın hal əhvalını soruşun, görün necədir? Mənim atam da hərbiçi olub, Əvəz isə, baytar…
Beləliklə, bu dünyanın qəribəlikləri, qaniçən insanları elə dünyaya gəldiyim ilk gündən özünü göstərmişdi. Böyüdükcə çox etirazlar elədim, həddindən artıq qanunsuzluqlar gördüm, insanların tapdandığı və tapdadığı anların şahidi oldum. Yaşadıqca ölüm ucuzlaşdı, adiləşdi. Adiləşdikcə də yaşamağın mənası itməyə başladı. "Bu ömrü yaşayıram, Yaradanın xatirinə" şeiri dilimin əzbəri oldu. Bir sözlə, indi yaşadıqca yox, hər “ölüb-dirildikcə” qərara gəlirəm:-Bu dünyaya bir daha gəlməyəcəm. İstəmirəm də…