“Əvvəllər muğam ifaçıları toyda istədiyi məbləği ala bilməzdi. İndi artıq muğamın təbliği bu problemi aradan qaldırıb”
Azərbaycanlı tenor, opera ifaçısı, Xalq artisti Samir Cəfərovla maraqlı söhbətimiz alındı. Xalq artisti "Şərq”ə Amerika səfərindən söhbət etdi.
- Amerikadan yenicə qayıtmısız?
- Bəli, Amerikaya qastrol səfərinə getmişdim. Dövlətlərarası mədəni əlaqələr istiqamətində bir səfər idi. Heydər Əliyevin 94 illik yubileyi ilə bağlı Amerikada tədbir təşkil edilmişdi. Mən də iştirak etdim. Bilirsiniz ki, Amerikada, xüsusilə Los-Anceles ştatında erməni lobbisi güclüdü, ermənilərin daha çox məskunlaşdığı yerdi. Ona görə də mərasimi məhz o ştatda təşkil etmişdik. Eyni zamanda "Əli və Nino”nun təqdimat mərasimi oldu. Səfər zamanı amerikalı fotoqrafın Bakı haqqında çəkdiyi şəkillərdən ibarət sərginin də açılışında iştirak etdik. Bilirsiz, ermənilər Amerikada güclü lobbi yaradıblar. Ona görə də Azərbaycanı məhz orda təbliğ etmək vacib məsələdi.
- Amerikadan Azərbaycan bu gün necə görünür?
- Amerikadan Azərbaycan on il əvvəl görsənmirdi. Bu gün artıq tam görünür. Azərbaycan "Oil” ölkə olaraq tanınır. Yəni neft ölkəsi olaraq tanınır. Elə görünür. Məsələ ondadır ki, Azərbaycan musiqisi əvvəllər fars, İran musiqisi kimi Amerikada təqdim olunurdu. Ona görə muğamlarımızı da fars musiqisi kimi tanıyırdılar. Klassik musiqi də sovet musiqisi idi. Özümüzə aid adı Azərbaycan olan musiqilər təbliğ edilmirdi. Bu gün Avropada Azərbaycanı tanıyırlar. Artıq muğam musiqisi ilə maraqlananlar onun Azərbaycan milli musiqisi olduğunu öyrənmiş olublar. Biz imkan qədər Avropada, qərb ölkələrində, Azərbaycan musiqisini təbliğ etməliyik.
- Bizə son müsahibəndə bir giley dilə gətirmişdin. Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına səni demək olar dəvət etmədiklərini, o sahədə qruplaşmanın olduğunu eyham vurmuşdun. Vəziyyət dəyişibmi?
- Artıq problem qalmayıb. Keçən dəfəki festivalın açılışını mən etmişəm.
- Azərbaycan səhnəsində klassik musiqilərə tələbat da çox deyil, qazanc da yoxdu.
- Bilirsiz, klassika Azərbaycana gəlmə bir musiqi janrıdı. Nə muğam, nə xalq, nə də aşıq musiqisi qədər populyar deyil. Bizdə sadəcə olaraq müəyyən bir qrup insanlar klassik musiqini sevə bilərlər. Praktika da onu göstərdi ki, klassik ifaçılar Azər Rzazadə, Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva kimi klassik ifaçılar, vokalistlər əvvəl burda təhsil alsalar da, sonra təhsillərini Avropada davam etdirməli oldular. Ancaq ordan bura qayıtmadılar. Çünki o sənətlə burda dolanmaq çətindi. O sənət burda dolanmaq üçün gəlirli janr sayılmır.
- Samir necə, dolana bilirmi?
- Samir həm səhnədədi, həm toylarda, korporativ tədbirlərdədi. Pedaqoq kimi də çalışır deyə birtəhər o vəziyyyətdən çıxır.
- Eyni vaxtda həm ciddi klassik musiqi ilə məşğul olmaq, həm də toy və korporativ tədbirlərdə iştirak etmək çətin deyil? Əslində fərqli məkanlardı...
- Təbii ki, çətindi. Opera ifaçısı üçün, klassik musiqi təqdim edən sənətçi üçün təbii ki, çox çətindi. Çünki toy bu məkanlardan fərqlidir. Amma getməsəm də, dolana bilmərəm. Toyxanada toyxana musiqisi oxuyursan, səhnəyə çıxırsan, vokal musiqilər ifa edirsən. Bu çox çətindi. Mən elə musiqiçi də deyiləm ki, səhnədə oxuduğumu toyxanada da oxuyum. Problem burdadı.
- Əvvəllər klassik ifaçıları toylara demək olar dəvət etmirdilər.
- Mən bir fərqli siyasət işlətmiş oldum. Klassik musiqilərdən ibarət toy repertuarı düzəltdim ki, onları toylarımızda da ifa etmək olar. Misal üçün, "Əsən yellər” mahnısını ifa edirəm. Mən onsuz da efirə gedəndə klassikadan, Üzeyir bəydən mütləq bir musiqi oxuyuram. Ondan sonra "Əsən yellər” oxuyuram. Əvvəllər muğam ifaçıları toyda istədiyi məbləği ala bilməzdi. İndi artıq muğamın təbliği bu problemi aradan qaldırıb. Amma bir məsələ də ondadır ki, bu gün toyda Nəzakət Teymurova da, Aygün Bayramova da ifa etsin, Xatirə İslam da. İnanın, daha çox Xatirə İslama maraq olacaq. Mən Xatirənin səsi barədə bir söz demirəm. Sadəcə Xatirə daha populyardı deyə ona olan maraq daha çoxdu. Şükür Allaha, əsas odu bu gün özümüzü dolandıra bilirik. Bizdə əsas populyar, gündəmdə olmaqdı. Bizdə əsas odu tanınmış ol, qalmaqal et, bir az şəxsiyyətini itir, bir az əqidəndən uzaq ol, dərhal tanınmış olarsan. Mən adamlar tanıyıram ki, onlar "Maşın-Şou”dan populyar oldular, sənətləri ilə deyil. O veriliş onları tanıtdı, çünki qalmaqal etdilər, ikiüzlü olmağı bacardılar deyə gündəmə gəldilər. İndi bizim kimi sənətçiləri tanımaq istəmirlər. Mən Moskvada böyük bir tədbirə dəvət almışdım. Rusiya tərəfi dəvət etmişdi. Orda bir xanım mənə yaxınlaşdı ki, salam, necəsiz? Sevindim ki, nə yaxşı belə bir mötəbər rus tədbirində azərbaycanlı da iştirak edir. Qadın mənə yaxınlaşanda dedi ki, sizə bir sualım olacaq. Dedim buyurun. Soruşdu ki, Namiq Aygündən ayrılıb? Belə baxdım ki, mən bu qadına nə deyim? Bilirsiz, dəhşətlisi nə idi? Mənim Rusiya tərəfindən dəvət olunduğum tədbir Rusiyanın çox mötəbər bir mərasimlərindən biri idi. Ora dünyaca məşhur Lara Fabianı və məni dəvət ediblər. Mən ulduz deyiləm, amma Lara Fabian dünyanın iki ulduzundan biridi. Mən də o tədbirdə Azərbaycanı təmsil edirəm. Medvedyevin təşkil etdiyi o mərasimdə 2000 qonaq iştirak edirdi. Dedim ay xanım, siz verdiyiniz sualdan utanırsız? Bu nə sualdı verirsiz. Axı yerində olan sual deyil. Sualı düzgün ünvanlamadız? Yəni belə halların şahidi olanda əfsuslanırsan. Bu yaxınlarda bir mötəbər toy mərasiminə çağırıblar. Necə deyim, çox aristokrat bir məclisdi, mədəni insanlar. Mən də klassik musiqilər ifa edirəm. Mənə bir cütlük yaxınlaşdı. Geyimləri, yanaşmaları çox kübar. Dedi Samir müəllim, zdrastvuyte! Rus dilində salam verdi. Nə desə yaxşıdı? Samir müəllim, "göy dondakı qız” mahnısını oxuya bilərsiz? Dedim yəqin italyan mahnısıdı, mən bilmirəm, mahnının adının tərcümə edərək deyirlər. Musiqiçilərdən soruşdum ki, o mahnı hansı musiqidi. Dedilər, Samir müəllim, ara mahnısıdı. Utanmırlar, görün kimdən hansı musiqini istəyirlər. Bilirsiz, klassik musiqilərə efirlərdə daha çox zaman ayırmaq lazımdı. Əslində həqiqətən səhnədə keyfiyyətli, ciddi musiqiləri eşitmək çətinləşib. Zövqlər korlanır, müasir gənclik bayağılığa maraq göstərir. Bu, xoş təəssürat yaratmır.