Dünyaya yeni təhlükə: Ərzaq tapılmayacaq- Alimlər XƏBƏRDARLIQ EDİR

Elmi araşdırmalara görə, qlobal istiləşmə və kənd təsərrüfatında həddindən artıq dərman istifadəsi yalnız vəhşi təbiəti deyil, insanların ərzaq ehtiyatlarını da yox edəcək.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə, kartof, qəhvə və kakao 2055-ci ilə qədər yox ola bilər.

Qlobal istiləşmənin yalnız hava şərtlərində deyil, kənd təsərrüfatı məhsullarından qida mənbələrinə qədər bir çox sahədə mənfi təsirinin olduğu fərqli araşdırmalarla aşkar edilib. İndi də elm adamları apardıqları yeni bir tədqiqatda dünyanın ərzaq ehtiyatlarının məhv olma təhlükəsi qarşısında olduğu xəbərdarlığını təkrarlayıb və yeni nəticələr ortaya çıxarıb.

Bioloji müxtəliflik mövzusunda tədqiqatlar aparan "Bioversity İnternational" adlı ekspertlər qrupu tərəfindən yayımlanan məlumatda insanların əsas qida mənbələrinin də təhlükə altında olduğu bildirilir. Alimlər bu vəziyyəti "6-cı kütləvi nəsil tükənişi" adlandırır.

Araşdırmaya görə, 940 bitki və heyvan növü məhv olma təhlükəsi altındadır.

Dünya əhalisinin əsas qida ehtiyatlarının üçdə ikisinin 12 məhsul və 5 heyvan növünə bağlı olduğuna diqqət çəkilən tədqiqatda bunun da dünya ərzaq təminatını iqlim dəyişikliyi kimi böyük dəyişkənliyə qarşı zəiflətdiyi qeyd olunur. Araşdırmaya görə, qəhvə, kakao və taxıl istehsalının getdikcə çətinləşəcəyi və hətta, bunların istehsalının qeyri-mümkün hala gələcəyi vurğulanır. 

Yabanı şəraitdə kartof növlərinin 22 faizinin 2055-ci ildə yox olacağı ehtimal edilir. Qana və Fil Dişi Sahili kimi dünyanın kakao ehtiyacının 70 faizini təmin edən ölkələrdə iqlim dəyişikliyi səbəbilə 40 il sonra, ümumiyyətlə kakao ağacı qalmaya bilər.

"Bioversity International" araşdırma qrupunun rəhbəri Ann Tutuiler "Bitki, heyvanlar, vəhşi həyatla birlikdə təhlükəyə məruz qala bilərlər. Buna heç diqqət edilmir",- deyə bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatında yetişdirilən bitki və heyvan növlərinin qorunub saxlanmayacağı təqdirdə ərzaq istehsalı artan dünya əhalisinə çatmaya bilər.






Fikirlər