Bu il meyvə qıt olacaq..
"AzerTaym.az" xəbər verir ki,bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
V.Məhərrəmovun sözlərinə görə, bəzi bitkilərin çiçəklənmə prosesi gecikir: “Qərb bölgəsindən məhsul gözləmirik. Digər bölgələrdə də məhsul istehsalı azalacaq. Çünki hava dəyişkənliyi və digər səbəblərdən tozlanma-mayalanma prosesi normal getmədi, hətta ağaclar da zərər çəkdi”.
Ekspert dedi ki, rəsmi mənbələr bu ilin birinci rübündə kənd təsərrüfatında 3 faizdən çox artım olduğunu bildirirlər. Halbuki araşdırmalar əksini sübut edir. 2015-ci ilin ilk 3 ayı keçən ilin müvafiq dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı 19,94 faiz artıb, idxal isə azalıb: “Bu göstəricilərdə idxal məhsulları sırasında yer alan əsasən strateji əhəmiyyət kəsb edən ərzaq malları və kənd təsərrüfatı məhsullarıdır. Belə ki, keçən ilin analoji dövrünə nisbətən çörək və çörək məhsulları istehsalı üçün nəzərdə tutulan buğda idxalı 68,97, ət idxalı 10,12 faiz, həmçinin əsasən kəsim üçün gətirilən diri heyvanların idxalı 56,97, süd məhsulları 12,66, süd 6,20, kərə yağı 48,43, meyvələr 456,14, meyvə-tərəvəz- 194,07, müxtəlif ərzaq məhsulları idxalı isə 28,11faiz artıb. Bu rəqəmlər ölkənin kənd təsərrüfatında vəziyyətin böhran həddə olduğunu göstərir”.
V.Məhərrəmov onu da qeyd etdi ki, artıq bütün dünyada qlobal iqlim dəyişikliklərinə görə tədbirlər görülür. Məsələn, Avropa ölkələri qlobal iqlim dəyişkənliyinə uyğun bitki sortları yetişdirirlər. Azərbaycan da belə sortlar yetişdirməlidir: “Bu işləri təbiətin ixtiyarına buraxmaq olmaz. Fermerlər, əkinçilər çox çalışsalar da aqrotexniki qaydalarına əməl edə bilmirlər. Nəticədə məhsuldarlıq azalır. Buna görə də fermerlər, əkinçilər məlumatlandırmalı, onlara elmi əsaslarla bilgilər verilməlidir. Əks halda görülən işlər nəticə verməyəcək”.