Dəfn edilməyə hazırlanan teatr...

Dəfn edilməyə hazırlanan teatr...Azərbaycan Dövlət Akademik Milli Teatrı son dörd ildə gerçəkdən reanimasiya çağını yaşamaq zorunda qalıb. Çünki, mədəniyyət və turizm nazirliyi və milli teatrın rəhbərliyi hələ də akademik statusun nədən ibarət olmasının fərqində deyillər.

Son dörd ildə, yəni İsrafil İsrafilovun Akademik Milli Dram Teatrına direktor təyin olunmasından sonra, burada yaradıcılıq, repertuar işi demək olar ki, dram dərnəyi səviyyəsinə enib. Durumun belə bir həddə çatması teatrın öz ağırlığı ölçüsündə problemlərin yaranması ilə bağlıdır.
Teatrın hələ də baş rejissoru yoxdur. Aktyorların və digər sahə üzrə çalışanların aylıq maaşları akademik standartlara uyğun deyildir. Bu problemin həlli demək olar ki, teatrın direktoru İsrafil İsrafilovu və mədəniyyət naziri Əbülfəs Qarayevi heç ilgiləndirmir də. Teatr tənqidçiləri isə ədəbi tənqiddən daha çox, ədəbi təriflə məşğul olduqları üçün, durum sıfr nöqtəsindədir. Unutmaq olmaz ki, mədəniyyətin durumu, onun inkişaf prosesi dövlətin başlıca siması olmaqla yanaşı, onun aynası deməkdir.


Texnokratların mədəniyyətə vurduqları sarsıdıcı zərbə

Dəfn edilməyə hazırlanan teatr...İsrafil İsrafilov Dövlət Akademik Milli Dram teatrına direktor təyin olunandan sonra, uzun müddət vərdiş etdiyi texnokratiya təfəkkürünə uyğun şəkildə bu sənət mədəbinə yanaşma tərzini də gətirmiş oldu. Keçmiş Sovetlər Birliyi dönəmində Kremlin Bakıdakı qubernatoru Viktor Polyaniçkonun nəzarətində olmaqla Mərkəzi Komitədə təlimatçı və baş məsləhətçi, Abşeron rayon icra hakimiyyətinin başçısı və oradan qovulduqdan sonra Nizami Muzeyinin, bunun ardınca Dövlət İncəsənət Muzeyinin direktoru kimi vəzifələrdə fəaliyyət göstərməklə, o, uzun müddət teatr aləmindən və yaradıcı mühitdən uzaq düşmüşdür. Ötən yüzilin 70-ci illərinin durğunluq düşüncə metodu ilə yanaşma da sübut edir ki, çağdaş teatrın inkişafı siyasəti Akademik Milli Dram Teatrının sorunlarını çözə bilməz. Bir direktor olaraq İsrafil İsrafilovun indiki dönəmdə menecer-siti düşüncə düzənindən xəbəri yoxdur. Çünki, nazir Əbülfəs Qarayev də onun kimi keçmiş Sovetlər Birliyi təfəkkürünün texnokratıdır. Texnokratları isə yaradıcı mühit deyil, məngirlədikləri vəzifənin xumarlı və telli qavramları ilgiləndirir. Azərbaycan mədəniyyəti iddia olunduğu kimi indi inkişaf çağını deyil, reanimasiya durumunu yaşamaq zorunda qalıb. Teatr və mədəniyyətin digər sahələrinə o şəxslər rəhbərlik etməlidirlər ki, onlar klassik ənənələrə söykəmli olaraq, çağdaş standartlara əməl etməyi bacarırlar. Bu gün Azərbaycan dünya dövlətləri ailəsinin üzvü kimi tanınır. İqtisadiyyatın, digər sosial sahələrin inkişafı təsdiq edir ki, bu standartlara tədricən uyğunlaşmaqdayıq. Elə sahələr var ki, hətta milli qürur mənbəyimizə çevrilib. Bütün bunları isə mədəniyyət sahəsində ifadə etməkdə aciz duruma düşmüşük. Ölkənin baş teatr məbədi Akademik Milli Dram Teatrının aqibəti elə bunun təsdiqidir.

Repertuar siyasətinin nekroloqu

Akademik Milli Dram Teatrının son dörd illik repertuarını incələdikdə milli teatrımızın tarixində ilk dəfə olaraq, şaşırdıcı və həm də üzücü proseslərin şahidi olduq. Demək olar ki, əksər tamaşaların ömrü qısa müddətlidir. Namiq Ağayev, Mikayıl Mikayılov, Kamran Şahmərdan, Firudin Məhərrəmov, Oruc İzzətoğlu, Mərahim Fərzəlibəyov kimi istedadlı və professional rejissorların hazırladıqları tamaşalar çox nadir hallarda oynanılır. Ancaq, bu sahədə istedadını təsdiq etməyən Gümrah Ömər, Rafiq Əliyev, Loğman Kərimov, İranə Tağızadə, Nicat Kazımov və başqalarının rejissor adı ilə hazırladıqları tamaşaların heç biri teatrın tarixində mədəniyyət hadisəsinə çevrilməmişdir. Buna görə də oynanılan tamaşaların çoxu elə yarandığı gündən dəfn edilmiş sayılır. Burada həyatını, sənətkar taleyini teatra həsr etmiş aktyorlar boş-boşuna illərini bada vermək zorunda qalıblar. O aktyorlar ki, öz istedadları sayəsində ən maraqlı və zəngin rolların palitrasını yaratmaqla mədəniyyətmizə böyük tövhə verə bilərlər.

Dəfn edilməyə hazırlanan teatr... Gürcüstandan dəvət edilən Levan Tsuladzeyə yerli rejissorların heç ağlına gəlməyən miqyasda qonorar ödəməklə M. Frişin “Don Juan və həndəsə” tamaşasının ömrü çox qısa oldu. Buna görə də tamaşa uğur qazana bilmədiyi üçün arxivə göndərildi. O zaman sual olunur ki, ac-yalavac qalan aktyorlara və rejissorlara layiq olduqları maaşı və qonorarı verməkdə xəsislik edən İsrafil İsrafilov nədən gürcü rejissorunu dəvət etmişdi? Viktor Hüqonun “Qadın məhəbbəti” tamaşası bir neçə dəfə oynanıldıqdan sonra nədən repertuardan çıxarılıb? Azərbaycan teatrının tarixində ilk dəfədir ki, tamaşanın rejissoru “R.R.R.” imzası ilə hazırlanıb. İndiyə kimi tamaşaçılar bu sirli rejissorun kim olduğunu, onun kodunu açmaqda aciz duruma düşmüşlər. Bəlkə İsrafil İsrafilov postmodernizmin yeni zirvəsini kəşf etdib? Beləcə M. Vişnekin “Qoca kloun tələb olunur” əsərinin uğursuz taleyi də teatrın arxivində gömülüb. Con Patrekin “Qocanı öldürməyək”, Bartold Brextin “Kuraj və uşaqları”, F. Bruknerin “Napoleon”, Y. Şvartsın “Kölgə”, Gela Dumbadzenin “Məqam” və digər tamaşalar qısa səhnə taleyini yaşamaq zorunda qalıblar. Hər bir tamaşanın hazırlanması həm də xüsusi maliyyə vəsaiti deməkdir. O zaman sual olunur ki, Akademik Milli Dram Teatrının repertuar siyasətini təkbaşına həll edən direktor taleyi qısaömürlü olan tamaşaların səviyyəsinin bunca aşağı olacağını öncədən görmürdümü? Görürdüsə nə üçün buna imkan yaradırdı? Görmürdüsə və teatr təsərrüfatından başı çıxmırsa, o kürsünü nədən məngirləyib? Səhnəyə çıxmamışdan öncə nekroloqu imzalanan tamaşaların sayəsində dövlət və teatrın büdcəsinə bunca sarsıdıcı zərbələri nə üçün vurur? Yoxsa, həyatı boyu xidmət etdiyi ideyanın baş memarı Vladimir Leninin dediyi kimi “sabotaj”mı yaratmağı hədəf seçmişdir? Uğurlu səhnə yorumu olmayan tamaşalar həm də teatrın yaradıcı heyətinə ciddi zərbə deməkdir. Beləcə direktorun bu siyasətini müdafiə edən və etməyən aktyorlar daxilən sarsılırlar. Çünki, itirən həm də sənət adamlarıdırlar.

“Oyna gülüm, oyna”

Görkəmli dramaturq Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Danışan gəlincik”, “Qaraca qız” və xalq nağılları əsasında hazırlanmış “Biri var idi, biri yox” tamaşaları Akademik Milli Dram Teatrının statusuna uyğun gəlmədiyinə baxmayaraq, direktor İ. İsrafilovun himayəsi sayəsində repertuara salınmışdır. Bununla da Abdulla Şaiq adına Dövlət Qolçaq Oyunu (Kukla) Teatrı və Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarı çağdaş futbolun dili ilə desək, Akademik Milli Dram Teatrına “transfer” edilib. Demək olar ki, son illərdə mədəniyyət nazirliyinin bu teatra qarşı apardığı məqsədyönlü siyasətin nəticəsi kimi burada baş rejissor və hətta rejissor ştatları ləğv edilib. Peşəkar rejissorlar burada sadəcə müqavilə ilə tamaşa qoymağa məcbur olublar. Ona görə də, “oyna gülüm, oyna” prinsipi nazirliyin və teatrın direktorunun ana hədəfinə çevrilib.
Mərhum teatr tənqidçisi və estetiki İslam İbrahimov hər zaman deyərdi: “Bir teatrda ki, durğunluq başladı, deməli o teatrın taleyi həm də mədəniyyətin ədəbi itkisi deməkdir. Teatrı inzibati amirlik metodu ilə idarə etmək olmaz. Amirlik sənətin ölümünə bərabərdir. Yaradıcı mühitdə rejissor, bəstəçi, rəssam və aktyor özünü daxilən və fəlsəfi baxımdan azad hiss etməlidir. Bunlar olmayanda ya “oyna gülüm, oyna”, ya da qrotesk anlamı sənəti tamamilə məhv edəcək”.

Teatrı necə canlandırmalı?

Dəfn edilməyə hazırlanan teatr...Azərbaycan teatrının peşəkar və istedadlı rejissorları olaraq Rövşən Almuradlı, Oruc İzzətoğlu, Bəhram Osmanov, Mikayıl Mikayılov, Kamran Şahmərdan, Namiq Ağayev, Firudin Məhərrəmovbaşqaları ölkənin bu məbəddə tamaşa qoymaqla yanaşı, həm də onlara tam yaradıcılıq azadlığı verilməlidir. Akademik Milli Dram Teatrında inzibati amirlik siyasətini yaratmış İ. İsrafilovun təkbaşına “Bədii Şura” düzəni dayandırılmalıdır. Hər tamaşanın müzakirəsi teatrın aparıcı aktyorları, rejissorlar və teatrşünasların birgə iştirakı ilə həyata keçirilməlidir. O zaman sənətdə canlanma yaranacaq. Hər tamaşanın məsuliyyəti məsələsi beləcə öz çözümünü tapacaq. Zəif tamaşalara da repertuarda yer olmayacaq. İndi görünən odur ki, İ. İsrafilov Akademik Milli Teatrı sanki özəlləşdirib və ona yarınan, rejissor kimi istedadı olmayanlar üçün münbit şərait yaratmaqla məşğuldur. Unutmaq olmaz ki, hər bir teatrın uğuru onun repertuar və rejissor siyasəti ilə bağlıdır.

İsrafilov dərk etməyib.

Teatrı “belles-lettres”, mifik yanaşma, səlnaməçilik, mistik fəlsəfədən uzaqlaşdırmaq üçün, öncə yaradıcı mühit üçün imkanlar olmalıdır. Beləcə Apolloncasına Faust olmağa ehtiyac qalmayacaq. İndiki teatr sənətində Evripidin İppoliti iddiasında bulunmanın yeri yoxdur. Çünki, melpomenlərin ehramı anlayışı çoxdan tarixin arxivində gömülüb. Ona görə ki, teatr bədii düşüncənin canlı ifadəsi deməkdir. “Qanın səsi”ndə “Qu quşu”nun nəğməsi heç zaman sənətin zirvəsi olmayıb. Ünlü yazar və estetik Layoş Meşterhazinin dediyi kimi: “İnsanlara odu aparan Promoteyi Qaf dağında çarmıxa çəkən Zevsə hər il onun ad günündə bayram törənləri keçirilsə də, bəşəriyyətə odu aparan Prometeyin unudulmuş taleyi ən böyük faciədir. İndi o müdhiş zaman tarixin dərin qatlarında qalsa da, feodal xisləti hələ də bu anlamı yaşatmağa çalışır”. Fikrimizcə, müəllif çox haqlı və ironik yanaşma tərzi ilə günümüzün gerçəkliyini ifadə etmişdir.

Dəfn edilməyə hazırlanan teatr... Mədəniyyət nazirliyi və Akademik Milli Dram Teatr ciddi şəkildə incələmələrini hələ də aparmayıb ki, Azərbaycan mədəniyyəti XXI yüzilə necə gəlib çatdı? Bundan sonra teatr strategiyamız hansı yolla inkişaf etməlidir? Teatrımız, onun baş məbədi Akademik Milli Dram Teatrının inkişaf yolları nədən ibarətdir?

Bu suallara biz inanırıq ki, kimsə cavab verməyəcək. Dəfn edilməyə hazırlanan teatrın taleyi isə heç kimi ilgiləndirmir. Taleyini, bütün bilik və təcrübəsini sənətə qurban vermiş rejissorlara, aktyorlara, bəstəçilərə, rəssamlara insanın ürəyi ağrıyır. Çünki, onlar bürokratiya və keçmişdən miras qalmış formalizmin, meşşanlığın qurbanlarına çevriliblər. Onu da qeyd etməyi vacib bilirik ki, bu sətirlərin müəllifinin kimsə ilə qərəzliyi yoxdur. Hansısa bir qruplaşmanın da üzvü deyil. İrəli sürdüyümüz problemlər kimsənin sifarişi deyil. Azərbaycan və Türk Dünyasının mədəni düzəni ilə bağlı illərdir araşdırmaçı kimi çalışmalarımızın sonucu olaraq bunları söyləmək vətəndaş haqqımızdır.



Ənvər BÖRÜSOY, sənətşünas






Fikirlər