ORUC – MƏDƏ’NİN AC QALMASI DEYİL!

Oruc tutmaq -dedikdə, ağlımıza gələn ilk şey nədir?

“Səhərdən axşama qədər yemək və içməkdən uzaq olmaq, ac qalmaq” – elə deyilmi? Əgər belə düşünürüksə, o zaman oruc haqqında bütün bildiklərimizi sıfırlayaraq, yenidən öyrənməyə başlayaq..

Oruc – bir neçə hissədən ibarətdir: mədənin ac qalması, gözlərin haram olan şeylərə baxmaqdan çəkinməsi, qulaqların haram olan şeyləri (qeybət, söyüş və s.) dinləməkdən uzaq durması, dil’in haram olan sözlərdən (təhqir, yalan, qeybət, söz gəzdirmək və s.) uzaq durması, əlin, ayaqların – yəni, bütün bədən üzvlərinin, mədə kimi oruc tutması.. Peyğəmbərimiz bu haqda belə demişdir:

“Kim yalan danışmağı və bu yalanı ilə əməl etməyi tərk etməzsə onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.” (Buxari, 1903)

Biz, ‘oruc’ deyərkən, əsas olaraq mədənin boş qalmasını nəzərdə tutsaq və buna önəm versək də, müdriklər belə düşünməzdilər. Bizdən öncə yaşamış xeyirli/müdrik insanlar, oruc’un – ‘mədənin ac qalması’ hissəsini hətta önəmli hesab etməz və deyərdilər:

“Oruc’un ən asanı – yemək və içməyi tərk etməkdir. Ən çətini isə – dili, gözü və qulaqları haramlardan qorumaqdır”.

u məntiqi, böyük İslam alimi Beydavi bu cür izah etmişdir:

 

“Orucun əmr olunmasındakı məqsəd – ac və susuz qalmağın özü deyildir, əksinə şəhvətləri sındırmaq, pislikləri əmr edən nəfsi xatircəm olan nəfsə tabe etdirməkdir. Əgər bu hasil olmazsa, Allah ona qəbul etmə nəzəri ilə baxmaz..” (Fəthul-Bari, 5/235)

 Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“Orucluq təkcə yemək və içməkdə olmur. Orucluq həm də boş-boş danışmaqda və söyüş söyməkdə vardır” (Beyhəqi və Hakim rəvayət etmişdir).

Anlamış oluruq ki, oruc yalnız yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq durmaqla olmur. Orucun hikməti daha genişdir. Oruc yalnız qarına və övrət yerinə nəzarət etməklə də tamamlanmır, oruc həmçinin ağıza və bədənin digər üzvlərinə riayət etməklə tamamlanır. Oruc olarkən insan yalnız gözəl söz danışılmalı, ya da sakit durmalıdır.

Əgər bunlara riayət olunmazsa, Peyğəmbərimizin aşağıdakı sözlərindən qurtulmuş olmayacağıq:

“O qədər oruc tutan vardır ki, orucundan ona qalan aclıqdan başqa bir şey deyildir, neçə (gecə namazı üçün) ayaqda duran vardır ki, duruşundan ona yuxusuzluqdan başqa bir şey qalmır.” (Nəsai, 2/239)

Uca Allah, bizləri oruc’un mahiyyətini ən gözəl şəkildə anlayaraq, buna əməl edən bəndələrindən etsin!

Hazırladı: Ayxan Yaquboğlu (İslamevi.az)

 

 

 

 

 

 

 

 

 

 

 

 






Fikirlər