"İndi sevinirəm ki, ATAM MƏNİ POLİS OLMAĞA QOYMADI"- BƏHRAM BAĞIRZADƏ
Atam DİN-in polkovniki idi. Nazirliyin siyasi şöbəsinin rəis müavini idi. Yəni nüfuzlu zabit idi. Xidməti maşını var idi. O bizi bir dəfə də olsun xidməti maşını ilə məktəbə göndərmədi. Bu, bizim evdə qəti qadağan idi. Xidməti maşın xidmət sahəsinindir və işə görə ayrılıb, şəxsi deyil. Yəni olmaz, birmənalı. Ona görə də heç zaman xahiş də etməzdik ki, bizi maşınınla məktəbə apar. AzerTaym.az xəbər verir ki, bu sözləri Şən və Hazırcavablar Klubunun "Bakılı oğlanlar" komandasının ən sevilən simalarından biri Bəhram Bağırzadə muallim.edu.az sayıtına müsahibəsində bildirib. O deyib ki, atasının polis polkovniki olmasına baxmayaraq cəmi bir dəfə və bir məsələdə ona ağız açıb: "Getdim yanına ki, ata, mənim bir az da xarakterimə uyğundur, istəyirəm polis məktəbinə gedim. Mənə çox ağır bir söz dedi, sonra da əlavə elədi ki, olmaz. İndi sevinirəm ki, qoymadı. Onda görə bilmirdim, amma o görmüşdü, məndən peşəkar polis ola bilməzdi. Bir gün də getdim dedim rejissor olmaq istəyirəm. Dedi get və ol, amma nə olursan ol, peşəkar ol, bacarıqsız olma. Heç zaman da işini yarımçıq qoyma. Onun bir sözü var idi, deyirdi evə pişik də alanda yaraşıqlı, sanballısını al, çirkinini alma".