Əbülfəs Qarayevin yerinə iddialı olan direktor kimdir? — Xalq artistindən ilginc sözlər
Hər birində irili-xırdalı problemlər var" fikri birmənalı qarşılanmayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun ardınca, "Azdrama"nın tanınmış aktyoru, xalq artisti Nurəddin Mehdixanlı da sözügedən açıqlamaya münasibət bildirib.
Sənətkar Ölkə.Az-a açıqlamasında deyib ki, direktorun fikri ilə razı deyil:
"Akademik Milli Dram Teatrının direktoru, hörmətli İsrafil İsrafilovdan xahiş edərdim ki, müsahibələrində təhqirlərə yol verməsin. Hər bir insan azad fikrini söyləyirsə, onun dediklərini cəfəng, yalan, həqiqətdən uzaq kimi epitetlər yapışdırmasın. Ölkə.Az saytında Akademik Milli Dram Teatrının direktoru, cənab İsrafil İsrafilovun son vaxtlar baş verən hadisələr və aktyorlarımızın bu hadisələrə münasibəti barədə söylədiyi fikirlərlə tanış oldum. Doğrusu, belə bir yazını oxumaq çox ağır idi. Guya deyilənlər doğru deyil, "Azdrama"da hər şey qaydasındadır, nəzarət altındadır. Deyir ki, bu gün təhqir etdiyi, söydüyü, aşağıladığı, yaxud aşağılatdığı adamlarla qardaş kimi oturub üz-üzə söhbət edə bilər. Bunu ancaq İsrafil İsrafilov bacarar, şəxsən mən bacarmaram. İsrafilov belə söyləyir ki, Azərbaycanda bütün teatr mühiti bu gündədir. Ölkədə fəaliyyət göstərən 27 teatrın hamısı bərbad gündədir, bu vəziyyətdədir. Başa düşmədim, İsrafilov nə demək istəyir? Mədəniyyət və Turizm Nazirliyi vəziyyətə nəzarət edə bilmir? Buradan belə anlaşılır ki, teatr aləmində vəziyyət çox pisdir. İddiaları çox böyükdür. Bəlkə nazir olmaq fikrindədir. Yolu açıq olsun. İri addımlarla irəliləyir. Amma şəxsən mən onun fikri ilə razı deyiləm".
Nurəddin Mehdixanlı hesab edir ki, İsrafil İsrafilov teatrın uzun illər dostluq edən aktyorlarını bir-biri ilə düşmən edib:
"Musiqili Teatrın aktyorlarının və rəhbərliyinin fəaliyyəti göz qarşısındadır. Mövsüm sonunda 14 nominasiya üzrə aktyorlarına, rejissorlarına pul mükafatı verdi, diplomlarla təltif etdi, gözəl bağlanış mərasimi etdilər. Gənc Tamaşaçılar Teatrında ilə yekun vuraraq, 17 nominasiya üzrə mükafatlar verdi. Aktyorlarını, rejissorlarını, işçilərini mükafatlandırdılar, gözəl tədbir hazırladılar. Lənkəran, Gəncə, Sumqayıt teatrlarındakı vəziyyətdən də xəbərim var. Çalışırlar, işləyirlər. Normal da tamaşalar oynayırlar. Amma bizdə uzun illərin dostlarını direktor bir-birinə düşmən elədi. 30-40 il çiyin-çiyinə bir yolu getmiş insanları bir biri ilə danışmaz elədi. Amma gedib başqa teatrların kollektivində oluram, çalışıram. Yaxşı mənada onlara paxıllığım tutur. Gənc Tamaşaçılar Teatrında bir tamaşada oynayıram. Doğrudan onlara, kollektivdəki mehribançılığa, iş şəraitinə paxıllığım tutur. Bunu kim yaradır orda? Teatrın rəhbərləri-direktor və baş rejissor. Aktyorlar işlərini görürlər. Demirəm ki, hər yerdə hər şey idealdır. Amma İsrafilovun dediyi kimi deyil. Azərbaycanda bərbad gündə olan bir teatr var, o da Akademik Milli Dram Teatrıdır. Repertuarı bərbaddır, yüksək səviyyəli tamaşaların sayı azdır, kollektiv içərisində xoşagəlməz atmosfer hökm sürür. İndi qara kürkü başqalarının da üstünə atmaq istəyir ki, hamımız bu gündəyik? Mən elə fikirləşmirəm. Opera və Balet Teatrında gözəl kollektiv var, rəhbərliyi işləyir, nə səsləri çıxır, nə soraqları. Hər halda belə bir atmosfer olsaydı, yəqin ki, səsləri çıxardı. Mən "Azdrama"nın adının hər dəqiqə, hər gün orda-burda belə şeylərlə hallanmasına maraqlı deyiləm. Amma məcbur edirlər. Belə çıxır ki, bizim məcbur edirlər danışın, kiminsə üstünə gedin".
Nurəddin Mehdixanlının fikrincə, İsrafilovun açıqlamaları vəziyyəti daha da gərginləşdirir:
"Susuruq, deyirlər ki, danışmağa sözləri yoxdur, qorxaqdırlar. Danışırsan, deyirlər ki, filankəs danışdı, heç nəyi bəyənmir, o yaşlıdı, bunun yaddaşı korlanıb, bunların hamısını qovmaq lazımdır. Məcbur oluruq dillənək və deyək:Sizin o sözləri söyləməyə heç bir haqqınız yoxdur. Cənab İsrafilov, mən sənin ortalığa atdığın fikirlərə, söylədiyin sözlərə etiraz edirəm, dediklərini qəbul etmirəm. Biz "Azdrama"nın problemlərindən danışırıq və başqa teatrları bura qarışdırmaqla vəziyyətin düzələcəyinə ümid edirsinizsə, səhv düşünürsünüz. Bu vəziyyəti daha da gərginləşdirəcək. Bilmək istəyirəm məqsədiniz nədir? Biz aktyoruq, istəyirik ki, normal mühitdə tamaşalar oynayaq, peşəkar rejissorlarla işləyək, tamaşçılarımız gəlsin. Cəmiyyətdə olan əvvəlki nüfuzumuzu özümüzə qaytarmaq istəyirik. "Azdrama"nın fəhləsinin, aktyorunun, aktrisasının, texniki işçilərinin, bir sözlə hamımızın istəyimiz budur, başqa istəyimiz yoxdur. İnanıram ki, məsələ hörmətli nazir Əbülfəs Qarayevin nəzarətindədir və baş verənlərə layiqli qiymət veriləcək".
İntiqam VALEHOĞLU (Ölkə.Az)