Fikrət Qocadan ETİRAZ: “Evdən bu saat QAÇMALIYAM?!”

Bu il Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının keçiriləcəyi gözlənilir. Növbəti qurultayın yaxınlaşması AYB-yə sədrlik məsələsini də yenidən gündəmə gətirib. Bu dəfə gənc yazıçılardan, şairlərdən də AYB-yə sədrlik üçün namizədlər var. Şair Emil Rasimoğlu XIII qurultayda AYB sədrliyinə namizədliyini irəli sürəcəyini elan edib:

 “Mən bundan öncəki açıqlamalarımda da AYB-nin XIII qurultayında namizəd olacağımı vurğulamışam, yeri gəlmişkən indi də vurğulayıram. Mən namizədliyə də, sədrliyə də iddialıyam. Bu öz yerində. Yaxşı, indi mən namizəd olduğum halda məni güllələyəcəklərmi ya ümumən belə bir hüququm yoxdumu? Yoxsa namizəd olmaq Anar müəllimə düşmən olmaqdı? Mən fikirlərimin sonunda yenə xüsusən ədəbi gəncliyin növbəti qurultayda namizəd kimi çoxluq təşkil etməsinin tərəfdarıyam. Bu baxımdan da həmkarlarımı sağlam mübarizəyə və özünə inama çağırıram. Buna isə ümid edirəm”.

 Gənc şairin bu açıqlamasından sonra mediada AYB üzvlərinin fərqli fikirləri yer aldı. Kimisi yenidən xalq şairi Anara səs verəcəyini, kimisi isə gənclərin sədrliyə namizəd ola bilməyəcəyini qeyd etdi.

AYB-yə sədrlik mövzusu ətrafında yaranan bu polemikalara Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca da qoşulub. O, Modern.az-a açıqlamasında bildirib ki, gənclərin bu proseslərdə aktivləşməsi çox yaxşı situasiyadır:

 “Həyatda da görürük ki, gənclər həmişə atalarına oxşamaq istəyirlər. Amma gənclər, yeniyetmələr eynilə həyatda olduğu kimi, həmin mərama çatmalıdırlar. Bir uşağın atasına çatması üçün gərək əvvəl saçı, saqqalı, bığı çıxsın ki, o yerə qalxa bilsin. Zaman hər şeyi inkişaf etdirir. Yeni doğulan körpə əvvəl ayaq açır, yeriyir, sonra dişləri çıxır, sonra danışır, sonra isə  yeniyetmə yaşına qalxır, saqqalı çıxır. Daha təcrübələnmiş, inkişaf etmiş gənclərə çevrilirlər. Bu həyatdır, bu yolu keçmək lazımdır. Görmək götürmək, həyatı tanımaq vacibdir. Sən zənginləşirsən, sonra bildiklərini başqasına ötürürsən. Qoca varsa cavan da var. Bu, ilk növbədə bizə böyük təsəllidir ki, cavanlarımız, yolumuzu davam etdirənlər var. Halbuki cavanlar da anlamalıdırlar ki, bir nəfər sədr olacaq, hamısı yox. Yenə deyirəm, sədr tək bir nəfər olur. Bu zaman isə digər gənclər narazı qalacaqlar,  sədr seçilənin üstünə düşəcəklər.  Gənclərin səbri o qədər yetişməyib, bir nəfər sədr olsun, qalanları gözləsinlər ki, mən də sonra olaram. Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki?

 Qoca Anarın “alternativi yoxdur” fikirlərinə də münasibət bildirib. O qeyd edib ki, alternativ həmişə var və olacaq:

Hamı sədr ola bilər. Mən özüm də də, əlbəttə, Anara səs verəcəm. Anar gedəndə mən ondan bir saat da qabaq gedəcəm. Çünki mən yaşça Anardan böyüyəm. Bu vəzifədə əbədi, ölümsüz deyilik. Bu işdir, özü də ağır işdir. Amma adama baba deyirlərsə, adam babalıqdan çıxmalı deyil ki? Mənə bütün uşaqlar baba deyir, nəvəm, nəticəm var. Zamanı gələndə gedərəm. Amma AYB bizim evimizdir. Evdən bu saat qaçmalıyam?






Fikirlər