"Tamaşaçılara nəyə baxmalarını, yaxud nəyə baxmalı olmadıqlarını göstərmək nə dərəcədə doğrudur?"

ANS PRESS-in məlumatına görə bunu Dövlət Mükafatları Laureatları, Respublikanın Xalq artistləri Fidan və Xuraman Qasımovalar bildiriblər. 

"Edam olmaz əfv! ANS kanalı ilə bağlı yaranmış vəziyyətdə bu atalar sözü lap yerinə düşür. Sual, vergülü harada qoymaqdan ibarətdir. 

ANS telekanalının bir sıra verilişlərinə qadağa qoyulması xəbərini eşidəndə son dəcərə heyrətləndik və həyəcanlandıq. Bunu yolverilməz hesab edirik. 

ANS təkcə öz vətənində deyil, elə ölkəmizin hüdudlarından kənarda da kifayət qədər məşhur və özünü təsdiq etmiş bir kanaldır. Milyonlarla tamaşaçılar artıq kanalın sevimli verilişlərinə,eləcə də “Salam Azərbaycan”a baxmaq imkanından məhrum olublar. Tamaşaçılara nəyə baxmalarını, yaxud nəyə baxmalı olmadıqlarını göstərmək nə dərəcədə doğrudur? 



Biz özümüz də müxtəlif sabun tipli serialların, xalqın mənəvi zənginləşməsi qarşılığında mədəniyyətin inkişafı və ümumilikdə millətin mentalitetinə ziddiyyət təşkil edən aşağı səviyyəli keyfiyyətə malik verilişlərin həvəskarı deyilik. Lakin etiraf etmək lazımdır ki, təəssüf ki belə verilişlər hələ də var və yeri gəlmişkən digər kanallarda həddindən ziyadə çoxdur. Buradan sual doğur, digər kanallarda boş, bəsit, iyrənclik doğuran verilişlərə niyə qadağa qoyulmur? 

Həmçinin cənab Məhərrəmli və Şuranın üzvlərindən soruşmaq istəyirik, nəyə görə efirdən təhqir, küçə söyüşləri, əlbəyaxaya qədər gedib çıxan situasiyaları nümayiş etdirən verilişlərə, bir çox aparıcılar- ümumiyyətlə veriliş aparmaq və tamaşaçı qarşısına çıxmaq səlahiyyətinə malik olmayan təsadüfi adamlara qadağa qoyulmur? 

Bəlkə Siz və rəhbərlik etdiyiniz Şura bütün kanalları öz nəzarətinə götürdüyünüz səbəbindən, ölkədəki kanalların bütün verilişlərinə baxa bilmirsiniz? 

Əgər sizin şərəfinizə toxunulubsa, o zaman bizim ölkədə hüquq mühafizə orqanı var ki, onlar bu cür məsələləri həll etmək səlahiyyətinə malikdirlər. Hətta hörmətli Prezidentimiz tərəfindən səlahiyyət verilsə belə, bir insanın şəxsi ambisiyaları, milyonlarla teletamaşaçını ANS kanalında adət etdiyi verilişlərə baxmaqdan məhrum etməyə səbəb ola bilməz. 


Fidan və Xuraman Qasımovalar
Foto: milli.az


Biz artıq uzun illərddir onun şahidiyik ki, ölkəmizdə baş verən hadisələr, həmçinin dünyadakı xəbərləri ANS operativ, peşəkarcasına və vaxtında işıqlandırır. ANS-də dövlətimizin mədəniyyəti və milli dəyərləri haqqında verilişlər məzmunlu və maraqlıdır. Biz yaradıcı insanlar olaraq, cənab Məhərrəmli və onun Şurasının qərarı ilə razılaşa bilmərik. 

Biz mövcud vəziyyətdə məsələnin müdrik və düzgün həllini tapacaq Prezidentimizə inanırıq."