"Təhsil sistemimiz elədir ki, o barədə bir şey yazılmır, yazılsa da çox az yazılır..."

Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Telli Pənahqızı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının qadınlar şurasına sədr təyin olunub. O bu haqda Moderator.az-a açıqlamasında bildirib.
“Bu böyük bir vəzifə deyil, ictimai birlikdir. Qərbi Azərbaycanlıların, bir də Azərbaycan Qaçqınlar Cəmiyyətinin icmasıdır. Məndən xahiş etdilər ki, bu işə bir balaca təkan verim, kömək edim, mən də bunu edirəm. İcmanın və cəmiyyətin sədri Əziz Ələkbərlidir. Onlar da ayrı-ayrı öz icmalarını, təşkilatlarını yaradıblar, mənim də vəzifəm odur ki, seçildiyim bu ictimai vəzifədə qadınların gələcəkdə Qərbi Azərbaycana, bizim xalqımızın gedişi üçün bir bazis hazırlayaq. Bu bazis nədən ibarətdir? İndi bilirsiniz ki, gənclər, Bakıda doğulan 20-25 yaşlı uşaqların çoxu Qərbi Azərbaycan torpağından xəbərsizdirlər, harada yerləşir bilmirlər, kimlər yaşayır və s. məlumatsızdırlar. Biz yaşda insanlar orada doğulduğumuza görə o doğma torpaqlar haqda bilgilərə sahibik. Çalışırıq ki, bu məsələni bir az qabardaq. Çünki cənab prezident də deyib ki, biz İrəvana qayıdacağıq. Sülh yolu ilə, yaxud hansısa yolla. Çox güman edirəm ki, bu sülh yolu ilə olacaq. Çünki tarix təkrarlanır, 1918-ci ildə də belə bir hadisə olmuşdu, böyük bir köç olmuşdu Qərbi Azərbaycandan. Həmçinin sonrakı illərdə də. Ən böyük köç isə 1988 -ci ildə oldu, təxminən 300 minə yaxın azərbaycanlını oradan deportasiya etdilər. Deportasiya sakit köçlərə bənzəmir, evlərini əllərindən almışdılar, nə əşyaları vardırsa əllərindən alıb, onları döymüşdülər. Həmin insanların hər biri gəlib Azərbaycana sığındı. Bu adamların bir yerə yığılması, bu insanların yenidən öz torpaqlarına qayıdışının təmin olunması təşkil edəcəyik. Təbii ki, biz gedib böyük təşkilatlarla söhbətlər etməyəcəyik. Bu bizim cənab prezidentimizin işləridir. Amma biz təşkilat olaraq çox güman ki, yerdə insanları hazırlamaq kimi bir görəv həyata keçirəcəyik. Bəzi cavanların soyqrım hadisələrindən, xüsusilə də Qərbi Azərbaycanda baş verən hadisələrdən xəbəri yoxdur. Əvvəla, təhsil sistemimiz elədir ki, o barədə bir şey yazılmır, yazılsa da çox az yazılır. Biz çalışacağıq ki, keçirdiyimiz tədbirlərdə, görüşlərdə bu məsələləri bir az da qabardaq, cənab prezidentə kömək edək, Azərbaycan xalqının o bölgədə möhkəmlənməsinə bir balaca qatqımız olsun” deyə Telli Pənahqızı bildirib.
 
 






Fikirlər