“O vaxtdan bu vaxta Flora xanımla böyük hörmətdən, izzətdən başqa heç bir başqa münasibətlərimiz olmayıb və ola da bilməz. Bunu bizim ailələrimiz də bilir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artist Şeyx Əbdül Mahmudbəyov deyib. O, aralarında inciklik olmasına baxmayaraq Flora xanımı doğum günü münasibətilə təbrik edib:
“Flora xanım ilk dəfə mənim “Diplom” filmimdə 1972-ci ildə mahnı oxuyub. Mahnının sözlərini Vaqif Səmədoğlu yazıb, musiqisini Emin Sabitoğlu bəstələyib. İlk dəfə isə onu Flora xanım ifa edib. Böyük Rasim Balayev isə orda baş rola çəkilib. Bu da mənim debütüm idi. O vaxtdan bu vaxta Flora xanımla böyük hörmətdən, izzətdən başqa heç bir başqa münasibətlərimiz olmayıb və ola da bilməz. Bunu bizim ailələrimiz də bilir. Çünki mənim üçün xanım müğənni, sənətinə hörmət etdiyim şəxs olaraq həmişə belə olub. Amma o hadisəni başa düşmədim ki, Flora xanıma mənim adımdan kim yalan məlumat verdi. Bunu məndən öyrənmədən onun ünvanıma söz deməsini isə qəbul etmirəm. Flora xanımın dediyi sözə cavab verdim və bundan da nadanlar bir şou düzəltdilər. Allahın bir adı var və o da haqdır, haqqı müdafiə etmək lazımdır. Ona görə mən sındım, kövrəldim, uşaqlar da evdə təsəlli verdilər. Bununla yanaşı, çoxlu adamlar mənə zəng etdilər. Quru divara palçıq yapışmır, heç incimirəm də. Bunu təşkil edənlərin Allah cəzasını verəcək.
Flora xanım mənim üçün həmişə əziz, dogma adam olub. Heç kəs ətlə-dınrağın arasına girə bilməz. Çox şadam ki, bizim nəslin yarpaq tökümünün bir məqamında, mən özüm də səksən yaşın astanasındayam və bu gün Flora xanım kimi Azərbaycan musiqi mədəniyyətinə, ziyalılığına, cəmiyyətinə belə yaraşıq, işıq verən bir xanımın sağlam olması, səsinin, sözünün yerində olması mənim üçün böyük fəxarətdir və məni sevindirir. Bir Şeyx kimi həmişə namazımda Allahdan dualar edirəm. Arzu edirəm ki, Allah Flora xanıma nə qədər ömür veribsə, onu sağlam yaşasın. Əlli-altmış ilin dostluğuna kiminsə fətvasıyla daş atmağın mənası yoxdur. Mən onu doğum günü münasibətilə təbrik edirəm, əllərindən öpürəm, sənətinin qarşısında baş əyirəm. Şəxsiyyətim və hörmətim öz yerindədir. Lənət olsun o tarixi səhvə ki, Allah onun günahkarlarını cəzalandırsın”.
Qeyd edək ki, bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür.