Əbədi var olmaq üçün insan düşünür və yaradır. Yaratmaq, yazmaq isə ilk növbədə düşünmək, fikirləşmək deməkdir. Düşünən insanların yaratdığı möcüzələrdən biri kitabdır. Elm, ədəbiyyat, tarix və s. kitabla var olur. Eyni zamanda klassik və bəşəri biliklərə yiyələnmək üçün kitab bünövrə rolunu oynayır. Vicdanlı saflıq və mənəvi kamillik üçün kitab misilsiz dəyərə malikdir.
Hər bir elm, təfəkkür sahəsi kimi xalqın, millətin iqtisadi, siyasi, elmi-texniki və mədəni inkişaf səviyyəsinin məhsulu olan Azərbaycan kitab tarixi təbiidir ki, müəyyən inkişaf mərhələləri keçmişdir. Bu, əlbəttə, başqa cür də ola bilməzdi. Axı hər bir müəyyən, konkret dövrün kitab məhsulu o dövrün ictimai-siyasi, tarixi, elmi-texniki və mədəni şəraitinin məhsulu kimi meydana gəlir, formalaşır, inkişaf edir. Eyni zamanda kitab müxtəlif tarixi mərhələlərdə, müxtəlif quruluşlarda insanlara xidmət etmişdir. Müxtəlif quruluşlarda xalqlar, dövlətlər öz ideyalarını və məqsədlərini həyata keçirmək üçün kitabdan geniş və hərtərəfli şəkildə istifadə etmişlər.
Qədimlərdən üzübəri, ələlxüsus XIX və XX əsrlərdə təhrif olunmuş həqiqətləri üzə çıxarıb dünyaya çatdırmaq, mövcud vəziyyəti əsaslı, elmi şəkildə və dəqiq müəyyənləşdirməkdə Azərbaycan kitabı, onun tarixi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan kitab tarixi ümumtürk kitab tarixinin tərkib hissəsidir. Azərbaycan kitab tarixi əsasən oğuz türklərinin yaratdığı və inkişaf etdirdiyi kitab tarixidir. Azərbaycan ərazisində əmələ gələn, inkişaf edən, formalaşan və yayılan kitab sərvəti Azərbaycan kitab tarixinin əsasını təşkil edir. Azərbaycan kitabının dili türk mənşəli Azərbaycan dilidir. Azərbaycan dilinin meydana gəlməsi tarixindən götürsək, deməli Azərbaycan kitabının ən azı minillik varisliyi nəzərə alinsa dörd minillik tarixi var. Bu tarixin öyrənilməsi, heç şübhəsiz, böyük elmi dəyərə malikdir. Kitab tarixinin öyrənilməsi ilə türk dünyasının ən qaranlıq səhifələrinə işıq salınır. Bəşər mədəniyyətinin hər sahəsində olduğu kimi kitab tarixi sahəsində də ilk çıxış nöqtəsi Şərqdir, Azərbaycandır.
Azərbaycan kitabının tarixinə siyasətin və ehkamların gözü ilə yox, real tarixin, bar-bar bağıran faktların gözü ilə baxmağın vaxtı gəlib çatnışdır.
Əsrdən-əsrə, nəsildən-nəslə keçən kitabçılıq sənətimiz bu gün də öz təbii axarında və inkişafındadır. Azərbaycan kitabının nəşri və inkişafı ilə əlaqədar mübahisəli və ziddiyyətli mülahizələr də mövcuddur. Bunun əsas səbəbi əldə olan və istifadə edilən mənbələrdə kitab nəşri haqqında geniş və dəqiq məlumat verilməməsidir. Daha doğrusu, kitabın nəşr tarixi, yeri, miqdarı, tərcüməsi ətraflı şərh edilməmiş və bəzən də biri digərinə zidd məlumatlar verilmişdir. Ziddiyyətlərin meydana çıxmasında tədqiqatçı alimlərin də müəyyən günahı vardır. Belə ki, onlar dəqiq olmayan hər hansı bir məlumatı bir mənbədən, əsrdən sadəcə olaraq köçürmüş, onun dəqiqlyini yoxlamamış, heç şübhə altına da almamışdır!
Məsələn: yüzə qədər statistik materiallarda, monoqrafiya, elmi-tədqiqat əsərlərində, dərslik və dərs vəsaitlərində Azərbaycanda 1920-ci ildə cəmi 3 adda kitabın 63 min nüsxə ilə çapdan buraxılması bildirilir.
Lakin apardığım araşdırmalar əsasında müəyyən edilmişdir ki, 1920-ci ildə cəmi 18 adda 121 min nüsxə kitab və kitabça nəşr edilmişdir. İtkin düşən insanlar kimi, itkin düşən əsərlər də çoxdur! Elə buna görə də əsərlərin taleyi də sanki insanların taleyinə bənzəyir: onlar da yaranır, yaşayır, əldən-ələ, dildən-dilə gəzir, oxunur, mütaliə edilir, öyrənilir və s. birdən yoxa dönürlər... İllər, qərinələr keçir, zəmanə dəyişir, həmin əsərlər yada düşür. Hey axtarırsan, soraqlayırsan tapa bilmirsən! Elə bil doğman, əzizin itkin düşüb! Hey soraqlayırsan, soraqlayırsan gördüm deyən olmur... Yalnız onlar haqqındakı yazılarla, elan və xatirələrlə, güman və fərziyələrlə kifayətlənməli olursan...
Buna görə də kitab və mətbuatın statistikası dəqiq, düzgün olmalıdır. Tədqiqatçılar da faktları düzgün verməlidir.
Azərbaycan kitabının mədəni-tarixi kontekstdə yenidən və hərtərəfli araşdırılmasına nə qədər böyük ehtiyac olduğunu əsaslandırmağa fikrimizcə müasir dövrdə o qədər də zərurət duyulmasın gərək. Gün kimi aydındır ki, öz əllərimizlə saxtalaşdırılmış, böhtan atılmış, yanlış yozulmuş, yanlış yazılmış, min bir təhriflərə məruz qalmış tariximiz, mədəniyyətimiz, o cümlədən kitab tariximiz yenidən öyrənilməlidir. Azərbaycan kitabının müasir kitabşünaslıq elmi fikri səviyyəsində tədqiqi Azərbaycan kitab tarixinin mühüm problemlərindən biridir. Dövrümüzə qədər bu istiqamətdə bir sıra müvəffəqiyyətli addımlar atılmışdır. Azərbaycan kitabı sistemli şəkildə olmasa da tarixi səpkidə müəyyən qədər tədqiq edilmişdir. Lakin Azərbaycan xalqının kitab tarixi zəngin bir xəzinədir və bu xəzinənin hələ çox qatları öyrənilməmiş qalır. Dünyanın zəngin muzey və kitabxanalarında nə qədər Azərbaycan əlyazma və çap kitablarının nadir nüsxələri mövcuddur?! Onları birər-birər arayıb üzə çıxarmaq, sistemli şəkildə, eyni zamanda müstəqil tədqiqat mövzularına çevirmək şərəfli və məsuliyyətli işdir. İndiyə qədər kitab tariximiz aktual və vacib elmi problem kimi kompleks və sistemli şəkildə öyrənilməmişdir. Bunun nəticəsində Azərbaycan kitabının formalaşması, inkişafı xüsusiyyətləri, milli dəyərləri ilə əlaqədar indiyə kimi sanballı əsərlər yaranmamışdır. Məsələ bundadır ki, Azərbaycan kitab tarixinin inkişaf mərhələləri, spesifik xüsusiyyətləri, onun tərkib hissəsini təşkil edən komponentlər və amillər öyrənilmədən Azərbaycan kitabının keçmişini və müasir vəziyyətini, tipologiyasını, sahəvi quruluşunu, mövzu və məzmun istiqamətini, perspektivini doğru-dürüst tədqiq etmək qeyri-mümkündür.
Türk xalqlarının kitab tarixlərinin – istər keçmişdə, istərsə müasir dövrdə - qarşılıqlı tipoloji öyrənilməsi vaxtı da çatmışdır. Biz uzun müddət özümüzü başqa qohum xalqlardan ayrı tutmuşuq. Halbuki elmin indiki səviyyəsi, zamanın tələbi kitab tarixində tədqiqatların başqa türk xalqlarının ümumi və yaxud regional türk kitab tarixi kontekstində araşdırılmasını tələb edir.
Azərbaycan kitabının tarixi elmin, mədəniyyətin, ictimai fikrin digər sahələrinə nisbətən az öyrənilmişdir. Kitab tariximizin, kitab nəşrinin ayrı-ayrı məsələlərinə dair müəyyən elmi tədqiqat işləri yazılsa da, bir neçə adda kitab çap edilsə də çoxəsrlik kitab tariximiz, kitab mədəniyyətimiz, kitab tərtibatımız, nəşriyyatlarımızın tarixi və fəaliyyətləri haqqında əhatəli tarix kitabları, dərsliklər yaradılmamışdır. Azərbaycan kitabının Şərq və Qərb ölkələrində nəşri və yayılması ayrıca bir elmi problem kimi öyrənilməmişdir.
Azərbaycan kitab çapının öyrənilməsi tarixində bir sıra məsələlər öz həllini gözləyir. Bunlardan əvvəlcə aşağıdakıları qeyd etmək olar: Azərbaycanda kitab çapı nə vaxt olub və ilk çap kitabı hansıdır? İlk tərcümə çap kitabı nə vaxt olub və hansıdır? İlk bədii, ilk texniki, ilk kənd təsərrüfatı və s. çap kitabı nə vaxt olub və hansıdır? və s. sualların cavabını tapmaq...
Ümumiyyətlə, kitab tariximizdə problematik mövzuların işlənməsi azlıq təşkil edir, aparıcı istiqamətlər sistem halında araşdırılır. İndiyə qədər Azərbaycan kitab tarixi türk xalqlarının kitab tarixindən təcrid edilmiş şəkildə öyrənilmişdir. Bu yol verilməzdir.
Azərbaycan kitab tarixinin tədqiqində problemlərimiz olduqca çoxdur. Bu problemin vacib məsələlərinin elmi şəkildə işlənməsi Azərbaycanın kitabşünas və tarixçi alimlərini düşündürməlidir.
Kitabşünaslığımızda stereotiplərə dayanan ehkamlar ən çox kitab nəşrinin tədqiqi sahəsinə aiddir. Bizdə qəribə bir ənənə formalaşıb: ən mühüm kitabçılıq işi problemləri haqqında yazıları ən bəsit, istedadsız adamlar yazır. Kitab nəşri, kitab mədəniyyəti, nəşriyyat tarixi və s. haqqında yazılanlar sübut edir ki, bizdə kitab nəşri sahəsi üzrə təhlil mədəniyyəti inkişaf etməyib. Kitabşünaslığa dair orta əsrlərin nəzəri risalələri, tarixi əsərlər tərcümə edilməyib. Kitab tarixi üzrə də indiyə qədər layıqli tədqiqat meydana gəlməmişdir.
Salman Mümtazın (1884-1937) və digər kitabşünasların, kitabşünaslıq işinə xidmət göstərən alim və yazıçıların evindən aparılmış nadir kitablar və əlyazmaları axtarılıb tapılmalı və öyrənilməli və tədqiq edilməlidir.
Ayrı-ayrı elm sahələri üzrə, yəni sahə kitab nəşrinin geriliyinin başlıca səbəbi – ictimai və humanitar elm sahələrinə hakim kəsilən doqmatizm, elmi axtarış və hələ tədqiq olunmamış sahələri meydana çıxarmaq üçün qətiyyətsizliyin mövcud olması və sovet hakimiyyəti illərində yuxarıdan elmi-tədqiqat işlərinin təşkilinə göstərilən inzibati amirlik sisteminin təzyiqi və s. olmuşdur.
Bu dövrdə stereotiplər, qadağalar kitabçılıq işinin inkişafına böyük zərbə endirmişdir. Stalinizm dövründə Azərbaycan kitabşünaslıq fikri ümumdünya elmi fikrindən və təcrübəsindən xeyli dərəcədə təcrid olunmuş, ayrı düşmüşdür. Deməli, respublikamızda kitab mədəniyyəti, kitabçılıq işi milli kitab sahələrində görüləsi işlər hələ çoxdur. Bir-iki mütəxəssisin ümumi hazırlığını nəzərə almasaq, bu sahələr də tədqiqat aparan şəxslərin böyük əksəriyyətinin biliyi, qabiliyyəti və səriştəsi xeyli aşağıdır.
Dünya kitabşünaslığının nailiyyətlərinə, konsepsiyalarına, metodlarına, əldə etdiyi nəticələrə bələdsizlik Azərbaycan kitabçılıq işində hər gün hiss olunmaqdadır. Çap olunan kitabların keyfiyyətinin aşağı səviyyəsi, kitabın yayılmasının ağır, dözülməz vəziyyəti, kitabın bədii tərtibatı və poliqrafik icrasındakı gerilik, faktik və nəzəri istedadsızlıq buna əyani misaldır.
Bütün bu deyilənlərlə yanaşı, qeyd etməliyik ki, kitab mədəniyyəti, kitab nəşri, kitabın əhəmiyyəti, mütaliə və kitab problemi, təbliği və yayılması və s. mövzular, problemlər üzrə müəyyən iş görülmüş, elmi-kütləvi xarakterli kitab və kitabçalar hələ 1920-ci illərdə çapdan buraxılmışdır. Kitabçılıq işi, kitab tarixi və tədqiqinə həsr edilən əsərlər meydana gəlmişdir. Məsələn: Ə.Ə.Səidzadə “Kiçik türk kitabxanaları necə açılmışdır” (1921), “Kitabxana nədir və ümumən necə kitabxanalar olur” (1922) , “El kitabxanalarında kitablar necə yazılmalı və təsnif edilməlidir” (1922), S.Ağamalı oğlu “Bizim yolumuz hayanadır” (1924) “Türk aləmində mədəni məsələlər” (1924), V.Yazvitski “İnsanlar yazmayı, oxumayı və kitab basmayı nasıl öyrəndilər” (1925), L.İ.Bazileviç “Kitabdan nasıl istifadə etməli” (1926) və s. əsərlərdə kitab və kitabçılıq işinin bəzi məsələlərinin şərhinə səy göstərilmişdir. 1930-cu ildə kitab və kitabçılıq işi haqqında elmin bir sıra mühüm problemləri: kitabın istehsalı, onun poliqrafiq və bədii tərtibatı, kitabın təbliği və yayılması, kitabın sosializm qurucuğunda əhəmiyyəti və s. öyrənilmiş və bu vacib problemlərin elmi cəhətdən tədqiqinə və ümumiləşdirilməsinə təşəbbüs göstərilmişdir. Q.A.Ağasov “Kitabçı nəyi bilməlidir” (1931), Fərəcov və Kruşenko “Çap işinin texnikası” (1933), B.Məmmədov “Stereotip” (1933) və s. kitab və kitabçaların meydana gəlməsi Azərbaycanda kitab və kitabçılıq işinin inkişafına müəyyən təkan vermişdir. 1920-1930-cu illərdə Azərbaycan kitabşünaslığında sovet kitab və mətbuatının sosializm quruculuğunda rolunun artması, kitabın sosial və sinfi mahiyyətinin üzə çıxarılması, onun ideoloji funksiyası və s. problemlərinin öyrənilməsinə və tədqiq edilməsinə cəhd göstərilmişdir. 1940-1950-ci illərdə Azərbaycan təcrübi kitabşünaslığı müəyyən əhəmiyyətə malik olan bir sıra təcrübi əsərlərlə zənginləşmişdir. İ.Nəzərov “Kitabdan necə istifadə etməli” (1951), İ.Korş və B.Tolmaçev “Kitabı necə cildləməli” (1951), “Azərbaycan SSR-nin mətbuatı (1920-1956)” (1958), İ.Zamanlı “Kitabın mühafizəsi, cildlənməsi və təmiri” (1958), R.Hüseynov “Orijinal maket üzrə kitab nəşri” (1958) və s. nəşrlər də kitab və kitabçılıq işinin əsasən təcrübi məsələləri, kitab statistikası öz əksini tapmışdır.
1960-1970-ci illərdə kitab tarixinin öyrənilməsi, tədqiqi daha intensiv getmişdir. Bu dövrdə kitab tarixinin mühüm sahələri və aktual problemləri üzrə diqqətəlayiq elmi, nəzəri və təcrübi xarakterli tədqiqatlar, elmi işlər, yaradılmış və çapdan buraxılmışdır. Bu əsərlərin mövzusunu kitab nəşri işinin təşkili, ayrı-ayrı elm sahələri üzrə kitab nəşri, orta yüzilliklərdə əlyazma kitabları, onların yaranması və inkişafı xüsusiyyətləri, əlyazma kitablarının bədii tərtibatı, Azərbaycan klassik yazıçı və şairlərinin ədəbi irslərinin öyrənilməsi, nəşri və s. məsələlər əhatə edir.
Nəşriyyat işinin təşkili, nəşriyyatların yaranması və fəaliyyəti, ayrı-ayrı elm və texnika sahələri üzrə kitab nəşri və yayılması üzrə H.B.Həsənovun “İnqilabdan əvvəl Azərbaycanda kitabçılıq işi” (1965), A.Ələkbərovun “Azərbaycan kitab nəşrinin inkişaf mərhələləri” (rus dilində) (1969), B.V.Allahverdiyevin “Kitabşünaslıq” (1974); “Kitabşünaslığın əsasları” (2011), “Kitabın tipologiyası” (2017) və s. adlı çap edilmiş kitabları diqqətəlayiqdir.
Orta yüzilliklərdə əlyazma kitablarının yaranması, inkişafı xüsusiyyətləri, kitab boyakarlığı, xəttatlığı və cild sənətinin bədii-texniki materialları və terminologiyası görkəmli xəttatların və cildçilərin sənətkarlıqları, əlyazma kitablarının illüstrasiyaları, miniatür sənətinin kitabçılıq işində yeri və rolu məsələləri A.Y.Qazıyev və B.V.Allahverdiyev tərəfindən əsaslı şəkildə tədqiq edilmişdir.
Azərbaycan sovet nəşriyyatları, onların yaranması və fəaliyyəti, kitab mədəniyyətinin bir çox aspektləri, kitab nəşri məsələləri Ə.M.Mirəhmədov və H.B.Həsənovun “Sovet Azərbaycanının kitab mədəniyyəti” (1975) kitabında öz əksini tapmışdır.
Son illərdə kitab və kitabçılıq işinin bir çox aktual problemlərinin öyrənilməsinə maraq və diqqət artmışdır. Aparılan araşdırmaların mövzuları – yazı tarixinə, orta əsr kitab mədəniyyətinə, Azərbaycan müəlliflərinin xarici ölkələrdə buraxılmış əsərlərinə, klassik yazıçı və şairlərinin ədəbi irslərinin nəşri, təbliği, yayılması problemlərinə, kitabın yayılması məsələlərinə və s. aiddir. Bu mövzuların tədqiqi və öyrənilməsinin nəticəsi olaraq bir sıra qiymətli elmi-kütləvi kitablar, monoqrafiyalar çap edilmişdir.
İndiyə qədər Nizaminin əsərlərinin dünyanın müxtəlif yerlərində, ölkələrində saxlanılan əlyazmalarının öyrənilməsi sahəsində müəyyən işlər görülmüşdür. Bu mənada A.Qazıyev “Nizami, Xəmsə”si 1539-1543-cü illər əlyazmasının miniatürləri (Bakı, 1964), L.Doxudoyeva “Nizami poemaları orta əsr miniatür rəssamlığında” (Moskava, 1985), C.Qəhrəmanov və K.Allahyarov “Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” (Bakı, 1937) və s. kitabların nəşri diqqəti cəlb edir. Lakin bu kitablar Nizami əsrinin Şərq və Qərb ölkələrində saxlanılan bütün əlyazmalarını əhatə edə bilməmişdir.
Bu nəşrlərin sırasında C.Qəhrmanovun “Orta əsr Azərbaycan kitab mədəniyyəti” (1991), 1990-cı illərdə N.Axundov “Üzeyir Hacıbəyov xaricdə”, “Azərbaycan sovet ədəbiyyatı xaricdə” əsərlərinin, İ.Zəkiyevin “Əsərlərin əks sədası” (1992), N.Rzayev “Əcdadların izi ilə” (1992), A.Xəlilovun “İlk Azərbaycan kitabı” (1995), C.Cəfərov “Milli etnik yaddaşın izi ilə” (2005), B.Allahverdiyevin “Müasir mərhələdə kitab ticarətinin təşkili” (1996), “Ümumi kitab tarixi” (2003), “Kitabın tipologiyası” (2017) və s. kitabların əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.
Müasir dövrdə Azərbaycan kitab tarixinin aktual problemlərinə dair nəzəri, tarixi və təcrübi əsərlərin artması müşahidə edilir. Azərbaycan kitab tarixinin vacib elmi problemləri Azərbaycan Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı Dövlət Universitetinin “Kitabşünaslıq və nəşriyyat işi”, “Kitabxanaşünaslıq” və “Biblioqrafiyaşünaslıq” kafedraları tərəfindən işlənir və nəticəsi müxtəlif elmi əsərlər şəklində buraxılır. Bu işdə Bakı Dövlət Universitetinin “Elmi əsərləri”nin “Kitabxanaşünaslıq və biblioqrafiya” seriyasının (1970), “Kitabxanaşünaslıq və biblioqrafiya” (1997), Azərbaycan Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərləri”nin (1970), “Kitabşünaslıq və nəşriyyat işi”: elmi-nəzəri jurnal (2008-2018), “Kitabşünaslıq və redaktor sənəti”nin (2015) rolunu xüsusilə qeyd etmək lazımıdır.
Bütün bu nailiyyətlərlə bərabər qeyd etməyi vacib hesab edirik ki, kitab tariximizdə problematik mövzuların təqdimata cəlb edilməsi azlıq təşkil edir, əsas aparıcı istiqamətlər sistem halında araşdırılır.
XX əsrin sonlarından xalqımız tarixi inkişafının son dərəcə gərgin, mürəkkəb, təzadlı dövrünü yaşayır. İndi ölkəmizdə baş verən dəyişikliklərin işığı altında mədəniyyətimizi, elmimizi nəzərdən keçirməyə, yenidən dəyərləndirməyə çalışmalıyıq. Çox zəngin və qədim keçmişi olan mədəniyyət tariximiz, onun tərkib hissəsi olan Azərbaycan kitab tariximiz böyük nailiyyətlərlə inkişaf etmiş və etməkdədir. Bununla bərabər kitab problemlərinə gərəyincə diqqət yetirilməmişdir.
Azərbaycan kitabı və kitabşünaslığı ilə bağlı belə bir həqiqət bu gün mövcuddur ki, münbit bir zəmin yarandığı üçün tədqiqatlar əvvəlki dövrlərlə müqayisədə tam obyektiv aparıla bilər və aparılmalıdır. İndiki şəraitdə əsas götürülən metodoloji prinsiplər ictimai-siyasi quruluşun təzyiqinə məruz qalmaqdan azaddır. Bu da öz növbəsində kitab kimi mənəvi sərvətin tam və mürəkkəb mənzərəsini, təhlilini aparmaq üçün yaradıcı şəxsin fəaliyyətinə gözəl şərait yaradır. Fikir azadlığına malik və siyasi qorxu hissindən azad olan alimlərimiz bu vacib problemin müxtəlif məsələlərinin öyrənilməsinə girişə bilər.
Belə bir inamımızı da bildiririk ki, kitabşünslıq, kitab tarixi, nəşriyyat tarixi, kitab nəşri ilə əlaqədar qaldırdığımız problemlər bundan sonra daha ardıcıl şəkildə yeni, müasir kitabşünslıq mövqeyindən öyrəniləcək, elmi-nəzəri idrakın predmetinə çevriləcək.
Stalin represiyası ölkəmizdə kitabçılıq işinin inkişafına güclü zərbə endirmişdir. Bu zərbədən Azərbaycan kitab tarixinə də çox güclü ziyan dəymişdir.
Müstəqil Azərbaycan Respublikasının indiki demokratik şəraiti müxtəlif elm sahələrində, o cümlədən kitabçılıq işi sahəsində uzun müddət qolu bağlı qalmış problemlərin – milli kitab tarixinin aktual vacib məsələlərin meydana çıxarılmasına, tədqiq edilməsinə imkan yaratmışdır.
Zaman bir daha sübut edir ki, millilik olmadan bəşərilik yoxdur. Müasirlik elə bir estetik kateqoriyadır ki, illər keçdikcə öz əhəmiyyətini, aktuallığını itirmir. Bu mənada Azərbaycan kitabının müasirliyi bu gün şüurumuza təsir edir, bizi düşündürür və fəal yaradıcılığa dəvət edir.
Azərbaycan kitabı növündən, tipindən, nəşr tipindən, janrından, mövzusundan aslı olmayaraq ilk növbədə həmin xalqın mənəviyyatına və mədəniyyətinin inkişafına xidmət etməlidir və çox təbii ki, edir.
Doğrudur, Azərbaycan kitabı öz yeni nailiyyətləri ilə öyünə bilmir. Eyni zamanda onu da nəzərə almalıyıq ki, bütün həyatımız və cəmiyyətimiz kimi kitabımız da hazırda yeni keyfiyyətə, yeni mənəvi dəyərlər mühitinə keçid mərhələsindədir. Belə tarixi məqamları isə bir qayda olaraq həmişə çətin və dramatik keçir.
Azərbaycan kitabının müasir dünya təfəkkürü, onun səviyyəsi, gücü, imkanları mövqeyindən cilalamaq və qarşıya çıxan kitabçılıq işi problemlərini də məhz bu baxımdan həll etməyə səy göstərmək lazımdır.
Azərbaycan kitab tarixində və xüsusilə bədii kitabında xalqımızın çoxəsrlik tarixinin bir çox səhifələri: həyatı, təsərrüfat sahələri, mübarizəsi, məişəti, psixologiyası və s. əks olunur.
İdeya-məzmun, janr-quruluş cəhətdən möhtəşəm və çoxşaxəli olan Azərbaycan bədii kitabının əsas istiqamətlərindən biri də, onun məna, məzmun və sənət çalarlarını ayrıd etməkdir.
Hər bir insanın ömrü onun gördüyü işlərdə və haqqındakı xatirələrdə yaşayıb yaddaşa çevrildiyi kimi, ayrı-ayrı xalqların tarixi də bu xalqın əməlini, düşüncələrini, istək-arzularını özündə az və ya çox dərəcədə cəmləşdirən maddi-mədəniyyət qalıqlarında, mif və dastanlarda, müxtəlif folklor materiallarında, yazılı abidələrdə daha geniş və əsaslı şəkildə kitablarda əbədiləşib, tarixiləşib. Təsadüfi deyildir ki, Azərbaycan kitabının bədii estetik təbiəti zəngin, çoxcəhətli olduğuna görə dünya ölkələrində geniş yayıla bilmişdir.
Azərbaycan kitabı xalqın dilini, mənəvi dəyərlərini, elmini, mədəniyyətini daha da qoruyub saxlamışdır. Azərbaycan kitabı xalqın zəngin maddi və mənəvi aləmini, düşüncə və həyat tərzini və s. əks edir.
Hansı şəraitdə, dövrdə yaranmasından aslı olmayaraq Azərbaycan kitabı ilk növbədə mənsub olduğu xalqın, millətin inkişafına, mübarizəsinə və müstəqilliyinə xidmət edir. Bütün mənəvi və intellektual imkanlarını buna yönəldir.
Bu ideya əsl Azərbaycan kitabının milli funksiyasıdır və öz ideyalarına sədaqətin təzahürüdür.
Azərbaycan kitabının bu məqsədə doğru inkişafı, daha da dərinləşməsi, xüsusilə totalitar rejimin süquta uğradığı, imperiya şüurunun dağıldığı, bunun əvəzində milli müstəqillik və milli özünüdərk hərəkatının müstəsna bir qüvvə ilə bərqərar olduğu indiki tarixi məqamda daha böyük məna və miqyas kəsb etmişdi.
Son illər ərzində məruz qaldığı, məngənəsində sıxıldığı ideoloji-siyasi təzyiqlərdən xilas olaraq Azərbaycan kitabı xalqın mənəvi və mədəni həyatında daha görkəmli yerlərdən birini tutmağa başlamışdır. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, Azərbaycan kitab tarixinin, ümumiyyətlə, milli kitabımızın bir çox aktual problemləri və mövzuları tədqiqatdan kənarda qalmaqdadır.
Türk xalqlarının mədəni birliyi naminə Azərbaycan kitabı çox iş görə bilər. Dil, din, milli əlaqələrimizin eyni olduğu müsəlman-türk hökumətləri çərçivəsində Azərbaycan kitabının yayılması əsas vəzifələrdən biri kimi Azərbaycan kitabşünaslığının qarşısında durur desək, səhv etmərik.
İndi biz daha mürəkkəb bir vəzifə ilə qarşılaşırıq. Bu “formaca milli, məzmunca sosialist” mədəniyyətin, o cümlədən kitabın tarixini, inkişaf xüsusiyyətlərini, qanunauyğunluqlarını təhlil edib, yenidən dəyərləndirmək, qiymətləndirmək vəzifəsidir.
Biz dünənki kitab sərvətimizə daha obyektiv yanaşmalı, nəzərə almalıyıq ki, bu irsin alt qatlarında, müxtəlif səviyyədə hakim idieoloji-siyasi dəyərlərə, dünyagörüşü əsaslarına, müxalifət təşkil edən çoxlu meyillər və konsepsiyalar olmuşdur; vəzifəmiz bunları görməkdən, üzə çıxarmaqdan ibarətdir.
Azərbayacan kitabı Şimalda və Cənubda müxtəlif ictimai-siyasi, tarixi, mədəni münasibətlər kontekstində təzahür etmişdir. Deməli, Azərbaycan kitabının Şimal və Cənub təzahürləri və inkişaf səviyyəsi müxtəlif olmuşdur.
Tarixi Azərbaycan indiki kimi böyük Qafqazın ətəklərində yerləşən kiçik bir ərazini əhatə etmiridi. O böyük bir ərazili möhtəşəm bir dövlət idi. Biz nəinki həmin mədəniyyəti öyrənməmişik, hətta həmin mədəniyyət sistemində kitabçılıq işinin tutduğu yeri də aydınlaşdırmamışıq. Buna görə də, mif, islam mədəniyyəti və incəsənəti Yaxın və Orta Şərq regionu və kitab mədəniyyəti, ümumtürk xalqları ilə müştərək yazılı abidələrimizin tədqiqi və s. problemlər öz həllini gözləyir.
Azərbaycan kitabının məzmun və forma, bədii-tərtibat gözəlliyinin dünya standartları səviyyəsinə tələbatına cavab verməsi oxcuların arzusu, naşirlərin isə şərəf işidir.
Ədəbi-mədəni əlaqələrin getdikcə genişləndiyi, dünya xalqlarının yaratdığı zəngin xəzinəsi ilə yaxından tanışlığın zərurətinə çevrildiyi, ayrı-ayrı xalqların mədəniyyətlərinin inkişafında ümumbəşəri irsin təsir gücünün gündən-günə artdığı, müasir dövrdə kitab nəşrinin yüksək tələblər səviyyəsində qurulması, kitabın bədii tərtibatının və poliqrafik icrasının keyfiyyətinin yükəsldilməsi çox ciddi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Azərbaycan kitabına, onun nəşrinə, inkişafına, yeni, müasir baxışı, bu baxışın meyar və prinsiplərini işləyib hazırlamaq vacib şərtdir.
Düşünülmüş sistemli meyarlar, ideyalar, dəyərlər olmadan bunları mövcud materialın əsasında işləyib hazırlamadan Azərbaycan kitabı öz vəzifəsini həqiqi mənada yerinə yetirə bilməz.
Azərbaycan kitab tarixinin bir elm spesifikası və vəzifələri, onun metodoloji problemləri, tarixi prosesi, dövrləşdirmə və dəyərləndirmə prinsipləri kitabşünaslığın nəzəriyyəsi tərəfindən öyrənilir və ümumiləşdirilir. İndiyə qədər yazılan və nəşr edilən kitab tariximizin təcrübəsini, onların tarixi əhəmiyyətini, milli kitab tarixi elminin yaranmasında rolunu danmadan biz eyni zamanda deməyə bilmərik ki, kitab tarixi bir növ nəzəri metodoloji zəminsiz yazılmışdır. Yaxud bu nəzəri-metodoloji zəmin olmuşsa da, o, mahiyyət etibarı iə milli kitab tarixinin materialından inkişaf qanunauyğunluqlarından çıxan nəzəri-metodoloji başlanğıc olmamışdır. Az da olsa kitab tarixinə dair əsərlər yazılıb, ancaq kitabşünaslığın nəzəriyyəsi ilə onun nəzəri-metodoloji xarakterli məsələləri ilə məşğul olmamışıq, yaxud az məşğul olmuşuq. Bu acı faktdır, ancaq nə edəsən ki, həqiqətdir. Belə bir vəziyyət ilk növbədə kitaşünaslığın nəzəriyyəsinə əhəmiyyət verməməyimizdən, onun rolunu dərk etməyimizdən irəli gəlmişdir.
Abasova Leyla Qabil qızı
Tarix üzrə fəlsəfə doktoru