QADINLAR kişilərdən NİYƏ dərin basdırılır? - “Deyirlər ki, çoxbilmiş olduqlarına görə...“

Qadınlar kişilərdən niyə dərin basdırılır? - “Deyirlər ki, çoxbilmiş olduqlarına görə...“ - İlahiyyatçıdan açıqlama

Şəriətə görə, ölünü üzü qibləyə, iyi-qoxusu bayırdan hiss edilməyəcək qədər dərinlikə dəfn etmək lazımdır. Lakin kişi və qadının fərqli şəkildə dəfn edilməsi ilə bağlı fikirlər də var. Deyilənlərə görə, qadının qəbri boğazına qədər, kişinin qəbri isə qurşağına qədər qazılır. Bu fərqi müxtəlif əlamətlərlə əlaqələndirirlər. Hətta qadınların qəbirinin çənəsinə qədər qazılmasının çox danışdıqlarına görə edildiyini iddia edənlər də var.

Maraqlıdır, qadınlar kişilərdən niyə dərin basdırılır?

Şəriətdə belə qayda varmı?

AzerTaym.az bildirir ki,Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, “Heydər” məscidinin imamı Hacı Ağasəid Yaqubov Yenisabah.az-a açıqlamasında deyib ki, insanın dəfninin vacib olmasına baxmayaraq, qadının kişidən fərqli dəfn olunması şəriətimizdə zəruri hökmlərdən deyil:

“Bildiyiniz kimi, şəriətdə vacib və haram (qadağan olunmuş) hökmlər var. Bunlardan əlavə, müstəhəbb (bəyənilən), məkruh (bəyənilməyən) və mübah (könüllü, ixtiyari) hökmlər də şəriətimizdə yer almaqdadır. İnsanın torpağa dəfn olunması vacib hökmlərdəndir. Cənazənin hansı dərinlikdə torpağa basdırılması isə müstəhəbb olmaqla yanaşı, mübah hökümlərdəndir. Şəriət qaydalarına görə, insan o qədər dərinlikdə dəfn olunmalıdır ki, həm qəbirdən iyi-qoxusu çıxmasın, həm də torpağın üzərində olan heyvanatlar meyiti eşələyib oradan çıxarmasın və bununla da insanın ehtiramına hörmətsizlik olmasın. Çünki Həzrət Peyğəmbərdən (s) belə bir kəlam var ki, müsəlmanın dirisinə olan hörmət, eyni ilə ölüsünə də olmalıdır. Buna görə də, insan dəfn olunarkən vacib hökm budur ki, qəbir şəriət qaydalarına uyğun şəkildə qazılsın”.

Hacının sözlərinə görə, meyitin dərin dəfn olunmasını nə iləsə əlaqələndirməyə ehtiyac yoxdur:

“Şəriət baxımından məsləhət görülür ki, kişi meyiti qurşağa qədər, qadın meyiti isə sinəyə qədər dərinlikdə dəfn olunsun və bunu da nə iləsə əlaqələndirməyə ehtiyac yoxdur. Çünki bu deyilənlər vacib hökmlərdən deyil. Xatırladaq ki, Qiyamət günü insanlar qəbirlərindən diriləcək. Qurani-Kərimdə bu haqda ayələr də var. Allah-Təala buyurur ki, həmin gün yerin altında olanlar yerin üzərinə çıxacaq və ölmüş, dünyasını dəyişmiş insanların hamısı dirilib, qəbirlərindən qalxacaqlar. Bu İlahi hökmü nəzərə alan İslam alimləri Qiyamət günündə qadınların eyib yerləri görünməsin və iffətlərinə ehtiram olunsun deyə onların sinəyə qədər dəfn olunmasını məsləhət bilirlər. Az öncə qeyd etdiyimiz kimi, bunlar zəruri hökmlərdən deyil. Cəmiyyət, ictimaiyyət dini hökmlərə nəzər yetirdikdə onların hansı kateqoriyadan olduğunu bilməlidir”.

Hacı Ağasəid Yaqubov qeyd edib ki, dəfn olunmanın hökümləri ehtiram məsələsi ilə bağlıdır:

“Qadının dərin dəfni heç də onun xasiyyətinə, hər hansı bir xüsusiyyətinə görə deyil. Fiziki, bioloji vəziyyətinə görədir. Ona görə də, insanlar həya baxımından qadınları dəfn edərkən qəbirini sinəyə, kişiləri isə göbəyə qədər qazırlar. Digər mülahizələrə ehtiyac yoxdur. Bəzən də müəyyən fikirlər səsləndirilir ki, qadının xasiyyətinə, çoxbilmişliyinə görə Allah-Təala da istəyib ki, dərin basdırılsın. Bunları qabartmağa ehtiyac yoxdur. Yalnız burada ehtiram məsələsidir”.

Qadınlar kişilərdən niyə dərin basdırılır? - “Deyirlər ki, çoxbilmiş olduqlarına görə...“ - İlahiyyatçıdan açıqlama






Fikirlər