“O, sübut etdi ki, yaxşı əsgər olmaq istəməyən generaldan general olmaz...”

Polad Həşimovun bacısından qardaşının adına verilən küçə ilə bağlı – AÇIQLAMA | KONKRET

Ümumiyyətlə, dünyada elə adamlar var ki, onlara tarixi baxımdan şanslı adamlar demək olar. Çünki hər bir əməl, hətta qəhrəmanlıq belə, müəyyən müddətdən sonra unudula bilər. Tarix boyu qəhrəmanlıqlar da, faciələr də olub. Bunların heç biri qeyri-adi hadisə deyil. Amma bir də var ki, nədəsə ilkə imza atmaq. Bax, onda səni nə tarix, nə də insanlar unutmur. Polad Həşimovun qəhrəmanlığı aydın məsələdir, göz önündədir. Amma bu qəhrəmanlıq illər keçsə belə, başqalarının qəhrəmanlığından fərqli olaraq, unudulmayacaq. Bu mənada mən ona şanslı qəhrəman deyirəm. Çünki o, bir ilkə imza atdı”.
 

 

Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. Q.Ağsəs Polad Həşimovun yüz illərin fikrini alt-üst etdiyini bildirib:
 
“Bilirsiniz ki, Aleksandr Suvorovun bir deyimi var deyir ki, “yaxşı əsgər o əsgərdir ki, general olmaq istəyir”. Onu başqa cür ifadə etmək istəyəndə isə deyirlər ki, general olmaq istəməyən əsgərdən əsgər olmaz. Amma rus sərkərdəsinin sözünü azərbaycanlı sərkərdə tərsinə çevirdi. Polad Həşimov sübut etdi ki, yaxşı əsgər olmaq istəməyən generaldan general olmaz. Yüz illərin fikrini o, tərsinə yozdu. Bu elə hərb deyimində də bir inqilab elədi. O, sübut etdi ki, əsl general əslində ən yaxşı əsgər olmalıdır. O, bundan ötrü səngərlərə getdi, əsgərlərlə bir qabda çörək yedi, əsgəriylə birlikdə ac qaldı, son tikəsini bölüşdü, əsgərin qorxusun, həyəcanın, sevincin bölüşdü. Ona görə də Poladın səngərdə şəhid olması onu tanıyanlar üçün heç də təəccüblü gəlmədi. Əksinə, onu tanımayanlar üçün təəccüblü gəldi ki, general səngərdə döyüşüb, şəhid olub.  
 
Poladı növbəti dəfə şanslı qəhrəman ona görə adlandırıram ki, 44 günlük Vətən müharibəsi məhz onun şəhadətiylə alovlandı. Bunu isə heç kəs dana bilməz. Polad şəhadətə qovuşandan sonra Bakıda böyük bir izdiham yarandı. Hətta qanun pozuntuları da, bundan istifadə edib təxribat törətmək istəyənlər də oldu. Amma bu Poladsevərlərin, vətənsevərlərin böyük duyğularına heç də xələl gətirmədi. Adamlar könüllü şəkildə müharibəyə getmək istədiklərini bildirdilər. Doğrudan da sübut etdilər ki, bu yığılan adamların bir-ikisini çıxmaq şərtiylə hamısı vətənin, Poladın uğrunda ölümə gedən adamlar olublar. Sentyabrın 27-də hamı toplaşıb müharibəyə getdi. Vətən müharibəsinin kökündə Poladın şəhadəti dayanır. Adamlar öz generalının ölümünü düşmənə yedirmədilər və onun yüzqat artıq qisasını aldılar. Amma nə qədər onun qisası alınsa belə, bütün Ermənistan ordusu nəinki Azərbaycan əsgərinin, heç Poladın dırnağına belə dəyməz.  Polad hərb tarixində daşlaşmış fikri də alt-üst elədi”.






Fikirlər