“QAZAX qışı”: Azərbaycan üçün dərslər... - BAHƏDDİN HƏZİ YAZIR
Qazaxıstanşünas deyiləm. Amma yenə də bəzi fikirlərim var, bölüşmək istəyirəm. Əvvəla, Nursultan Nazarbayev özü qurduğu tora özü də düşdü, ölkəni də arxasınca apardı; 2019-cu ildə prezident postundan gedəndə, gərək birdəfəlik gedəydi. Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalmaq, paytaxta öz adını vermək, qızını parlament sədri etmək – öz yerinə “seçdirdiyi” prezidenti oyuncağa çevirmək… bunlar heç diktatora da yaraşan hərəkətlər deyildi. Gedirsən, gərək birdəfəlik gedəsən. Hə, demokratik seçki keçirib getsəydi, bu, ən yaxşı variant olardı. Sistemdənkənar lider kimi qalardı. Və bu gün həqiqətən də ağsaqqallıq statusunu da saxlamış olardı. Ümumiyyətlə, dövlət rəhbərliyində avtoritar üsullarla uzun müddət qalmaq bir liderin həm öz xalqına, öz dövlətinə, həm də özünə və ailəsinə edə biləcəyi ən böyük pislikdir. Bəli, deyə bilərsiniz ki, Angela Merkel də eyni kresloda çox oturdu. Söhbət də odur ki, hansı qaydada oturdu?! Saxta seçki ilə oturmadı, ona görə o ayrı situasiyadır. Amma Qazaxıstana baxın. Nazarbayevin bütün xidmətləri ilə yanaşı özünə heykəl qoyması, öz şəxsiyyətini kulta çevirmək cəhdi onun ən böyük faciəsi idi. Adam da özü özünə medal verər?! Özü özünə heykəl qoyar?! Bu, ümumiyyətlə, nə təfəkkür tərzidir, anlamaq olmur. Adam xalqına: “Məni sev!” deyə əmr etmişdi. Bu isə, adətən, ikinci əmrə qədər qüvvədə olur… İkincisi, əlbəttə, ölkədə sosial-iqtisadi problemlər var. Həm də kəskin formada. Korrupsiya da var, başqa naqis meyllər də. Qazaxıstan avtoritar qaydada idarə olunurdu; belə idarəçilikdə isə hər cür pis cəhətlər olur. Sadalamaq uzun zaman alar. Ancaq son sosial-iqtisadi problemlər səbəblərdən biridir. Məsələnin sıxılmış qazın qiymətindən buralara qədər gəlməsi əvvəldən ssenariləşdirilib. Yeri gəlmişkən, bu hadisələrdən yazanların bir hissəsi xarici faktoru inkar edib səbəbi daxili vəziyyətdə axtarırdı, bir hissə isə, əksinə, daxili faktorları gözardı edib xaricdən təsirləri qəbul edirdi. Bu yanaşmanın hər ikisi səhvdir: ölkədə bu qədər narazılıq olmasa, xarici faktor insanları belə kütləvi şəkildə ayağa qaldıra bilməzdi və bu miqyasda aqressiv hərəkətlərə sövq etməyi bacarmazdı. Burada hər iki faktor və xeyli başqa səbəblər də rol oynayıb. Hətta bu hadisələri Bakıdakı 1990-cı il yanvar qırğınına da bənzədənlər var. O dövrü yaşamış və yanvar hadisələrini gözləri ilə görmüş biri kimi bu müqayisə ilə razıyam (əlbəttə, fərqli situasiyalar da var). 1990-cı ildə Vəzirov Meydan hərəkatına uduzaraq aqressiv kütlənin əlindən Moskvaya qaçdıqdan sonra Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov elə həmin Moskvaya teleqramlar göndərərək qoşun çağırmışdı. Eyni şeyi Kasım-Jomərd Tokayev də etdi. 1990-cı ilin yanvarında Azərbaycana xalq hərəkatını yatırtmaq üçün göndərilmiş əsgərlərin arasında çoxlu rezervist var idi ki, onlar Rusiyada ermənilərin kompakt yaşadığı və ya çox olduğu Krasnodar diyarından, Rostov vilayətindən, Şimali Qafqaz şəhərlərindən toplanmış ermənilər idi. Bu gün eyni olmasa da, oxşar hal baş verir; Ermənistan baş naziri sevincək olub, Qazaxıstana erməni hərbçilərini göndərmək üçün dəridən-qabıqdan çıxır. Təsəvvür edirsiniz, türk dövləti olan Qazaxıstanın şəhərlərində Ermənistanın “sülh ordusu”! Qazaxıstan dövlətçiliyinə bundan ağır təhqir olmamışdı. Ermənistanın sevinməsi boşuna deyil; diktator da olsa, Nazarbayev ölkəni Türkiyəyə doğru meylləndirmişdi. Havada “Turan” qoxusu vardı. Bu isə tək dünya erməniliyinin deyil, Rusiyanın, Çinin, elə ABŞ və müttəfiqlərinin də burunlarına xoş olmayan bir qoxu idi. Türkiyənin Azərbaycandan keçərək Mərkəzi Asiyadakı türk dövlətləri, xalqları ilə qovuşması kimi daha çox narahat edirdi?! Çoxunu. Və o “çoxu” dediyimizin əlinin altında bir silah həmişə var: “sülhməramlı” Ermənistan! Baxın, həm pis idarəçilik, həm Qazaxıstanda toqquşan maraqlar, Məmməd Arazın sözləri ilə desək, bu maraqlardan sallaşıb yaşayan ağlıdayaz qüvvələr ölkəni hansı duruma saldı. Nazarbayev, bəli, diktator üslubunda saxlayırdı sakitliyi. Amma bu, sabitlik deyildi; demokratik sistem yoxdusa, bu, sabitlik deyil, keçici sakitlikdir. Qəbiristanlıq sükutuna sabitlik demək doğru olmaz. Bax, bu, Qazaxıstan dövlətçiliyinin “Axilles dabanı” idi; ordan da vurdular. Və ölkədə ən pis ssenari işə düşdü. Rusiya işğalı! Haqlı olaraq sual verilir: niyə ölkənin rusdilli əhali yaşayan bölgələrində sakitlik idi, qazax bölgələri qaynayırdı?! Hadisələrin arxasında kim vardı?! Hə, bax, bu suala komprador Tokayev: “KTMT gəlsin!” müraciəti ilə cavab verdi. Böyük güclərin savaşında indilik Rusiya qalib çələngi taxmış kimi görünür. Çin də, başqa qaliblər də var. Qazaxıstan zəiflədi axı. Təzyiqlərə, hətta təsirlərə daha davamsızlaşdı. Belə durumunda şərtləri ağırlaşdırmaq, güzəştlər qoparmaq asanlaşdı… Kiçik bir tarixi anologiyaya baxın: 1991-ci ildə prezident Mütəllibov xarici şirkətlərlə 50:50 nisbətinə əsaslanan neft müqavilələrinin danışığını aparırdı. Devrildi. 1993-də prezident Elçibəy 70:30 nisbətinə razı idi, təki müqavilə imzalansın. Devrildi. Nəticə: prezident Əliyev 90:10 nisbətinə razılaşdı. Yəni hər çevrilişdən sonra Azərbaycan öz maraqlarından 20 faiz güzəşt etməli olurdu. Yəni ölkə daxili kataklizmlərə yuvarlandıqca zəifləyirdi, zəiflədikcə, xarici diqtə qarşısında geri çəkilirdi. Bax, eyni şeylər Qazaxəstanla olacaq. Ölkə dünya uran ehtiyatının 34 faizinə sahibdir, təsəvvür edirsinizmi, bu nə deməkdir?! Bu, bütün qlobal və regional güclərin Qazaxıstanda maraqları deməkdir. Toqquşan maraqlar varsa, müharibə qaçılmazdır. Bu, müxtəlif biçimlərdə ola bilər. Bax, burdan da hadisələrə təsir edən növbəti faktoru araşdıracağıq. Böyük güclər, bir qayda olaraq, bir-biri ilə üçüncü ölkələrin (yəni Üçüncü Dünya ölkələrinin) ərazisində döyüşür. İndiki müharibələr belə olur. Hakimiyyətdən haqlı olaraq narazı xalqı ayağa qaldırıb öz dövlətini özünə dağıtdırırlar. YƏNİ ÖLKƏNİ DÖVLƏTSİZLƏŞDİRİB, SADƏCƏ, ƏRAZİYƏ ÇEVİRİRLƏR. Və dövlətsiz – boş ərazidə bir-biri ilə vuruşur qlobal güclər. Həmin o dövlətsiz əraziyə çevrilən ölkənin Xalqı qarşıduran regional və beynəlxalq güclər arasında bölüşdürülür və AĞAların – böyük paytaxtların maraqları üçün bir-biri ilə savaşan ordulara çevrilirlər. “Biz Rusiya ilə sonuncu Ukrayna əsgərinə qədər vuruşacağıq” – bunu da bir Qərb siyasətçisi deyib, ağlınızda olsun (və o siyasətçi, məsələn, bizim bölgəmizdə İranla sonuncu Azərbaycan əsgərinə qədər vuruşmağa həvəslə gələrdi, biz razı olmadıq). Yəni kiçik xalqlara böyük dövlətlər öz ordusu kimi baxır həm də. Döyüşüb ölmək lazı gələndə, bu ordu-xalqları qabağa verirlər. Silah verirlər, hədəf verirlər, əmr verirlər. Bax, o kasıb Pakistan niyə nüvə dövlətidir və niyə davamlı olaraq terror hücumları ilə sarsıdılır?! Çünki Pakistan Böyük Britaniyanın… ordusudur – keçmiş ingilis müstəmləkəsi Hindistana qarşı. Başqa hədəfləri də var bu ölkə-ordunun. Bəli, Azərbaycana dost ölkədir, ancaq bu, gerçəyi dəyişdirmir. Yaxud ölkələrin dövlətsizləşdirilib əraziyə və döyüş meydanına çevrilməsinə misal istəyirsiniz?! Suriya! Bax, o Suriyada da hər şeyi “sosial mitinqlər” başlatdı, sonda ölkə vətəndaş müharibəsinin girdabına yuvarlandı və parçalandı. Və tezliklə dini və etnosiyasi pərdələr altında terror savaşları alovlandı. Elita parçalandı. Əhalinin xaricə qaça biləni qaçdı, qalanı da terrorçu rejimə və qruplara girov düşdü. Hər qrupun da öz sahibi çıxdı səhnəyə. Kürdlər ABŞ üçün, Rusiya üçün vuruşur. Əsədə bağlı şiə ərəb tayfaları yenə də Rusiya və təbii ki, İranın xeyrinə dirəşir. Türkmənlər və sünni ərəblərin bir qismi Türkiyə ordusudur, qalanlar da İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fransa… arasında bölünüb.Və əlbəttə ki, belə münaqişəli bölgənin “vazkeçilməz” təbii qonağı -Britaniya da bir şəkildə burdadır. Hətta Çin də var. Hə, indi bu hesabla Suriyada nə oldu?! Ölkənin ərazisi də, əhalisi də bölündü. Hakimiyyəti isə bir yanını İrana, bir yanını Rusiyaya satıb. Bir yanını da öz şiələrinə söykəyib durub. İnqilabın “rəngli”si o yana, heç bozu da olmadı. Udan kim oldu, uduzan kim oldu?! Göz qabağındadır. Xatırladım ki, 10 il bundan qabaq – 2011-ci ildə Azərbaycanda da gözləyənlər vardı ki, “Ərəb baharı” Cənubi Qafqazda da “gül açacaq”. Özünə vəzifə kostyumları biçdirənlər də var idi. O zaman “İnqilab söhbətləri” adlı təhlilimdə əsaslandırılmış proqnoz vermişdim ki, bu qanlı “bahar” Azərbaycana gəlməyəcək. Gəlmədi də. İndi də eyni gözləntilər ilk başda Qazaxıstanın qanlı qışındandır. O da gəlməyəcək. Hər halda hadisələrin yaxın perspemtivdə nəinki Xəzərin bu tayına sıçrayışı görünür, heç Mərkəzi Asiyanın başqa dövlətlərinə proyeksiyası baş vermədi. Prosesi Qazaxıstanla lokallaşdırıb dayanacaqlar. Həm də ona görə ki, “Taliban”la həmsərhəd olan Özbəkistanı, Türkmənistanı, Tacikistanı indilik qarışdırmaq çox risqlidir. Bu risqi idarə etməyə Rusiyanın gücü, Çinin həvəsi yox kimi görünür. Bəli, Azərbaycan 86,4 min kvadrat kilometrlik ərazisini hardasa 83, 4 kv.km. olan çox hissəsinə nəzarət edir. Əhalisinə də ki nəzarəti göz önündə. Ancaq, ruslar deyir: “Никогда не говори: “Никогда!” Heç vaxt demə: “Heç vaxt!” Qazaxıstandan alacağımız çox dərslər var. Onlardan biri belə total qiymət artımına getməyin risqidir. Bəli, deyərsiniz ki, ölkə müharibədən çıxıb, işğaldan azad olunmuş ərazilərin bərpası üçün vəsait lazımdır, gözlədiyimiz xarici sərmayələr hələ gəlib çıxmayıb, ya da, ümumiyyətlə, gəlmir və sair. Ancaq bu yükü əhalinin üzərinə yükləmək çıxış yolu deyil; cəmiyyətdə konflikt potensialını artırır. Ölkəni dövlətsizləşdirib boş əraziyə, əhalisini öz ordusuna çevirmək istəyənlərə fürsət tanımaq olar bu. Bəli, biz Qarabağı tezliklə bərpa edib oranı məskunlaşdırmalıyıq. Bu, çox önəmli strateji məsələdir. Buna da sərmayə gərəkdir. Bunlar anlaşılır. Və tarixdə çətin durumda xalqın dövlətə maddi dəstək verməsinin nümunələri var. Mən Əmir Teymur işğalı təhlükəsinə qarşı Şirvan əhlinin İbrahim şaha dəstəyini misal çəkmək istəmirəm. Ancaq Birinci Cavaşından yarımcan çıxmış Türkiyənin tarixində bu var. 1989-cu ildə Almaniyanın birləşməsindən sonra ölkənin şərqini inkişaf səviyyəsi olaraq Qərbi Almaniyaya yaxınlaşdırmaq üçün “birləşmə vergisi” qoyulmuşdu. Və Qərbi Almaniyadakı əhali bundan məmnun deyildi. Bizdə də hər cür bahalaşmanın narazılıq yaratması təbiidir. Xalq qiymətlərin artımından narazı qalmasaydı, təəccüblü olardı.Ancaq bunu da anlayışla, yaxud susqun qarşılayırsa, bu, o demək deyil ki, yükü yalnız əhalinin kürəyinə yükləmək lazımdır. Ölkədə zənginlərin varidatının daha çox vergilənməsi lazımdır. Söhbət bahalı əmlak və sairdən gedir. Elə məmur var ki, 200 mənzili var, kirayə verib feodallıq edir. Biznesi dövlət xadimlərinin, məmurların əlindən almaq lazımdır. Bəli, iqtisadiyyat naziri son açıqlamasında daxili istehsalı artırmaq, idxaldan asılılığı azaltmaq haqda danışıb. Çox gözəl fikirdir. Ancaq 30 ildir, bu sözlər deyilir. Artıq sözdən işə keçmək lazımdır. Qiymətlərin artmasının qarşısını almağın və ya heç olmasa, artma sürətini azaltmağın, eləcə də, maaşları və pensiyaları artırmağın ən yaxşı yolu biznesi inhisarçılıqdan çıxarmaqdır. O cümlədən, idxal monopoliyasını aradan qaldırmaq və əlbəttə ki, korrupsiyanı cilovlamaqdır. Ölkədə indiyədək taxıl istehsalını artırmaq əvəzinə idxalı niyə artırmışıq?! Bəs o hökumət, Taxıl Fondu, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi hara baxıb, nə işlə məşğul olub bu 30 ildə?! Ölkənin təkcə ərazisinin təhlükəsizliyi prioritet deyil. Ərzaq təhlükəsizliyi ən azı o qədər önəmlidir. Əgər bu və ya başqa səbəblərdən Azərbaycan xalqı anlayışlı, dözümlü yanaşırsa, bunun özü hökumətə problemləri həll etmək üçün ən böyük vaxt limiti, etimad kreditidir. Üstəlik 44 günlük müharibədə qələbələrin qazandırdığı mənəvi və siyasi reytinq kapitalı vardı. Qazaxıstanın kədərli nümunəsindən sığortalanmaq üçün daha çox işləmək lazımdır. “Belə hadisələr bizdə ola bilməz, olsa da, qarşısını alarıq” deyə arxayınlaşıb qəflətə düşmək olmaz. Bura qədər ölkəni ayaqda tutmaq çətin də olsa, mümkün olub. Bundan sonrası heç də asan deyil. Xüsusilə, qonşuluqda Putin kimi SSRİ-ni diriltmək planları quran amansız “geopolitik reanimatoloq” varkən… Qanı tökülən, yağmalanan Qazaxıstan da bu planın tərkib hissəsidir. Allah xatirinə, kimsə bunu demokratiyanın qələbəsi kimi sırımağa çalışmasın. Biz demokratiyanın qələbəsini istəyirik. Ancaq beləsindən yox!
Buradan üçüncü qənaətimiz gəlir: bəli, xarici faktor var idi. Həm də necə! Tezliklə də ortaya çıxdı, göründü.