"30 il keçir, hələ görmədim ki, dünya çapında bir ictimai xadim, dövlət başçısı bunu lənətləsin"

“İlk növbədə Xocalıyla bağlı o kadırlara baxanda demirəm bir azərbaycanlı kimi, insan kimi insanlığın faciəsi gözümün önündə canlanır. Çox peşmanam ki, bunu törədənlər insanlardır və mən də onların sırasındayam. Bir də onu düşünürəm ki, dünya ədalətsiz dünyadır. Amma sonra da məndə bir ritorik sual ortaya çıxır və soruşuram ki, niyə dünya belə ədalətsizdir? Dünyada müharibələr də, soyqırımlar da olub. Amma buna ədalətli qiymət vermək niyə gecikir? Niyə bütün dünya, tək-tək ölkələr, cəmiyyətlər bunu soyqırım, insan faciəsi kimi qiymətləndirir, dəyərləndirir, amma niyə göz qabağında olan bu boyda soyqırımı tanımırlar, lənətləmirlər?! Heç olmasa ona görə ki, bir daha bu təkrar olunmasın, öz millətlərinin başına gəlməsin. Bunun olmaması üçün gərək bunu vaxtında dəyərləndirəsən”
 
Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu Xocalı soyqırımının otuzuncu ildönümü haqda danışarkən deyib. B.Vəziroğlu ilahi ədalətə inandığını bildirib və bir gün bu faciəni törədənlərin cəzalandırılacağını deyib:
 
“İlahi ədalət isə başqa bir məhkəmədir və bunu Allah özü müəyyən edəcək. Amma sən insansan və bu da insanlığın faciəsi olduğu üçün sən buna biganə yanaşa bilməzsən. Məni ən çox təəccübləndirən budur. Erməninin o vəhşiliyinə təəccüblənmirəm, çünki hər yerdə bunun şahidi olmuşam. Bəlli yaşıma gəlib çatana qədər ermənilərin hansı xislət, dırnağarası əqidə, faşist ideyalarının sahibi olmasını bilirəm. Sadəcə özünü sivil, bəşər adlandıran insanların, cəmiyyətlərin, məmləkətlərin biganəliyinə təəccüblənirəm ki, hələ də otuz il keçir, hələ görmədim ki, dünya çapında bir ictimai xadim, dövlət başçısı böyük tribunadan bunu lənətləsin. 
 
Sadəcə ütülü sözlərlə danışırlar. Bunlar isə aydındır və bütün dünya da bunu bilir. Elə bunu istədiyimiz üçün başımıza bu fəlakəti gətiriblər. Özümü həmişə müdrik adam sayıram, amma hələ də başa düşə bilmirəm ki, insan niyə öz həmcinsinin başına gətirilən faciəyə bu dərəcədə biganə olsun. İlahi ədalətə də inanıram, o biganə, laqeyd qalanların mütləq cəzası olacaq. Həzrət Əli deyirdi ki, “sən şərin yanındasansa, şəri görüb susursansa, demək sən onunla şəriksən”. Bu saat dünyaya bu cür baxıram. Bir də ona inanıram ki, hələ ki, dünyada hər şeyi güc diktə edir. Hər şey gücün yanındadır. Mən bu gün bununla qürur duyuram ki, biz güclüyük. Çünki dünya güc dünyasıdır. Ədaləti də, həqiqəti də güc söyləyir, sənin haqlı olmağını da güc göstərir. Bir vaxt bu güc bizdə yox idi, amma şükür ki, indi güclüyük. İndi görürsünüz ki, quldur rejimin rəhbərləri axtarışa verilir. Mən inanıram ki, bizim Prezident, iqtidar elə belə söz demir, əgər elan edibsə ki, Köçəryan da, Sarkisyan da bu dünyada ədalət məhkəməsi qarşısına çıxarılacaq, demək ki, bu olacaq. İnşallah Xocalı faciəsinin qurbanlarının da, ondan öncə və sonra insan cəlladlarının qurbanına çevrilən hər insanın damla qanının qarşılığı olacaq”. 






Fikirlər