FİTRƏ ZƏKATI HAQQINDA HƏR ŞEY ...
Fitrə zəkatı bayramın ilk gecəsi girməklə hər bir müsəlmana vacibdir. Əgər kimsə, həmin gün günəş batmadan öncə ölərsə və ya müflis (mal-mülksüz) olarsa, fitrə zəkatı ona vacib olmaz. Günəş batdıqdan sonra isə, öhdəliyində (vacib olaraq) qalacaq. İbn Ömər demişdir: «Peyğəmbər (Ona salam olsun) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (3 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir.» (Əbu Davud). Fitrə zəkatının hikmətləri bunlardır: Orucda olan nöqsanları tamamlamaq, kasıbları bayram günündə dilənməkdən qurtarmaq və s. Vaqi b. Cərrah (Allah ona rəhmət etsin) bu mövzuda belə demişdir: “Ramazan ayı üçün fitrə zəkatı, namaz üçün olan səhv səcdəsi kimidir. Səhv səcdəsi namazda olan əskikliyi tamamladığı kimi, fitrə zəkatı da orucda olan əskiklikləri tamamlayar.” Bir hədisdə belə buyurulur: “Bu gündə (Bayram günü) kasıbları gəzib istəməkdən (dilənməkdən) qurtarın.” Yəni, kasıbları bayram günündə ehtiyaclarını aradan qaldırın ki, başqalarından istəmək (dilənmək) məcburiyyətində qalmasınlar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını oruc tutanın pis və boş-boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün vacib etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır. Kim namazdan sonra çıxararsa bir sədəqədir (yəni, “fitrə” sayılmaz).» (Əbu Davud) Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq, müsəlman xidmətçilər, anası, atası və s. bura daxildir. İbn Ömər deyir ki: «Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir.» (Darəqutni). Ana bətnində olan uşağın əvəzinə də fitrə zəkatı çıxarmaq bəyənilən əməldir. Fitrə zəkatının çıxarılan miqdarı. Fitrə – bir insanın boynuna 3 kq xurma, kişmiş, düyü, makaron, qreçka (qarabaşaq), noxud, bulqur və s. bu kimi qida məhsulları ilə təyin olunur. Bilindiyi kimi fitrə zəkatı – bütün hədislərdə pul olaraq deyil, ərzaq olaraq təyin edilmişdir. Əgər pul şəklində təyin edilsəydi, pulun qiyməti əsrdən-əsrə dəyişdiyi üçün o zamankı miqdar indiki ehtiyacı ödəmək üçün kifayət etməyə bilərdi. Lakin ərzaqla təyin edildiyi zaman pul nə qədər ucuzlaşır ucuzlaşsın yenə də ərzağa yetəcək miqdarda verilməlidir. Fitrə zəkatının çıxarılma vaxtı: Fitrə zəkatını bayram günü, bayram namazından öncə çıxarmaq daha bəyəniləndir. Qadir olduğu halda onu bayram günündən sonraya təxirə salmaq olmaz. Bayram günündən iki gün öncə çıxarmaq keçərli sayılır. Bundan əvvəl çıxarmaq keçərli deyildir. İbn Ömər demişdir: «Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir.» (Buxari, Muslim) Fitrə zəkatını toplayan xeyriyyə fondları və məscidlər, toplanan fitrələrin vaxtında çatdırıla bilməsi üçün, bir neçə gün əvvəlcədən toplaya bilərlər. Nafi demişdir: «İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər.» (Buxari). Fitrə zəkatı kimlərə verilməlidir? Fitrə zəkatı yalnız kasıblara verilməlidir. İbn Abbasın rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (Ona salam olsun) demişdir: «… miskinlər üçün toxluq olsun deyə vacib edilmişdir.» Bir qrup insanın fitrə zəkatlarını (ehtiyaca görə) bir nəfərə vermələri, bir nəfərin də fitrə zəkatını yalnız bir qrup insana verməsi icazəlidir. Qeyd: Günümüzdə fitrə miqdarı – bir nəfər üçün təqribən 5-10 azn arası təşkil edir. www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. Hazırladı: Ayxan Yaquboğlu Materiallardan istifadə edərkən istinad vacibdir