Musa Yaqub: “O müraciəti intiharlar üçün etməmişdim, amma…” - VİDEO

 

“Müharibənin bitdiyi vaxtlarda çörək tapılmırdı, amma nəhəng ümidimiz var idi”.

Bu günlərdə sosial şəbəkələrdə xalqın şairi Musa Yaqubun xalqa müraciəti yayıldı.

Müraciətdə şair hazırda doğma Buynuz kəndində olduğunu bildirib, öz şeirini oxuyub, insanları yaşamağa, təbiəti sevməyə çağırıb.

Qeyd edək ki, şairin bu müraciəti mətbuatda son vaxtlar ölkədə artan intiharlara qarşı bir çağırış kimi dəyərləndirilib.

Şair Musa Yaqub bununla bağlı musavat.com-a açıqlama verib, məsələyə öz münasibətini bildirib: “Bu intiharları çox ağır qarşılayıram, insan özünə qəsd etməz. İstəmirəm ki, insanlar intihar etsin. Özünü öldürmək çox ağır şeydir, bilmək olmur ki, onlar hansı bəlalarla qarşılaşırlar ki, intihar edirlər. Lakin o müraciəti edəndə intiharları fikirləşməmişdim. Yəni mən onu deyirdim ki, dünya gözəldir, onun yaxşı, gözəl cəhətlərini tutub yaşamaq lazımdır. Mümkün deyil ki, hər cür işdən kədərlənəsən, qarnın ağrısın. Bəzisi depressiyalara düşür, bəzisinin məhəbbəti daşa toxunur, bəzisi... Yəni bu mənada demişəm ki, gərək yaşayasan. Mən bu dəfə gedəndə mənə bir dəstə bənövşə verdilər. İylədim ki, bunun iyi yoxdur.. Xeyli kədərləndim. Dedim ki, İlahi, heyf o əvvəlki bənövşələrdən... Sanki torpağın da halı qalmayıb, bənövşədə də buna görə əvvəlki qoxu yoxdur. Mən müraciətimdə sosial şəbəkə izləyicilərinə təşəkkür etmişəm ki, oradan məni izləyir, şeirlərimi oxuyurlar... Müharibənin (İkinci Dünya Müharibəsini nəzərdə tutur) bitdiyi vaxtlarda çörək tapılmırdı, göy-göyərti ilə dolanırdıq. Amma nəhəng ümidimiz var idi. Bilmirdim, onu indi Allah-tala bizim üçün yaratmışdı, ya biz onun dalınca baxırdıq, amma ümidimiz bizi gətirib gözəl günlərə çıxartdı. Çətin vaxtlar olur, amma insan gərək həmişə ümiddən asılı qalsın. Bir daha qeyd edirəm ki, mən müraciətimdə intiharları nəzərdə tutmamışdım, amma təki sözlərim insanlara təsir etsin. Onlara bir zərrə ümid verməyin özü də böyük işdir”.

 






Fikirlər