“İntihar edənlər böyük günah qazanır və dinə görə, böyük əzaba məhkumdurlar” - HACI ŞAHİN
Gənc yazar Mövlud Mövludun intiharı onu tanıyanlar, həmkarları arasında şok effekti yaradıb. Kimisi ona haqq qazandırır, kimisi də bu hərəkətini iradəsizliklə əlaqələndirir. Bəs dinimiz nə deyir? “Özünüzü öldürməyin” Modern.az-ın məsələ ilə bağlı sualını Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, Məşədi-Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb. O qeyd edib ki, intihar etmək Allaha inamsızlığın əlaməti kimi qəbul edilə bilər: “İntiharı doğuran başlıca amil psixoloji səbəblərdir və çoxunun həyat haqqında dolğun təsəvvürlərə malik olmamasından qaynaqlanır. Bəzən insanların həyatdan gözləntiləri həddindən çox olur. Bu gözləntilər doğrulmayanda intihara əl atırlar. Qurani-Kərim insanlara həyat haqqında düzgün təsəvvür bəxş edir. Orada qeyd edilir ki, “biz insanı çətinlikdə yaratdıq”. Çətinlik həyatın fəlsəfəsidir. Çətinliklər insanın mənəvi baxımdan təkmilləşməsinə, kamilləşməsinə xidmət edir. Bunlar Allah tərəfindən verilmiş sınaqlardır. İnsan bu sınaqları keçdikcə möhkəmlənir və şəxsiyyət kimi formalaşır. Biz həyata bu baxışla baxarıqsa, ümidsizliyə qapılmarıq. İntihar ümidsizlikdən doğur, insanın zəifliyinin əlamətidir. Ona görə də dinimiz bu halı məzəmmət edir. Qurani-Kərimdə belə bir ayə də var ki, “özünüzü öldürməyin”. “İntihar günahdır!” İlahiyyatçı deyib ki, intihar edən şəxsin həmin an psixi durumunu da nəzərə almaq lazımdır: “Əgər o an şəxsin psixi durumu normal deyilsə, dinimiz tərəfindən buna güzəşt olunur. Şüurlu şəkildə intihara gedən insan böyük günah qazanır və dinimizdə var ki, bu insanlar böyük əzaba məhkumdurlar. İntihar heç bir halda çıxış yolu deyil. İnsan bu dünyaya imtahan olunmaq üçün gəlir. Bizim aqibətimiz Allaha bəllidir. İmtahan dedikdə, insanın mübarizə aparıb təkmilləşməsi nəzərdə tutulur. İnsanın daxilində elə gizli istedadlar var ki, çətinliklər dövründə üzə çıxır. Bu zaman biz möhkəmlənirik. Həyatın müvəqqəti, qarşıda axirət dünyasının olduğunu düşünən insan, ən ağır anlarında belə, bu çətinliklərin fəlsəfəsini anlayaraq intihara yol verməz. İntihar, Allahın insana verdiyi həyat nemətlərinə qarşı naşükürlükdür. Çünki həyat özü Allahın verdiyi nemətdir. Dinimiz bütün sıxıntı və sevinclərilə həyatı sevməyi tövsiyə edir. Həyatın nemət olduğunu qavrayan insan heç vaxt həyatına qəsd etməz. Bu baxımdan intihar günah sayılır”. “Zəngin insanlara verilən var-dövlət imtahandır” Hacı Şahin Həsənlinin “bu sınaqlar yalnız bir qrup insan üçünmü nəzərdə tutulub? Niyə zəngin insanların bu cür sınaqları az olur” sualına cavabı belə olub: “İmtahan deyildiyində təkcə problemlər, bəlalar nəzərdə tutulmur. Var-dövlət, sağlamlıq, gənclik özü də imtahandır. Yəni, imtahan dedikdə, bizə verilən nemət və bəlalar müqabilində tutduğumuz mövqe nəzərdə tutulub. Sərvət özü də imtahandır. İnsan onu necə sərf edəcəyini dərk etməlidir. Statistik rəqəmlər göstərir ki, maddi yaşam səviyyəsinin yüksək olduğu ölkələrdə intiharların sayı daha çoxdur. Maddi baxımdan yaxşı təmin olunmuş insanlar arasında intihar edənlər, kasıb və ehtiyaclı insanlar arasında intihar edənlərdən az deyil. Bəzi məqamlarda hətta çoxdur. Mən intiharın sosial məsələlərlə bağlılığının tərəfdarı deyiləm. İlkin olaraq insanların psixoloji vəziyyəti araşdırılmalıdır”. İntihar edən dindarlar... Dindarlar arasında intihar hallarına gəlincə, Hacı Şahin Həsənli bununla rastlaşmadığını deyib: “Hətta dindar intihar etsə belə, bu, onun imanın zəif olmasına dəlalət edir. Kamil imanı olan, Allaha qəlbən inanan insan intihara əl atmaz. Əl atıbsa belə, imanı zəifdir. Mən bu halda qınamaq istəmirəm. Çünki qınamaq yaxşı hal deyil. İnsanların düşdüyü vəziyyəti bilmədən onu qınamaq olmaz. Amma dinimiz buyurur ki, insan ən çıxılmaz vəziyyətdə belə, Allaha arxalanmalı və çıxış yolları axtarmalıdır. Kim Allahdan çəkinərsə, biz ona çıxış yolu göstərərik. Çalışaq ki, cəmiyyətimizə məhz bu fəlsəfəni aşılayaq. Eyni zamanda tərbiyə zamanı diqqətli olaq ki, nəticələr ağır olmasın”.