14 gündə 19 intihara deputatdan münasibət – “Yoxsulluqla əlaqəsi YOXDUR”
Bu rəqəm artıq Azərbaycan cəmiyyəti üçün həyəcan siqnalı deməkdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi Musa Quliyev ölkədə son iki həftədə baş verən 19 intihar hadisəsinə münasibət bildirib. Cebhe.info-ya açıqlamasında Azərbaycanın inkişaf etmiş dünya ölkələri ilə müqayisədə intihar statistikasının yüksək olmadığını dilə gətirən millət vəkili bu məsələylə bağlı “Psixolji Xidmət Haqqında” Qanunun Milli Məclisə təqdim ediləcəyini deyib: “Hər hansı hüquqi yolla intiharın qarşısını almaq mümkün deyil. İntiharın qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər görülməlidir. “Psixoloji Xidmət Haqqında” Qanun hazırlanır, Milli Məclisə təqdim olunacaq. Bununla yanaşı “Psixiatriya haqqında” Qanun da qüvvədədir”. Dünyanın hər yerində intiharların baş verdiyini vurğulayan millət vəkili deyib ki, Avropa ölkələri sırasında Azərbaycan bu statistikaya görə axırıncı pillələrdə qərarlaşıb: “Dünya ölkələri ilə müqayisədə Azərbaycanda o qədər də çox intihar hadisəsi baş vermir. İntiharların baş verməsində müxtəlif səbəblər var. Depressiya, müəyyən psixoloji problemlərin olması bəzən arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur. Sosial çətinliklərin olması intiharların baş verməsində əsas amil deyil. Sosial problemlər bir çox ölkələrdə, məsələn, Pakistan, Hindistanda da var. Lakin bu ölkələr digər Avropa ölkələri ilə müqayisədə intihara meylli deyil. İntiharın yoxsulluqla heç bir əlaqəsi yoxdur”. Millət vəkili hesab edir ki, intihar informasiya texnologiyalarının inkişaf etdiyi ölkələrdə daha geniş yayılıb: “İntiharların baş vermə səbəbini sosial faktorlarda axtarmaq lazım deyil. Bu gün Azərbaycanda baş verən intiharların böyük əksəriyyəti cəmiyyətlə şəxs arasındakı konfliktlərdən qaynaqlanır. Bu intiharlar mikromühit, ailədə yaşadığı problemlər, iş yerində baş verən hadisələrlə də əlaqədar ola bilər. Bunun səbəblərini araşdırmaq lazımdır. Bu mənada sosial faktorların intiharlarda əsas amil olduğunu düşünmürəm”. M.Quliyev intihar hallarının azalması üçün ailə institutunun möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, şəxs üçün cəmiyyətdə əsas sütun ailəsidir: “İntihar etmək istəyən şəxs anidən bu qərara gəlmir. Bunun üçün müəyyən hazırlıq mərhələsindən keçir, psixoloji olaraq buna hazır olduğu vaxtı gözləyir. İntihara qədər şəxs müəyyən depressiya yaşayır, çıxılmaz vəziyyətə düşür, özünə qapanır. Əlbəttə, şəxsin bu durumu ilkin olaraq ailəsinin diqqətini çəkməli, onlardan dəstək görməlidir”. Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda kişilərlə yanaşı qadınları da intihara sürükləyən əsas amil cəmiyyətlə münasibətdə konfliktin yaranmasıdır: “Konflikt yalnız kiminləsə dalaşmaq mənasında anlaşılmamalıdır. Konflikt həm də cəmiyyətin ona, yaxud onun cəmiyyətə münasibətində ziddiyyətin yaranması, fikir və düşüncələrinin qəbul edilməməsidir”. Son 14 gündə Azərbaycanda 19 intihar hadisəsi baş verib!