Marketlərdə vergi müfəttişlərinin çaylı, mürəbbəli yoxlama əməliyyatı… - REPORTAJ, FOTOLAR

Marketlərdə vergi müfəttişlərinin çaylı, mürəbbəli yoxlama əməliyyatı… - REPORTAJ, FOTOLAR

Bu gün səhər saatlarından başlayaraq, Vergilər Nazirliyi əksər marketlərdə yoxlamalara başlayıb. Nazirliyinin əməkdaşlarının üz tutduğu obyektlərin əksəriyyəti iri marketlər şəbəkəsinə daxildir. 

Aprelin 20-də qapıları açan marketlər Vergilər Nazirliyinin mülki geyimli əməkdaşları ilə qarşılaşıblar. Nazirlik əməkdaşları marketlərdə kassalarda aparılan əməliyyatlara nəzarət ediblər.
Musavat.com olaraq, Bakıda fəaliyyət göstərən iri marketlər şəbəkələrindən bir neçəsində deyilənləri yerində müşahidə etməyə çalışdıq.
İlk baş çəkdiyimiz “Grand” marketlər şəbəkəsinin “Həzi Aslanov” metrostansiyasının çıxışındakı marketi oldu. Marketə daxil olarkən kassaların ətrafında bir neçə kostyumlu şəxsin dayandığını və kassalardakı əməliyyatlara nəzarət etdiklərini gördük. Bu şəxslərin kimliyini market əməkdaşlarından öyrənərkən məlum oldu ki, kostyumlu şəxslər Vergilər Nazirliyinin əməkdaşlarıdır və səhər saatlarından etibarən marketə gəliblər. 
Nazirlik əməkdaşları əsasən kassa əməliyyatlarına, satıcıların işinə nəzarət edirlər. Saat 10:00-dan marketə gələn nazirlik əməkdaşlarına çay süfrəsi də açılıb. Onlar kassaların yanında mürəbbəli, limonlu çaydan içərək, müşahidələrini davam etdirirdilər. 
Market əməkdaşları ilə ətraflı söhbət edə bilməməyimizin səbəbi nazirlik əməkdaşlarının orada olması idi. Yoxlamalarla bağlı vergi müfəttişlərindən də münasibət öyrənməyə cəhd etdik. Lakin nazirlik əməkdaşları bu barədə nazirliyin mətbuat xidmətinə müraciət etməyi məsləhət gördülər.
Daha sonra yaxınlıqdakı “Neptun” marketinə yollandıq. Burada da eyni ilə kassaların başında bir neçə kostyumlu şəxsin müşahidə apardığının şahidi olduq. Marketdə çalışanlardan öyrəndik ki, həmin şəxslər Vergilər Nazirliyinin əməkdaşlarıdır və səhər saatlarında etibarən marketə gəliblər.
Market əməkdaşları son zamanlar nazirlik tərəfindən tez-tez yoxlamalar aparıldığını və bunun onların işinə çox ciddi problemlər yaratdığını bildirdilər. Həmçinin onu da öyrənə bildik ki, bu gün “Neptun” marketlər şəbəkəsinin bütün filiallarında vergi müfəttişləri tərəfindən yoxlamalar aparılır.
“Supermarket N 1” mağazalar şəbəkəsinin yaxınlıqdakı, Xətai rayonu, Nobel prospekti 189A ünvanına yollandıq. Market əməkdaşlarından öyrəndik ki, Vergilər Nazirliyinin işçiləri tərəfindən səhər saatlarında yoxlama aparılıb. Lakin daha sonra nazirlik əməkdaşları gediblər.
“Supermarket N 1” mağazalar şəbəkəsinin Nəsimi rayon, Salamzadə 110 ünvanında yerləşən filialından da musavat.com-a bildirildi ki, bu gün həmin mağazada və şəbəkənin digər marketlərində də yoxlamalar aparılıb.
Azərbaycandakı ən böyük marketlər şəbəkəsi olan “RAHAT” marketlər şəbəkəsi də vergi yoxlamlarından nəsibini alıb. Bu gün adını qeyd etdiyimiz şəbəkənin də bütün marketlərində də yoxlamalar aparılıb. 
Xatırladaq ki, bu şəbəkənnin 10 mağazası bağlanıb. Həmin mağazaların 6-sı Bakıda, 4-ü isə rayonlarda fəaliyyət göstərirdi. Həmin marketlərin bağlanma səbəbi kimi vergi dərəcələrinin yüksək olması göstərilirdi.
Musavat.com-a daxil olan başqa bir məlumata görə, “ENDİ” mağazalar şəbəkəsinin bir neçə marketi bu gün vergi yoxlamalarından sonra bağlanıb. Bu şəbəkənin Bakıda 12 marketi fəaliyyət göstərirdi. Həmin marketlərdən 4-nün bugün aparılan vergi yoxlamalarından sonra bağlandığı bildirilir.
Bu gün "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Bolmart", "Favorit" marketlər şəbəkələrinə daxil olan digər marketlərdə də Vergilər Nazirliyi tərəfindən yoxlamaların aparıldığı bildirilir.
Xatırladaq ki, aprelin 18-də "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etmişdilər. 
Sahibkarlar vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər. Bu müraciətdən sonra nazir sahibkarları qəbul edərək, onların problemlərini dinləmişdi.
Nazirlikdən verilən açıqlamada isə bildirilirdi ki, sahibkarları narahat edən problemlər araşdırılır.
Bu gündən başlayaraq, vergi yoxlamaları daha da geniş miqyasda aparılmağa başlanıb. 
Ancaq Vergilər Nazirliyindən aparılan yoxlamalarla bağlı məlumat öyrənmək cəhdlərimiz heç bir nəticə vermədi.
 
 






 






Fikirlər