Bu, zaman-zaman qabaran mövzudur, çox çeynənib deyə, artıq əvvəlki illərdən fərqli olaraq biz də “Yeni Müsavat”ın kursu, yolu, mübarizəsi haqda deyilən yaxşı-yaman sözlərə top-tüfənglə cavab vermirik.
Kimsə mütləq deyəcək ki, cavab verməyə diliniz, üzünüz yoxdur. Yox, elə deyil. Heç cavab verməkdən yorulmuşluq, usanmışlıq amili də ciddi rol oynamır. Sadəcə, görürsən ki, xeyri yoxdur, tənqidçilər dəstəsi mütləq nəsə tapır, danışır, yazırlar, ara yerdə mübahisəyə enerji gedir.
Məsələn, tənqidçilər dəstəsi uzun illər “Yeni Müsavat”ı partiya qəzeti olmaqda ittiham edirdilər, deyirdilər, bir partiya başqanı qəzet təsisçisi ola bilməz. Gün gəldi, İsa Qəmbər “Yeni Müsavat”ın təsisçiliyini qəzetə verdi və “Yeni Müsavat” tədricən müstəqilləşməyə başladı.
Bu dəfə də, demək olar ki, eyni adamlar qəzeti demokratik mübarizə yolundan sapmaqda, müxalifət qəzeti olmamaqda suçlamağa başladılar.
Beləcə, partiya qəzeti olanda da tənqid olunurduq, müstəqil qəzet olmaq istəyəndə də.
Hazırda müxtəlif səpkili yazılarımıza gələn şərhlərdən dörddə biri mütləq qəzetin kursuyla bağlıdır, eyzən qeyd edirlər ki, bu, 2003-cü ildəki qəzet deyil, etiraf edin.
Burada danılası bir şey yoxdur, doğrudan da elədir. Hazırda “Yeni Müsavat” nə 1995-ci ildəki qəzetdir, nə də 2000-2003-cü ildəki. Heç 2010-cu ildəki kimi də deyil. Əminliklə demək olar ki, 3 ildən sonra da 2016-cı ildəki qəzet olmayacaq.
Çünki zaman yerində durmur, su kimi axıb gedir və özüylə bərabər dövranı da dəyişir, güc nisbətlərini də, ovqatları da, intriqa mərkəzlərini də, maraqları da, bir sözlə, hər şeyi.
Bu qədər əsaslı surətdə və sürətlə dəyişən dünyada dəyişməz qalmaq nə mümkündür, nə də düzgün.
Bəli, düz deyirlər, biz indi 2003-cü ildəki kimi yaza bilmirik. Buna imkan verən yoxdur. Avtoritarizm gücləndikcə, tənqidçi medianın da çərçivəsi daralır.
Açığı, indi əski səpkidə yazılan yazıları həmin kütləvilikdə oxuyan yoxdur. Oxucuların önəm verdiyi mövzular da dəyişib, indi onu müxalifət partiyalarının arasındakı münasibətlərdən daha çox, ölkədəki oliqarxlar və digər real güc mərkəzləri (klanlar) arasındakı münasibətlər maraqlandırır.
Ümumiyyətlə, istənilən ölkədə müstəqil qəzetlər hər zaman cəmiyyətin güzgüsü olur, ölkədə nə baş verirsə, onu göstərir. Əgər siyasi mübarizə mediada sönük işıqlandırılırsa, demək, ölkədə siyasi mübarizə sönükdür.
Heç ola bilməz ki, ölkədə ictimai fəallıq yüksək olsun, insanlar kütləvi etiraz aksiyaları keçirsinlər və müstəqil qəzetlər, saytlar bunu görməzliyə vurub, iqtidarın inhisarında olan media qurumlarına qoşulsunlar.
Ancaq dəfələrlə yazdığımız kimi, bir media orqanı siyasi mübarizənin avanqardı, lokomotivi ola bilməz. O Lenin dövründə olub ki, inqilabi qəzetlər kütləni öz arxasınca aparıb. İndi o cür mümkün deyil, üstəlik, yasaqdır.
Düzdür, qəzet ölkədəki həqiqətlərdən yazmalıdır - xüsusilə də sadə xalqın bilmədiyi həqiqətlərdən. Ancaq biz real həyatda nə görürük? Görürük ki, xalqın gerçəklərə dair bilgiləri jurnalistlərinkindən çoxdur. Adi xeyir-şər məclislərində jurnalistə yaxınlaşan adamlar o qədər sensasion xəbərlər verir, təfərrüatlar danışırlar ki... Həm də bunun yazılmasını istəyirlər.
Özlərinin pıçıltı ilə, həndəvərə göz gəzdirərək verdikləri məlumatın yazılmasını istəyənləri qorxaqlığa görə qınamırıq, anlayırıq ki, hər kəsin qorxmaq üçün mütləq tutarlı arqumenti var. Ancaq insanların yüzdəyüz və kütləvi şəkildə bildikləri həqiqətin qəzetdə, saytda yazılmasını istəmələri də başqa məsələdir. Onlara elə gəlir ki, bu yazılarla nəyisə dəyişmək olar, guya xalq bunları bilsə, tamam başqa addımlar atar.
Elə deyil. Xalq hər şeyi bilir - ölkədəki korrupsiyanın dərəcəsini də, kadr siyasətində qohumbazlıq və yerlibazlığın rolunu da, inhisarçılığı da, oliqarxların mafiozluğunu da, qanunsuz toplanmış sərvətlərin miqdarını da. Etiraz etmək istəyirsə, buyursun, hansısa qəzetdəki ifşaedici yazını gözləməsin.
Bir çox tənqidçilər isə daima jurnalistləri cəsarətli olmağa çağırırlar, amma özləri heç vaxt adicə sosial şəbəkədə cəsarətli bir fikir yazmırlar. Çünki bunun təhlükəli olduğunu bilirlər.
Son günlər qəzetimizə qarşı bir neçə tənqidi status yazan hörmətli ziyalımız da indiyə qədər çalışdığı və hazırda işlədiyi yeri göz önünə alsaydı, bəlkə də gün əyiləndən sonra dissident olmaq və ya elə görünmək fikrinə düşməzdi.
AzerTaym.az