Ayaz Mütəllibov Moderator.az-a eksklüziv müsahibə verdi
Putin Ermənistanda əslində təəccüb doğurmayacaq bir açıqlama ilə çıxış edib ki, biz heç vaxt Zaqafqaziyadan çıxıb getməyə hazırlaşmamışıq. Bu bəyanat hər üç Cənubi Qafqaz respublikasını təhdid etmək deyilmi?
Hər şeydən əvvəl, bu daha çox strateji cəhətdən əhəmiyyətli bir regionda Rusiyanın öz təhlükəsizliyi naminə maraqlarını qorumaq niyyəti barədə xatırlatmadır. Bu nəinki üç Zaqafqaziya respublikalarına, həmçinin Rusiyanın onun ənənəvi təsir dairəsində saxladığı bu bölgədən sıxışdırılıb çıxarılması niyyətlərini gizlətməyən Qərbə də ünvanlanıb. Putinin sözlərinə müxtəlif cür yanaşmaq olar, ancaq bu tarixi mərhələdə təzyiqlə Rusiyanı öz milli maraqlarını dəyişməyə vadar etməyə çətin ki kiminsə gücü çata. Etiraf etməliyik ki, siyasətçilərin söylədikləri ilə üstüörtülü niyyətləri arasında böyük fərq olur və bunu həmişə nəzərə almalıyıq. Bu halda V.Putin diplomatik etiketi istisna edib və Cənubi Qafqaz regionunda öz ölkəsinin maraqlarına açıq münasibət bildirib. Həm də nəzərə almaq lazımdır ki, müstəqil dövlətlər olmasına baxmayaraq, Cənubi Qafqazda və Rusiya ərazisində yerləşən Şimali Qafqazda yaranan vəziyyəti Rusiyada həmişə birləşmiş damarlar kontekstində nəzərdən keçirirlər.
Azərbaycan hakimiyyətində sanki Türkiyədəki Ərdoğan höküməti kimi bir yanlış anlam var ki, Avropa bizə daha çox möhtacdır, nəinki biz Avropaya. Bu düşüncələri şərh etməyinizi xahiş edirəm.
Mən hesab etmirəm ki, bu fikirlərin real əsası var. Son illərdə Azərbaycanın xarici siyasətinin Avropa istiqamətində böyük işlər həyata keçirilib və əminəm ki, bu istiqamət bundan sonra da real məzmunla zənginləşəcək. Azərbaycan rəhbərliyi Avropa Şurasının tərkibində aparıcı Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulmasının bütün vacibliyini dərk edir. Belə bir anlam var ki, bizim Avropaya olan münasibətimiz bundan sonra da xarici siyasətimizin prioritet istiqamətlərindən biri olmalıdır. Avropa dəyərlərinə sadiqlik insan fəaliyyətinin bütün sahələrində, xüsusilə mədəniyyətdə təzahür etməlidir. Buna əsas verən odur ki, azərbaycan cəmiyyəti avropa mədəniyyətinə çoxdan uyğunlaşmışdır. Bu, avropalıların Heydər Əliyev Fondunun xüsusilə Avropa ölkələrində böyük təbliğat fəaliyyətinə olan münasibətində özünü göstərir. Fond ölkənin XİN-nin Avropa istiqamətindəki fəaliyyətinə bir növ dayaq olur və konkret fəaliyyətlə ona köməklik göstərir. Ona görə də “Avropa bizə daha çox möhtacdır, nəinki biz Avropaya” düşüncəsi bizim maraqlarımıza cavab verə bilməz. Mən başa düşürəm ki, bütün bunlar Avropa demokratik institutlarının diqqətində olan mövcud problemlərə görə ölkəmizin ünvanına olan tənqidi fikirlərə müəyyən dərəcədə olan reaksiyadır. Lakin Avropada Azərbaycanın tərəfdarları da az deyil. Ona görə də onun ayrı-ayrı nümayəndələrinin fikirlərini nəzərə alaraq özümüzü kənara çəkməməliyik.
Azərbaycanın Avropa İttifaqı ilə nəzərdə tutulan assosasiya sazişini imzalamaqdan imtina etməsi Qərbdə antiAzərbaycan ovqatının güclənməsinə təkan verə bilərmi?
Kim Qərbdə müəyyən məqsədlə geosiyasi konstruksiyaların formalaşması ilə məşğul olur (məqsəd olmadan orada heç bir iş görülmür), əlbəttə ki, məyus olmalıdır. Amma bu bizi narahat etməməlidir. Əgər Şərqi Avropa ölkələri Assosiasiyasının yaradıcıları altruizm niyyətində deyil, öz maraqları naminə hərəkət edirlərsə, belə olan halda onun tərkibinə daxil olanlara da öz maraqlarını hesablamaq gərəkdir. Bu əhəmiyyətsiz məsələ deyil. Məsələ bundadır ki, Azərbaycan bu vəziyyətdə konkret nələri qazanır və nəyi itirə bilər. Əlbəttə ki, söhbət ilk növbədə iqtisadiyyatdan gedir. Əgər Assosiasiyaya daxil olmaq istehsalın və kənd təsərrüfatı xammalının emalı həcminin azalmasına səbəb olacaqsa, bəs bu itkilərin yeri nə ilə doldurulacaq və işçilər, fermerlər nə işlə məşğul olacaqlar? Onlar öz məhsullarını harada satmalı olacaqlar? Prinsipcə, Azərbaycan özünü təmin edən ölkədir. Bu gün onun bu xüsusiyyəti onun karbohidrogen ehtiyatları sayəsində təmin olunur. Neft və qaz ilə hər şey aydındır. Bu resurslar onlar üçün mövcud olan standartlara uyğundur. Yəni neft və qaz bazarında onların satışını həyata keçirməyə heç nə mane olmur. Yalnız onu əlavə edə bilərəm ki, Azərbaycan iqtisadiyyatın bu sektorunda neft və qaz sahəsi ilə əlaqəli sahələri – neft emalı, neft kimyası, kimya polimerləri və dünyada neft və qazdan istehsal olunan bütün məhsullar üzrə ixtisaslaşdırılmış digər istehsal sahələrini yenidən strukturlaşdırmaq lazımdır. Bu, karbohidrogen ehtiyatlarından istifadənin səmərəliliyini artıracaq. Bunu ona görə etmək lazımdır ki, gələcəkdə hasil edilən neft və qazın həcminin aşağı düşməsindən ölkə iqtisadiyyatına dəyən ziyandan qaçmaq mümkün olsun. Ölkənin aqrar-sənaye kompleksində avro standartların tətbiqi böyük yatırımlar tələb edir. Bəs pulu haradan əldə etməliyik? Neft fondundan? Bu nə dərəcədə səmərəlidir? Əlbəttə, Avropa Birliyinə daxil olmaq kifayət qədər nüfuzludur. Lakin ölkə iqtisadiyyatı bundan nə qazanacaq? Buna görə Azərbaycandan incimək lazım deyil. Yetər ki, neft və qaz xətlərinin vaxtilə inşası sayəsində o təbii sərvətləri İlə bölüşür. Bu xətt gələcəkdə də inkişaf edəcək. İndikindən fərqli olaraq, Avropa ölkələri bunun müqabilində praktik baxımdan daha geniş spektrdə investisiya qoyuluşunu artıra bilərdi. Bu, ölkə iqtisadiyyatının avropa standartına keçidi üçün şərait yaradılmasına kömək edərdi. Əks halda iş gözlənilməz çətinliklərlə nəticələnə bilər.
Rusiyada yaşayan azərbaycanlılara qarşı birdən-birə belə bir miqyasda təzyiqlərin başlanmasını Siz nə ilə izah edərdiniz?
İttifaqın dağılması nəticəsində respublikalar arasında iqtisadi əlaqələr pozulduqda insanları müxtəlif ölkələrə üz tutmağa məcbur edən kütləvi işsizlik baş verdi. Azərbaycandan gedənlərin çoxu Rusiyada yerləşib. O vaxtdan bəri onların sayı illər keçdikcə ondan ötrü artmışdı ki, azərbaycan diasporunun timsalında siyasi xarakter amili möhkəmlənmişdi. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində də təbii ki, Azərbaycanın xeyrinə bu amilin əhəmiyyəti artmışdı. Vurğulamaq istəyirəm ki, Rusiyada, xüsusilə Moskvada, bütövlükdə əmək miqrantları, xüsusilə də azərbaycanlılar haqqında mənfi rəy tədricən artırdı. Yerli səviyyədə bu fikir genişləndi ki, əmək miqrantları Rusiyaya yığılır, rusların iş yerlərini əllərindən alır və onların hesabına zənginləşirlər. Əslində isə əmək miqrantları, bir qayda olaraq rusların görmək istəmədiyi işlərə yiyələnirdilər. Bu ağır əmək şərtləri ilə insan əməyinin istifadə sahələri, eyni zamanda Rusiyada bu gün və yaxın gələcəkdə də kifayət qədər gərgin olaraq qalacaq demoqrafik vəziyyətdəki qüsurları kompensasiya edirdi. Əgər 90-cı illərin əvvəllərində Azərbaycanın öz vətəndaşlarını işlə təmin etmək imkanları yox idisə və hakimiyyət işləməyə gedənlərin həm özünü, həm də qohumlarını saxlamağı ilə kifayətlənirdisə, indi tədricən düşünmək lazımdır ki, elə bir vəziyyət yarana bilər ki, Azərbaycandan olan əmək miqrantları ölkə rəhbərliyi üçün siyasi təzyiq vasitəsinə çevrilə bilər. Ona görə də hesab etmək olmaz ki, Rusiyada azərbaycanlılara münasibət mənfiyə doğru gözlənilmədən dəyişib. Konkret olaraq, söhbət Rusiya rəhbərliyinin postsovet məkanında Rusiyanın başladığı inteqrasiya proseslərində Azərbaycanı görmək istəməsindən gedir.
Uzun illər Moskvada yaşamısınız, dövlət siyasəti bəllidir, bəs Rusiya elitası bir millət olaraq ermənilərə daha çox simpatiya bəsləyir, yoxsa azərbaycanlılara?
Əslində bu gün Rusiyanın Ermənistana olan münasibəti Azərbaycana nisbətən daha üstündür. Burada yeni heç bir şey yoxdur. Rusiya və Ermənistan münasibətləri qədimdir və bununla fərqlənir ki, ermənilər bütün dövrlərdə öz maraqları naminə Rusiya imperiyasının qüdrətindən istifadə etməyə çalışmışlar. Bu zaman onlar, necə deyərlər, bu işi görməyə tənbəllik etmirdilər və uğurlar qazanırdılar. Onların münasibətlərinə müəyyən dərəcədə din müsbət təsir göstərirdi. Nə deyirsən de, ermənilər dini amildən həm keçmiş əsrlərdə, həm də indidə məharətlə istifadə etmişlər. Özü də təkcə Rusiyada deyil, digər xristian dininə etiqad edən dövlətlərdə də bu baş verir. Bu xristian birliyindən ən çox biz azərbaycanlılar XIX-XXI əsrlərdə zərər çəkmişik. Azərbaycanlıların ənənəvi yaşayış ərazisində kifayət qədər ermənilərin yerləşdirilməsini buna misal göstərmək olar. Əslində, XX əsrin əvvəlində sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarında erməni dövləti yaradılıb. Qeyd etmək yerinə düşərdi ki, birinci dünya müharibəsi ərəfəsində rus-türk hərbi münaqişəsi zamanı Türkiyənin Şərqi Anadolu ərazisində erməni muxtariyyəti yaratmaq cəhdi baş tutmayanda, XX əsrin əvvəllərində yerli əhalisi azərbaycanlılar olan ərazilərdə erməni dövləti yaradıldı. Amma bu artıq çoxdan tarixə çevrilib. Tarixi təcrübədən istifadə edərək bu gün qarşıda duran vəzifələr barədə düşünmək lazımdır. Fürsətdən istifadə edərək oxuculara onu xatırladım ki, Azərbaycan-Ermənistan qarşıdurması tarixində ilk dəfə olaraq M.Qorbaçov tərəfindən Dağlıq Qarabağ və onun ətraf rayonlarında qanunsuz hərbiləşdirilmiş dəstələrin tərksilah edilməsi və pasport rejiminin yoxlanılması haqqında onun elə öz fərmanının diplomatiya yolu ilə reallaşdırmasına nail ola bildik. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində erməni əhalisi ilə birlikdə 24 kənd yaraqlılardan azad edildi. Şaumyan kənd rayonunun adı dəyişdirildi. Erməni əhalisi olan yüksəklik kəndi Çaykənd azad olundu və bu gün orada Ermənistandan qaçqın düşmüş azərbaycanlılar yaşayır. Yeri gəlmişkən, ermənilər SSRİ-nin birinci və sonuncu prezidentinin belə bir sanksiya verməsinə, əməliyyat həyata keçirilməsinə təəccüblənmişdilər. Ona görə də demək olar ki, bu hamı üçün bir olan Allahın iradəsi sayəsində mümkün olmuşdur. Sadəcə, Rusiya ilə işləmək lazımdır. Daha şikayət etməməliyik ki, o ermənilərə daha yaxşı münasibət bəsləyir, nəinki biz azərbaycanlılara.
20 noyabr terrorunun ildönümündə professor Rafiq Əliyevin saytımıza bir açıqlaması vardı ki, bu qəza baş verməsəydi, Azərbaycanın inkişaf vektoru indikindən fərqli olardı. Siz bir az da dəqiqləşdirə bilərsinizmi, o vaxtkı komandanızla Qarabağı işğaldan azad etmək həmin dövrün geopolitik şərtləri daxilində mümkün idimi?
Bəli, biz Qarabağ probleminin həllinə məhz ona görə yaxın idik ki, 1991-ci ilin aprel–iyun aylarında Dağlıq Qarabağ və ona bitişik olan Şaumyan kənd rayonunun demilitarizasiyasını həyata keçirmişdik. Münaqişə dövründə ilk dəfə olaraq, qarşıdurmanı dayandırmaq və münaqişəni sülhlə qurtarmaq üçün 1991-ci ilin iyulunda Bakıya mənimlə görüşə Xankəndidən beş nəfər gəlmişdi. Şərtləşmişdik ki, onlar Ermənistan prezidenti ilə də danışacaqlar və sonra biz müvafiq sənəd tərtib edərək onu imzalayacağıq. Bizə niyyətimizin gerçəkləşməsi qismət deyilmiş, FHDK prosesə mane oldu. Məlumdur ki, 1991-ci ilin avqust ayından etibarən 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasına gətirib çıxaran mərkəzdənqaçma meyilləri gücləndi. 1991-ci il dekabrın 8-də Belovejskaya meşəsində üç slavyan respublikası - Rusiya Federasiyası, Belorus və Ukrayna SSRİ-nin yaradılması haqqında 1922-ci il tarixli aktı ləğv edərək eyni vaxtda Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında (MDB) qərarı elan etdilər. Biz ikinci dəfə Xocalının, erməni yaraqlıların işğal etdikləri digər azərbaycan kəndlərinin geri alınmasının iki addımlığında idik. Bundan başqa biz Dağlıq Qarabağı sülhə məcbur edə və münaqişəni sülh sazişi ilə başa vura bilərdik. Bu əməliyyatı Azərbaycanı sonradan tərk edəcək 23-cü motoatıcı diviziya ilə birgə 1992-ci il martın 6-da həyata keçirməli idik. Həmin gün AXC respublika Ali Sovetini blokladaya aldı və məni istefam barədə şifahi bəyanat verməyə məcbur etdi. Hakimiyyətə gəlməyə nail olan AXC-nin “coşqun fəaliyyəti” Azərbaycanın 7 rayonunun gələcəkdə itirilməsinin qarşısının alınması üçün işlərin həyata keçirilməsinə mane oldu.
- Bəlkə də bu suala bir neçə dəfə cavab verdiyinizdən Sizi bezdirib, ancaq lütfən ən yaxın tariximizi hər kəsin bilməsi üçün çox önəmlidir, Siz 92-ci ilin 14 mayında yenidən prezident kürsüsünə yiyələndikdən sonra postunuzu qoruya bilsəydiniz doğrudanmı Rusiyanın köməyi ilə Şuşanın geri qaytarılması real idi? Rusiya hansı məntiqlə müstəqilliyini həzm edə bilmədiyi Azərbaycana belə bir jest etməliydi? Elə isə sirr deyilsə, qarşılığında istədiyi güzəştlər hansılar idi?
Təşkilatın mövcud doktrinasına əsaslanaraq hakimiyyətin inqilabi yolla ələ keçirilməsinə üstünlük vermiş AXC-nin mənə təzyiqi olmasaydı, həmin tarixi kəsimdə, hətta postsovet şəraitində belə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması real idi. Şuşanın ələ keçirilməsi barədə söz-söhbət ümumiyyətlə olmamışdı. Qarşımızda heç kim heç bir şərt qoymamışdı. Bu zaman biz milli ordunun yalnız kağız üzərində mövcud olduğu bir vaxtda MDB Baş Komandanlığının tərkibinə daxil olmaq barədə təklifə getməli idik. Bu hadisələr 1991-ci ilin dekabrı və 1992-cu ilin fevralı ərəfəsinə, yəni SSRİ dağıldıqdan sonra yeni geosiyasi reallıq şəraitində Müstəqil Dövlətlər Birliyinin yaradılması dövrünə düşürdü. Məlumdur ki, Rusiya Federasiyası beynəlxalq birliyin artıq keçmiş subyekti olan SSRİ-nin süqutundan sonra onun varisi oldu. Amma əgər SSRİ, onda vahid dövlət kimi Rusiya Federasiyası öz təhlükəsizliyini təmin edirdi, bu mənada, İttifaq dağılandan sonra sərhədsiz oldu. Bu zaman SSRİ vahid dövlət kimi öz təhlükəsizliyini təmin edirdisə də, amma Rusiya Federasiyası İttifaq dağılandan sonra sərhədsiz qalmışdı. Onun perimetri üzrə keçmiş müttəfiq respublikaların timsalında müstəqil dövlətlər yaranmışdı. Rusiya rəhbərliyi qarşısında problemlərlə dolu bir vəziyyət yaranmışdı. Öz sərhədlərini qaydaya salmaq üçün hansı vasitələr və nə qədər vaxt lazımdır? Rusiya hansı yolla öz təhlükəsizliyini təmin etməlidir? Başqa ölkələrin Rusiyanın təhlükəsizliyinə zərər vura biləcək hərbi-strateji obyektlərin yaradılması üçün MDB üzvü olan ölkələrin ərazilərinə girməsindən Rusiya özünü necə qorumalıdır? Belə məsələlər müəyyən mərhələdə MDB ölkələrinin fəaliyyətinin əlaqələndirilməsini tələb edirdi. Məhz bu məqsədlə MDB-nin müvafiq institutları, o cümlədən MDB Baş Komandanlığı yanında müdafiə nazirləri Şurası yaranmışdı. AXC-nin təzyiqi altında biz bu Şuranın tərkibinə daxil olmadıq, çünki digər variantda Azərbaycanda hakimiyyəti ələ keçirmək mümkün olmazdı. Azərbaycan üçün çox məsuliyyətli bir dövrdə, yəni özümüzü müstəqil qorumaq imkanlarımız olmadığı bir şəraitdə, MDB kollektiv təhlükəsizlik sisteminə daxil olamaqdan imtina etməyimiz, əlbəttə ki, Rusiya rəhbərliyində müvafiq reaksiya doğurmaya bilməzdi. Yadımdadır, həmin gün Rusiya prezidenti B.Yeltsin mənə zəng edərək xahiş etdi ki, respublika silahlı qüvvələrinin (dediyim kimi, onlar o vaxt mövcud deyildi) MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmasından imtina edilməməsi barədə onun xahişini deputatlara çatdırım. B.Yeltsin onda mənə bildirdi: "Mən bilirəm ki, indi siz deputatlar qarşısında çıxış edirsiniz, ona görə də zəng etdim ki, xahişimi onlara çatdırasınız". O eyni zamanda bildirdi ki, Xankəndidə yerləşən 366-cı motoatıcı alayın buraxılması haqqında tapşırıq verib. Məlumdur ki, bizim deputatlar, xalqın qulluqçuları öz razılığını vermədilər. Rus dilində belə bir deyim var: "политика есть искусство возможного". Yəni bu, siyasətdə məqsədəyönlü fəaliyyət göstərməklə elə bir şərait yaratmaq bacarığıdır ki, həmin şəraitdə arzuedilməz imkanlar öz real xarakterini itirir, həqiqətə çevrilə bilmir və əvəzində arzuedilən imkanlar real xarakter alaraq həqiqətə çevrilir. Biz MDB-nin bütün institutlarında heç olmasa müvəqqəti olsa da iştirak etməli idik ki, bizim imtinamızın gələcək mənfi nəticələrinin qarşısını ala bilək. Məhz bunu əsas tutaraq, silahlı qüvvələrin məsləhət əsaslarla MDB Baş Komandanlığının tərkibinə daxil olması haqqında sazişin imzalanması hüququnun mənə verilməsini deputatlardan xahiş etmişdim. Elə bu qaydada, korporativ maraqlara əsaslanaraq mənimlə mübarizə aparan müxalifət, həmin dövrun belə deyək parlamenti Azərbaycan Respublikasının MDB-yə daxil olması haqqında sazişin ratifikasiyasını, yəni sazişin altında mənim imzamı təsdiq etməkdən imtina etdi. Baxmayaraq ki, həmin saziş altında mənim 1991-ci il dekabrın 21-də qoymuş olduğum imza, sözün həqiqi mənasında, Azərbaycanı parçalanmaqdan xilas etdi. Mən bu barədə dəfələrlə demişəm, həmin hadisədən qabaq bizi MDB dövlət başçılarının Alma-Atada keçirilmiş ikinci iclasına dəvət etməmişdilər. Mən oraya dəvət olunmadan, özüm gedmişdim. Çünki hiss edirdim ki, Azərbaycan əleyhinə iyrənc təxribat hazırlanır. Nəticədə, Rusiyanın vəzifəli şəxslərinin Rusiya prezidentinə təsir göstərmələrinə və bizim MDB-yə daxil olmaq hüququndan imtina edilməsi barədə iclasdan əvvəl qəbul edilmiş qərarı dəstəkləməklərinə cəhd etmələri şəraitində MDB üzvlüyünə Yeltsini razılıq verməyə məcbur etmək mənə müyəssər oldu. Beləliklə, sazişi imzalamış keçmiş on ittifaq respublikaları ilə birlikdə Azərbaycan Respublikası da Birləşmiş Millətlər Təşkilatına üzv oldu. Bu, 1992-ci il martın 2-də BMT Baş Assambleyasında baş verdi. Amma bir az əvvəl Xocalıda baş vermiş faciənin şok yaratdığı bir şəraitdə həmin il martın 6-da AXC-nin təzyiqi altında məni istefa verməyə məcbur etdilər. Lap məşhur bir məsəldə deyildiyi kimi: "Mavr işini görüb, indi o gedə bilər". MDB Dövlət Başçılarının ikinci iclasının kuluarlarında o vaxt mən təkbaşına vəziyyətdən qalib çıxa bilmişdim. 1992-ci il fevralın 14-də isə Minskdə MDB-nin növbəti iclasında mən uğuru təkrarlaya bilmədim. Milli Məclis Baş Komandanlıq tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına Azərbaycan Ordusunun daxil olması haqqında sazişin imzalanması üçün mənə səlahiyyətlər verilməsi xahişi ilə ona olan müraciətimi qəbul etməyərək mənə belə bir səlahiyyət vermədi. Nəticədə etibarı ilə mən bu sazişi imzalamadım və bununla da hiss etdim ki, AXC sayəsində biz özümüzü pis vəziyyətə saldıq. Məndən soruşula bilər, əgər haqlı olduğunuza əmin idinizsə, niyə siz özünüz imzalamadınız? Cavab belədir: “İstəmirdim ki, bir vaxtlar dəbdə olan məsələ kimi mənim opponentlərim mənə xalq düşməni etiketini yapışdırsınlar”. Fürsətdən istifadə edərək, o vaxtkı vəziyyət üzərində bir anlıq dayanmaq istərdim. Bu düşünmək üçün məlumat olacaq. Tamerlan Qarayev 1992-ci il fevralın 15-də Minskdən qayıdanda mənim yanıma gəldi. O həmin vaxtlar respublika Ali Soveti Sədrinin müavini idi. Məlum oldu ki, o, müsəlman ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İranda keçirilən konfransından indicə qayıdıb. Qarayev Tehranda gördükləri, təəssüratları barədə heyranlıqla mənə danışdı və konfransın işində mütləq iştirak etməyimi təkidlə mənə məsləhət gördü. Bu zaman o, hətta Tehrana səfərdə məni müşayiət etməyi belə boynuna götürdü. Mən ona xatırlatdım ki, o zamankı baş nazir Həsən Həsənov orada iştirak edir. Qarayev "Sizin səfəriniz Tehranda yaxşı qarşılanacaq" - deyə mənə bildirdi. Dediklərinin təsiri altında mən qərar qəbul etdim və biz Tehrana uçduq. Həqiqətən, hətta qısa bir zaman çərçivəsində mən çox maraqlı şeylər gördüm və bu, uzun illərə yaddaşıma həkk olundu. Lakin fevralın 17-də Tehranda olarkən qanımız bərk qaraldı. Bakıdan belə bir məlumat gəldi ki, həmin gün Xocalı qəsəbəsi top atəşinə tutulub. Təcili geri dönməli olduq. Sual olunur: “Bu təsadüfidir, yoxsa nə iləsə üst-üstə düşür?”. Tehranda olmağımız və Xocalının sarsıdıcı bombardman edilməsi... Bunun arxasında duran qüvvələr bununla bizə nə demək istəyirdilər? Daha sonra prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun 1992-ci ilin mayında İrana səfəri və Şuşanın işğalı! Yenə də təsadüf, ya qanlı gizlənpaç oyunu! Sual olunur: “Əgər Tehrana getmək olmazdısa, bəs onda hara getmək lazım idi?”. Qeyd edim ki, müəyyən dairələr İranla yaxınlaşmanı istəməyə bilərdilər. Onların düşüncəsinə görə bu, Azərbaycanın simasında daha bir dini dövlətin meydana gəlməsi ilə nəticələnə bilər, belə ki, məşhur bir kəlam var: "qanun axmaqlar üçün yazılmayıb". Belə də ola bilərdi. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, o zaman bizə hansı şəraitdə işləmək lazım gəlirdi.
- Bu gün hamı gileylənir ki, başqa ölkələrdəki kimi dövlət başçısı mətbuatla təmaslara meyl etmir, brifinq və ya mətbuat konfransları keçirmir. Sizin prezidentlik dönəmində heç mətbuat konfransı və ya brifinq keçirdinizmi? Ümumiyyətlə o vaxt Siz mətbuatla əlaqələri necə qurmuşdunuz?
Mən, mətbuata, xüsusilə xarici mətbuta böyük əhəmiyyət verirdim. Hadisələr bizim həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasını tələb edirdi. Lakin bizim KİV lazımi potensiala malik deyildi. Ona görə də respublikaya gələn kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən bizə göstərilən marağa etinasız yanaşmaq olmazdı. Jurnalistlərlə işlərin əlaqələndirilməsini təcrübəli, deyərdim ki, istedadlı jurnalistlər hesab etdiyim köməkçim Rasim Ağayev, mərhum mətbuat katibim Osman Mirzəyev aparırdı. Mətbuat konfransları çox deyildi. Jurnalistlərin girişi məhdudlaşdırılmırdı. Müxalifət televiziyada yayım vaxtına malik idi. Bu gün vəziyyət də, imkanlar da bambaşqadır. Mətbuat çox şey öyrənib. Ümumilikdə götürdükdə, hakimiyyət informasiya infrastrukturunun inkişafı üçün çox işlər görmüşdür. Mətbuat işçilərinə böyük diqqət göstərilir. Təəssüflər olsun ki, jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsi halları da mövcuddur. Bu, beynəlxalq miqyasda belə halları şişirtməyə əsas verir. İstərdim ki, belə faktlar ümumiyyətlə olmasın. Bu, jurnalistlərin özlərindən də asılıdır. Nəzərə almaq lazımdır ki, jurnalist öz sözlərinə görə məsuliyyət daşıyır. O, hətta ölkənin həyatı barəsində xalqın məlumatlandırılması prosesində cəmiyyətlə, hakimiyyətlə ünsiyyətdə etik normaları pozmamalıdır. Hazırkı Prezidentə gəlincə, deməliyəm ki, populizm üçün vaxt sərf etməyə onun macalı yoxdur. Prezident özünün birbaşa vəzifələri ilə məşğul olur.
- Bu günlərdə verdiyiniz müsahibədəki bir epizodla bağlı bir köşə yazmışdım, linkini köməkçiniz vasitəsilə Sizə də göndərdim, demişdiniz ki, mənim kürsüm bircə vətəndaşımızın da həyatına dəyməzdi. Etiraf edirsinizmi ki, bəzən prezidentə çətin seçim qarşısında qalarkən “dəmir əl” lazım olur və çoxluğun mənafeyi naminə azlığa qarşı sərt addımlar atmağa məcbur olur?
Bəli, mən demişəm ki, prezident kürsüsü bircə vətəndaşın belə qanının axmasına dəyməz. Bu sözlərin arxasında belə bir vəziyyət nəzərdə tutulur ki, həmin anda bu kresloya müxalifət silah gücü ilə qəsd edir. Buna misal olaraq, Xocalı qəsəbəsində baş vermiş faciəli hadisələrlə əlaqədar Dağlıq Qarabağda vəziyyət haqqında məsələnin müzakirəsi üçün AXC respublika Ali Sovetinin növbədənkənar sessiyasının çağırılmasını tələb etməsi ilə 1992-ci il martın 5-6-da respublika Ali Sovetində baş verən dramatik hadisələri göstərmək olar. O günlərdə əgər mən bu üsyanı yatırmaq üçün silah tətbiq etməyə əmr etsəydim, mitinqçilər tərəfindən real olaraq silah işlədilməsi təhlükəsi yaranardı. Belə ki, həmin iclasda çıxış edən demokratik blokdan olan deputatlar sessiyanın tribunasından açıq şəkildə hədə-qorxu gələrək, Ali Sovetin binası qarşısındakı meydanda yerləşən yük maşınlarının daxili qoşunlar alayının əsgərləri ilə birlikdə oradan götürülməsini tələb etmiş və əks halda özünümüdafiə batalyonlarının rayonlardan Bakıya gətriləcəyini bəyan etmişdilər. AXC liderlərinin hədələri yalan ola bilərdi, lakin reallığa da yaxın idi. Gəlin 1990-cı ilin 20 Yanvar hadisələrini xatırlayaq. Axı gələn qoşunlara qarşı silah tətbiq edilmişdi. Bu barədə az danışılır, ancaq istintaq materiallarında belə faktlar var. Müxalifətlə qanlı çəkişmələrin olmaması üçün mən güc istifadəsindən imtina etdim, baxmayaraq ki, həmin dövrün konstitusiyasına uyğun olaraq buna haqqım çatırdı. Ümumiyyətlə, mən öz xalqımla münaqişəyə girmək fikrini yaxına belə buraxmırdım, özü də silahdan istifadə etməklə. Torpaqlarımızda təcavüzkarların əli ilə onsuz da qan tökülürdü. Sizin ifadənizə rəğmən çoxluğun mənafeyi naminə “dəmir əl” vasitəsilə yatırmalıydım fikri barədə mən belə deyərdim. Bəs niyə bu çoxluq televizor qarşısında oturaraq sakitcə seyr edirdi ki, xalqın azlıq hissəsi parlament binası qarşısında toplaşıb qanuni prezidentin istefasını tələb edərək ona necə divan tutur. Deyəcəksiniz ki, heç kim onlara müraciət etməmişdi, heç kim onları dəvət etməmişdi. Bəs onlar özləri niyə təşəbbüs göstərmədilər və bu çoxluq cəmi altı ay əvvəl səs verdiyi prezidentin köməyinə gəlmədi? Əgər o vaxt cəmiyyət öz kamilliyini və vətəndaşlıq mövqeyini göstərsəydi, prezidentin tərəfdarları “qanuni prezidentdən əl çək” şüarları ilə parlamentin binası qarşısındakı meydana toplaşsaydılar, hadisələr başqa ssenari üzrə inkişaf edərdi. Əslində, həmin vaxt Xocalıda baş verən hadisələrə görə mənəvi məsuliyyəti mən öz üzərimə götürməli oldum, halbuki onun müdafiəsi üçün məndən asılı olan hər bir şeyi etmişdim. Axı həmin hadisələrlə əlaqədar müxalif Xalq Cəbhəsinin, ardınca hakimiyyətdə olan ayrı-ayrı şəxslərin uzun illər ərzində mənim ünvanıma yönələn açıq ittihamları ona gətirib çıxarmışdı ki, bu, əslində Dağlıq Qarabağın nəzarətində olunan ərazidə baş vermiş bu faciədə azərbaycanlı izinin olması haqqında ermənilərin hər yerdə danışığına səbəb olmuşdu. Dinməz və hərəkətsiz çoxluq naminə rifah yarada biləcək "Dəmir əl" haqqında suala qayıdaraq xatırladım ki, xalqların tarixində çoxlu "dəmirəlli" hökmdarlar olub. Bir qayda olaraq, onlar üçün nəticəsi ağır olub. Hər şeydən əvvəl, bizə bütün vətəndaşlar tərəfindən eyni dərəcədə bəyənilən qanunlara hörmət etməyi öyrənmək lazımdır.
- İqtidarlı-müxalifətli hamının tamarzı qaldığı və demək olar ki, hər gün danışılan daha bir bezdirici mövzu barədə fikirlərinizi bilmək-özü də mümkünsə daha detallı-bilmək maraqlı olardı, cəmiyyətdə barış mühiti yaratmaq doğrudanmı bu qədər çətindir? İlk addımı kim atmalıdır, hansı qüvvə illər uzunu cəmiyyətin möhtac olduğu bu prosesin lokomotivi rolunda çıxış etməlidir?
Bu mürəkkəb sualdır. Ona birmənalı cavab vermək çətindir. Ətaləti bizim bugünkü reallığımızda da özünü göstərən müəyyən yaşayış ənənələri var. Onlara öz kökünə bağlılıq, yeri və yaşayış mühiti, ictimai quruluşun ənənələşdirilməsi, böyük və kiçik vətənə aiddiyyatı anlayışlarının qipertrofiyası aiddir. Ötən illərdə mərkəz və ətraf arasında münasibətlər sistemində çoxlu dəyişikliklər baş verib, kənd yerlərindən çox sayda insan şəhərlərə, xüsusən paytaxta köçüb. Son 20 il ərzində qaçqınlarla əlaqədar ölkə əhalisinin urbanizasiya prosesi sürətləndi. Bunun mənfi cəhətləri ilə yanaşı müsbət tərəfləri də özünü göstərdi. Belə ki, uzun illər xalqın daha üstün prinsiplər ətrafında birləşməsinə mane olan yerlişilik prinsipləri zəifləməyə başladı. Əlbəttə ki, yanlış olan yerlişilik prinsiplərindən xilas olmaq üçün əməli tədbirləri müəyyən edən bir konsepsiyasının işlənib hazırlanması işində təşəbbüs hakimiyyətə məxsus olmalıdır. Son vaxtlar bəzi jurnalistlər və analitiklər öz leksikonlarında “klan” sözünü coğrafi məkan adları ilə birgə istifadə edirlər. Bu analitiklər bilmirlər ki, bununla da Azərbaycanın bədxahlarına yaxşı tanınan “parçala və hökm sür” müstəmləkə prinsipindən ona qarşı istifadə etməyə əsas verir. Əlbəttə, kadr siyasətinə zəruri düzəlişlər etmək lazımdır. Artıq bunda sonra siyasətçilərin sosial bazasının ayrı-ayrı regionların hesabına formalaşdırılması təcrübəsi ilə razılaşmaq olmaz. Axı bu vahid xalqın regionlara mənsubluq əlamətinə görə bölünməsi, xan-bəy dövrünə, xüsusi knyazlıqlara qayıtmaq deməkdir. Başqa cür desək, bu işlərlə praktik məşğul olmaq üçün istək gərəkdir və şüarlar, çağırışlar etməklə kifayətlənmək olmaz.
- İçi mən qarışıq bir çox insanı çox peşman edir ki, ölkənin ilk prezidentinin təcrübəsindən istifadə edilmir. Siyasəti bir yana buraxaq, tutaq ki, Azərbaycan Diplomatiya Akademiyasındakı tələbələrə, diplomatlara praktik diplomatiyadan dərs keçməyə həvəsiniz və enerjiniz varmı?
Təsadüfən belə bir təklif və ya təşəbbüs gəlsə, razılaşarsınızmı? Mən həmişə demişəm ki, bilik və təcrübəmə uyğun olaraq ölkəyə faydalı ola bilərəm.
- Heç vaxt siyasətlə məşğul olmayan bir ziyalı Azərbaycan kimi çətin geosiyasi təlatümlər məkanında prezident ola, ölkəni idarə edə bilərmi?
Xüsusilə keçid dövründə ölkəyə rəhbərlik etmək çox çətindir. Bu vəziyyətdə təkcə ziyalı olmaq kifayət etmir.