90-cı illərin başlanğıcında Azərbaycan televiziyasının ekranında qəşəng bir qız göründü. Xoş və incə təbəssümü, sərbəst duruşu, dik oturuşu, təmiz nitqi, gözəl diksiyası ilə nəzəri cəlb edən bu xanım tamaşaçıların çox sevdiyi, dinlədiyi və tamaşa etdiyi Kəmalə Hüseynova idi – Azərbaycan televiziyasının o zamankı diktoru.
Kəmalə Hüseynova indi televiziyada çalışmır. Amma bir tamaşaçı olaraq gözüm onu həmişə ekranda axtarır. Elə proqramlar olub ku, məhz Kəmalə xanıma yaraşdırmışam. Düşünmüşəm ki, kaş bu verilişin aparıcısı o olaydı, kaş bu xəbəri o oxuyaydı, kaş... kaş... yəni, Kəmalə xanımla bağlı “ kaş” deyə təəssüfləndiyim məqamlar olub.
Bu günlərdə onunla əlaqə saxladım, Moderator az-ın suallarına cavab verməsini xahiş etdim. Etiraz etmədi. Görüşdük. İş elə gətirdi ki, görüşdüyümüz gün 8 mart qadınlar gününə düşdü, üstəlik də bir neçə gün əvvəl Kəmalə xanımın doğum günü olmuşdu. Həm ötən doğum gününü, həm də 8 mart bayramını təbrik edib suala keçdim:
-Neçə ildi televiziyadan uzaq düşmüsünüz?
- On ildi.
- Darıxmırsız?
- Darıxsam da qəbul etmişəm ki, daha televiziya adlı möcüzəli bir dünya həyatımda yoxdu.
- Bu yoxluğu asanmı qəbul etdiniz?
- Yox, asan olmadı. İlk vaxtlar özümü sudan çıxmış balıq kimi hiss edirdim, boğulurdum, yer tapa bilmirdim. Hətta bir müddət depressiyaya düşdüm. Sonra çıxış yolunu idmanda tapdım, tərcümələr etdim, çoxlu kitablar oxudum. İndi də rahat şəkildə qarşınızda oturub sizə müsahibə verirəm (gülümsəyir).
- Başqa telekanallardan dəvət almadınızmı?
- Özüm müraciət edirdim, layihələrimi verirdim. Amma telekanal rəhbərləri söz versələr də qəbul etmirdilər. Beləcə illər keçdi. Artıq mənim də televiziyaya baxışım dəyişib. Hətta indi dəvət etsələr də qəbul etmərəm.
-Niyə?
- Mənim dünyagörüşümlə, kriteriyalarımla verilişlərin formatı üst-üstə düşmür. İndi daha çox şouya üstünlük verilir. Əslində şou “göstərmə” deməkdi. Amma bizdə nəyi göstərirlər, necə göstərirlər? Bax, problemi yaradan budu. 2013-cü ildə SOY-un dəvəti ilə orda işləməyə başladım. SPASE-də “Günaydın” verilişini efirə hazırlayırdıq. Hazırlığı altı ay çəksə də verilişi cəmi üç həftə apra bildim. Hiss etdim ki, belə işləyə bilmərəm. Veriliş bütövlükdə reytinqə hesablanmışdı. Mən işlədiyim ana televiziyada isə bu cür tələblər yox idi. Əksinə orda hər şey tamaşaçı istəyinə, tamaşaçı zövqünə uyğun hazırlanırdı.
- AzTV-də neçə il işlədiniz?
- 18 il. AzTV mənim üçün məbəd idi. Başqa dünya idi və o dünya çox maraqlı idi. Bu məbəddən bir gün uzaq düşəcəyimi ağlıma belə gətirmirdim. Amma görünür həyatın astar üzü ilə insanın istəkləri heç vaxt üst-üstə düşmür. Oranın xüsusi ab-havası var ki, o da insanı, sözün yaxşı mənasında, dünyaya açıq gözlə baxmağa sövq edir. Hələ də o ab-havanı unuda bilmirəm.
- Demək istəyirsiniz ki, AzTV ilə digər telekanallar arasında fərq çoxdu?
- AzTV-də məktəb var. Bu məktəbin əsas tələbi budu: efirə çıxırsansa, səhv etməyə haqqın yoxdu və yüksək mədəniyyət nümayiş etdirməlisən. Düzdü bu məktəb indi də var, amma davamçılar çox qalmayıb. O məktəbdən keçməyən bir kimsə efirdə, ekranda duruş gətirə bilməz. Çünki ekran güzgüdü. Bu güzgüdə hər şey olduğu kimi əks olunur. Burda artıqlar da, əskiklər də qabarıq şəkildə görünür. Tamaşaçı nəyin doğru, nəyin yalan olduğunu anındaca görür, hiss edir. Bu baxımdan AzTV-nin uzun illərin təcrübəsinə söykənmiş ənənələri var. Aparıcının mədəniyyəti, onun tamaşaçı qarşısındakı məsuliyyəti, eləcə də sərbəstliyi digərlərindən fərqlənir. Tamaşaçı qarşısına çıxan əməkdaş bilir ki, ona milyonlar tamaşa edir. Ona görə də evindəki, küçədəki, yaxud da iş otağındakı aşırı sərbəstliyi bir kənara qoymalıdı. Ekran-efir mədəniyyəti bu sərbəstliyin çərçivəsidi, ondan çıxmaq tamaşaçını təhqir etmək deməkdi.
- Siz televiziyaya işə qəbul olunanda bunları bilirdinizmi?
- Bilmirdim, amma televiziyanın binasına, eləcə də diktor otağına ayaq qoyduğum andaca gördüm və götürdüm.
-Bu, necə oldu?
- Mən ixtisasca proqramistəm, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. Televiziyaya qədər AMEA-nın elmi-tədqiqat institutunda, Azərbaycan Neft Akademiyasında və Sumqayıtdakı 12 saylı orta məktəbdə işləmişəm. Bir gün eşitdim ki, Azərbaycan televiziyasında diktor işləmək üçün müsabiqə elan edilir. Heç düşünmədən getdim. Üç turun üçündən də uğurla çıxıb işə qəbul olundum. Onda ölkənin ən ağır vaxtları idi. 1990-ci ilin qarmaqarışıq siyasi hadisələri insanların taleyinə birbaşa təsirini göstərirdi.
- Dəqiq elmlərlə məşğul olan bir adamı necə oldu ki, asanlıqla işə götürdülər?
- Mən həm rus dilini, həm də Azərbaycan dilini sərbəst bilirəm. O zamanın əsas kriteriyalarından biri də bilirsiniz ki, rus dilini ana dili qədər bilmək idi. Diksiyam yaxşı idi, ləhcə ilə danışmırdım, fikirlərimi aydın və səlist şəkildə ifadə edirdim. Mütaliəli və savadlı olduğum elə ilk suallardanca özünü göstərdi. Yeri gəlmişkən deyim ki, bu faktorlar o zamankı diktorlar və bu günkü aparıcılar üçün çox vacibdi. Bundan başqa diktorluğun görüntü tərəfləri də var. Yaxşı xatırlayıram ikinci turdan sonra mənə dedilər ki, keç otağa otur gözlə. İçəri girdim, otaqda divan və kreslo var idi. Keçib divanın ucunda oturdum. Musiqi məktəbində oxumağım burda köməyimə gəldi. Piano arxasına keçərkən gərək stulun ucunda dik formada oturasan. Bu da məndə, sanki, bir vərdiş halını almışdı. Sonralar dedilər ki, oturuşumu kənardan baxan kimi bəyəniblər. Bu, əlbəttə kiçik bir detaldı. Amma diktor üçün çox önəmlidi.
- Bu gün insanların çoxu Azərbaycana televiziyalarına baxmağa elə də həvəs göstərmir, ya da heç baxmır...
- Televiziya hər kəsin evinə icazəsiz girən yeganə sehrdi. Ona görə də elə etmək lazımdı ki, ev sahibləri sona qədər evin yuxarı başında oturmağa ona icazə versin. Amma bu, bizdə belə deyil. Çünki televiziyalar bu gün zövqlü insanlardan çox kütləyə işləyir. Ucuz şou-proqramlar, mənasız müzakirələr xalqa heç nə vermir. Hər şeyin bir həddi var, bu həddi keçəndə o, dəyərini itirir. Bu hədd maddiyyatla, reytinqlə ölçülməməlidir. Hər şey pula qurban verilməməlidir. Daha doğrusu, telekanallar pul qazanmağın ən asan, ən yüngül yolunu seçiblər. Ona görə də zövqlü, ziyalı tamaşaçılarını itiriblər. Bunun səbəblərindən biri də aparıcının bəzən başdansovdu yanaşması olur. Hiss olunur ki, proqramın hazırlanmasına o qədər də çox zəhmət çəkilməyib, hazır materiallardan istifadə olunub - baxmayaraq ki, bir veriliş üçün bütöv bir komanda məşğul olur. Təkcə redaktor, rejissor deyil, həm də aparıcı onun hazırlanmasında can qoymalıdı.
- Dediyinizi konkret olaraq öz təcrübənizlə izah edə bilərsinizmi?
- “Taptapmaca” verilişinin aparıcısı mən idim. İlk buraxılışı hazırlayarkən redaktorumuz dedi ki, proqrama uşaq musiqisi lazımdı, həm də yeni, ifa olunmamış olsun. Dedim ki, musiqini mən yaza bilərəm. Razılaşdıq. Sonra da rəhmətlik Məmməd Aslandan xahiş etdik ki, musiqiyə uyğun şeir yazsın. Şeir və musiqi hazır olandan sonra xorda oxuyan gənc bir qızın ifasında studiyada lentə aldıq. Nəticədə çox gözəl bir mahnı alındı. Sonra verilişin bütün buraxılışlarının başlanğıcı kimi həmin mahnıdan istifadə etdik. Yəni deməyim o ki, indiki aparıcılar bəzən verilişə can yandırıb, ürək qoymurlar. Təki çal-çağır bol olsun. Təki şit zarafatlar, cəfəngiyyat söhbətlər efiri doldursun.
- Bir az bu mövzudan uzaqlaşaq. Bir neçə gün əvvəl doğum gününüz olub, bu gün də 8 Mart qadınlar bayramıdı. Əminəm ki, çoxlu sayda təbrik qəbul etmisiniz, hədiyyələr almısınız. Sizin üçün məhz bu iki günün xüsusi önəmi varmı?
- Sosial şəbəkələrdəki virtual dostalarımın təbriklərinin doğrudan da sayı-hesabı olmadı. Amma tam səmimi deyirəm ki, mənim üçün adi günlərdən biridi - doğum günüm də, 8 mart bayramı da. Doğum günümdə heç bir əlahiddə hiss keçirmədim, nə də xüsusi qeyd etmədim. Oğlum, gəlinim və ekiz nəvələrim evimə gəldilər. Hələ iki yaşı olmayan ekizlərimi qucağıma almaqdan, onları qoxlayıb öpməkdən, gülüşlərinə, hərəkətlərinə baxıb zövq almaqdan böyük hədiyyə varmı? Saatlarla onlara tamaşa edirəm, sanki bir cizgi filminin personajlarıdı. Şox şirindilər, komikdilər. 8 Mart günündə də gördüyünüz kimi, sizinlə həmsöhbətəm. Ümumiyyətlə mən günləri bir-birindən fərqləndirib birini o birindən üstün tutmuram. Adi gündü, yoxsa bayram günüdü fərq etmir. Əsas odur ki, günü xoş əhvalla başa vurasan, səhər də yuxudan gümrah oyanasan.
- Axı, martın 8-i qadınlara həsr olunub. Qadınların çoxu məhz bu gün qadınlıqlarını daha çox hiss edir, kişilərdən diqqət və qayğı görürlər. Bir qadın kimi bunu dəyərləndirmək olmazmı?
- Qadın olmaq üçün 8 mart gününün xüsusi qeyd olunmasına gərək yoxdu. Qadın zahirən yox, daxilən qadın olmalıdı. Qadın özünə hörmət edirsə, kişi də həmişə eyni hisslərlə ona qayğı göstərəcək. Qadın özünü sevməklə yanaşı, həm də sevdirən və cazibəli olmalıdır. Yalnız ilin bir günü yox, 365 gün qadına hiss etdirmək lazımdı ki, o bütün dəyərlərdən üstündü – istər evdə olsun, istərsə də iş yerində.
- İndi harda işləyirsiniz?
- Bakı İnformasiya və Texnologiya Kollecinin mətbuat xidmətində.
- Bəyənirsinizmi?
- Çox bəyənirəm, həm xarakterimə, həm də ixtisasıma uyğun bir işdi.
-Elə isə, Kəmalə xanım, sizə uğurlar.