“YAXŞI APARICI OLMAQ ÜÇÜN BİRİNCİ YAXŞI OĞLAN OLMALISAN”

"Aparıcı olmamışdan əvvəl əgər sənə heç olmasa bir on dostun qulaq asa bilirsə, sən onlar üçün maraqlı olursansa, deməli efirə gələ bilərsən"

İlqar Əlfioğlu: “İstərdim ki, televiziyalar məni dəvət etsinlər, aparıcı yetişdirim”

Onu geniş oxucu kütləsinə təqdim etməyə ehtiyac yoxdur. 90-cı illərin əvvəlində yeganə milli televiziyamızın "Dalğa”sı ilə evimizə gəlib çoxlarımızın düşüncələrini dalğalandırmağı bacardı.
Bu dalğanın ləpələri bəzilərinin üzünə çox sərt şəkildə çırpılır, bəzilərinin isə yanan ürəyinə sərinlik gətirirdi. Söhbət Az.TV-nin keçmiş aparıcısı İlqar Əlfioğludan gedir.
Onun aparıcılığı ilə efirdə olan "Dalğa” verilişi həqiqətən o zamanlar üçün Azərbaycan tamaşaçısını düşündürməyə vadar edirdi. 1991-ci ildən sonra dövlət televiziyasından getdi. Təbii ki, onu sevənlərdə maraqlı bir sual yarandı. "Sən haradasan?” Bu gün onun axtarışına çıxdıq. İlqar Əlfioğlu "Şərq”ə açıqlamasında Azərbaycan teleməkanına ciddi mesajlar göndərdi.
- İlqar Əlfioğlu hardadı?
- Mənim yerim çox zaman konkret olmur. Amma indi məni axtarıb tapmaq o qədər çətin deyil. İxtisasıma uyğun olaraq, tərcümələrlə məşğulam. Hazırda bir neçə kitab üzərində işləyirəm. Nanotexnologiyalar deyilən bir sahə var, elmin ən yeni sahələrindəndir. Bu istiqamətdə müəyyən işlər görürük. Əslində məni görmək istəyənlər üçün görünə bilirəm.
- Hərənin bir yol əhvalatı olur. Sizin televiziyaya gəlişiniz necə olub?
- Mən televiziyaya təyinatla gəlmişəm. Yəni Azərbaycan radio və televiziya komitəsinə təyinat almışam. İxtisasca şərqşünasam. Ona görə o zamanlar cənubi Azərbaycanla bağlı olan verilişlər redaksiyası var idi. Orda çalışmağa başladım. Bir müddət orda çalışdım, sonra hərbi xidmətə getdim. Əsgərlikdən sonra yenidən iş yerimə qayıtdım, işimə bərpa olundum. Əsgərlikdən yenicə gəlmişdim, o zaman ədəbi-dram verilişləri redaksiyası fəaliyyət göstərirdi. Nahid Hacıyev rəhbərlik edirdi. Mənə zəng etdi ki, səni televiziyaya keçirtmək istəyirəm, gəl görüşək. Görüşdük, dedi ki, atan rəhmətlik məndən xahiş etmişdi ki, İlqarı televiziyaya apar, istedadlıdı, yanına apar, üzünü ağardacaq. Atam onunla sağlığında bu söhbəti aparıbmış, mən bilmirdim. Artıq atam rəhmətə gedəndən sonra Nahid müəllim mənə bunu söylədi. Allah Nahid müəllimə də rəhmət etsin, beləcə məni televiziyaya gətirdi. Nahid müəllimin dəstəyi ilə məni Ədəbi Dram verilişləri redaksiyasına redaktor təyin etdilər. O vaxtlar "Ordan-burdan”, "Sən həmişə mənimləsən” televiziya tamaşalarının çəkilişlərində mən redaksiyanın redaktoru idim.
- Tamaşaçı sizi daha çox "Dalğa” verilişindən tanıyıb, sevdi. O zamanlar belə verilişlər az olurdu.
- Az deməzdim, o zaman Azərbaycan teleməkanında belə veriliş əslində ilk idi. "Dalğa” kimi veriliş televiziya məkanında yox idi deyə, həqiqətən böyük sədaya səbəb oldu. O verilişin populyar olmasında bir çox insanların əməyi olub. O tək mənim sahəmdə ərsəyə gəlmədi. "Dalğa” verilişində rəhmətlik Elşad Quliyevin də böyük rolu olub. Düzdü, o verilişdə mənim müəyyən xidmətim var. Amma əməyi olanları da qeyd etmək vacibdi. Ozamanki teleməkanda bu veriliş böyük ictimai sədaya səbəb oldu. Cəmiyyətdə doğurduğu sədaya görə, mövzularına görə böyük cəsarət tələb edirdi. İndi elə veriliş hazırlamağa nə var ki?
- Yəni indi aparıcı olmaq çətin deyil?
- Bilirsiz, o vaxtlar bu imkanlar yox idi. Amma biz axtarış aparırdıq, zəhmət çəkib insanların, cəmiyyətin marağına səbəb olan veriliş təqdim edirdik. İndi hamı alt paltarını ortaya qoyub, bunu da televiziyalarımız bəh-bəhlə göstərir. O zamanlar verilişdə nəsə demək asan deyildi. Uzun illərin qadağası var idi. O qadağanın içində söz demək asan deyildi, cəsarət tələb edirdi. Senzura var idi. Əslində söz deməyi bacaran oğullar həmişə olub. Sadəcə o oğullara güc verən rəhbərlər olmalıdı ki, ortada iş görünsün. O vaxt da Elşad Quliyev kimi millətini sevən bir neçə insan var idi ki, onlar bizə söz deməyə dəstək olurdular. Ona görə də o vaxt efirdə bizim başını kəsdiyimiz kəslərə sorğu-sual olmurdu. O vaxtlar "Dalğa” verilişindən narahat olanlar da olub. Amma köməyi olanlar da az olmurdu. Rəhmətlik Osman Mirzəyevin də əməyini qeyd etmək lazım idi. İndi "Dalğa” kimi verilişlər yoxdu. Bu da kollektiv əməyin məhsulu idi.
- Amma tamaşaçı pərdə arxasında olanlardan xəbərsiz idi. Tamaşaçının gördüyü və cəsarətinə qibtə etdiyi İlqar Əlfioğlu var idi.
- Bəli, bunu təkzib etmək də olmur əslində. Tamaşaçı məni sevirdi. Bilirsiz, aparıcılıq istedaddı. Yaxşı aparıcı olmaq üçün birinci yaxşı oğlan, ya da yaxşı qız olmaq lazımdı. Əgər yaxşı oğlan deyilsənsə, demək yaxşı aparıcı ola bilməzsən. Sən aparıcı olmamışdan əvvəl əgər sənə heç olmasa bir on dostun qulaq asa bilirsə, sən onlar üçün maraqlı olursansa, deməli efirə gələ bilərsən. Yox əgər sən dostların üçün danışanda, nitqində, həyati baxışını bölüşəndə maraqlı ola bilmirsənsə, demək ki, aparıcı olmağı arzulamaq yersiz olar. Sən ətrafındakı insanlara maraqlı olsan, demək ki, cəmiyyətdə maraqlı ola bilərsən. Bu, vacib şərtdi. İstedad nəsildən, atadan, babadan gəlir. Bir də aparıcının mütaliəsi güclü olmalıdı, ən azı 10 kitab oxumayıbsa, danışmaq üçün sözü olmaz. Mənim də aparıcı olaraq istedadım olubsa, o, ailədən gəlib. Mən yaxşı atanın oğlu idim. Yaxşı atanın pis oğlu da ola bilməzdi. Əsas odur ki, yaxşı oğlan olmağa çalışmışam.
- Maraqlı işlə məşğulsunuz, amma daha maraqlı işlərlə məşğul olduğunuz illər olub...
- Təbii. İnsan öz marağını tapmalıdır. Cəmiyyətə maraqlı gələn, sənə şəxsən maraqlı gəlməyə bilər. Və ya əksinə. Hesab edirəm ki, həmişə maraqlı işlə məşğul olmuşam. Bayaq dediyim kimi, böyük maraqlı işlərin hamısının yiyəsi var. Bir şey ki, gündəlik işlənir, onun mütləq yiyəsi var. Arada bir-iki dənə yiyəsiz nəsə tapmaq olar. Bunlara xeyli adam yiyələnmək istəyir. Mən də bu yiyəsiz şeylərin ən xırdasından yapışıram. İndi bu xırda şeyləri görənə qədər xeyli vaxt keçəcək. Bəlkə də bu müddətdə biz artıq xeyli iş görəcəyik. Azərbaycanda hazırda həyatın bir sahəsində böyük irəliləyişlər var. Bu, həyatın görünən tərəfidir. Bu irəliləyişlər zamanı söz etdiyim texnologiyaların inkişafına da diqqət yetirmək yaxşı olardı. Onu da deyim ki, diqqət var. Bildiyiniz kimi, bu yaxınlarda "Muğam evi” istifadəyə verildi, onun nano örtüyünü bizim yoldaşlar etdilər. Və bu bina başqa binalardan fərqli olaraq çirklənməyəcək. Bakı şəraitində də bu çox vacib məsələdir, çünki şəhərimizi dünyanın ən çirkli şəhəri elan ediblər.
- Jurnalistikadan tamamilə uzaqlaşdınız?
- Jurnalistika müəyyən vaxtda mənim üçün çox böyük maraq kəsb edib. İnsan öz sözünü deməyə ehtiyac duyurdu. O zaman insanlarda da bu sözləri eşitməyə maraq var idi. Amma indiki dövr fərqlidir. Bilirsiniz, indi jurnalistika nəyə bənzəyir? Su dəyirmanının bol sulu çayın üstündə çarxı olur. Çarx isə dəyirman daşını fırladır. Daşlardan biri durur, ikincisi hərəkət edir. Bunların arasına buğda tökülür, onu una çevirirlər. Amma buğdanı tökməyəndə bu iki daş başlayır biri-birini üyütməyə. Jurnalistika indi bu vəziyyətdədir. Hamı özü çalır, özü oynayır. Biri-birinin kitabını oxuyan yoxdur. Şərti olaraq oxucuları iki qütbə bölək. İndi bu tərəflərin oxucularını vəzifəsi məcbur etməsə, o biri tərəfin yazısını oxumur. Ancaq vəzifə borcu tələb edəndə oxuyurlar.
- İlqar müəllim, "Dalğa”dan yeni Dalğaya niyə yol olmadı?
- Televiziya son dərəcə şəxsi yükü olan, son dərəcə məsuliyyətli bir qurumdu. Kadr arxasında jurnalist simasını dəyişə bilər, dediyini də təkzib edə bilər, başqa bir marağa köklənə bilər. Amma aparıcı kamera qarşısında bunu özünə rəva bilməz. Çünki aparıcı sima olaraq tanınır və bəzən sevilir. O dəyişə bilməz. O sifəti tamaşaçı necə ilk gündən qəbul edirsə, eləcə də qalmağa məcbursan. Dəyişsən, sənə olan hörmət qalmayacaq. Olacasan 5 qəpiklik insan. Aparıcı şəxsiyyətinə hörmət istəyirsə, simasını itirməməlidir. Dünən bir söz deyib, sabah başqa bir sözlə tamaşaçı qarşısına çıxa bilməzsən. Çıxsan belə sənə dəyər qalmaz.
-Ona görə efirdən getdiniz? Ya da qayıtmadınız bir daha?
- Əlbəttə. Mən efirdən əlavə evimin kişisiyəm. Əgər mən ordan bir söz deyib, ailədə başqa insan olsam, şəxsiyyət olaraq dəyərim qalmaz. Uşaqlarım məni yalançı görəcəksə, mənim atam kimi dəyərim ola bilərmi? Qaldı televiziyadan getməyimə, özüm uzaqlaşdım. Sonra bərpa olundum. Yenidən qayıdanda başa düşdüm ki, artıq televiziya mənlik deyil, mənim gördüyüm televiziya bu deyildi. O vaxtdan televiziyaya can atmadım.
- Can atmadınız, ya təkliflər gəlmədi?
- Açığı desəm, təkliflər də gəlmədi. Düzü, televiziya həm də çox maraqlı bir məkandı. Amma nəsə qismət belə oldu ki, qayıtmadım bir daha.
- Tamaşaçı üçün, efir üçün heçmi darıxmadınız. Axı deyirlər televiziyaya bir dəfə gələn ondan ayrıla bilmir. Sevgiyə bənzəyir.
- Əlbəttə, çox darıxıram. Efirdə olmaq üçün də darıxmışam. Həqiqətən bir tələbat olur içində adamın, onu tamaşaçı ilə bölüşəndə rahat olursan. Bəlkə də yeni televiziyalardan təklif olsaydı, yəqin ki, dəyərləndirərdim. Etiraf edim ki, bu illərdə həmişə gözüm televiziyada olub, həmişə istəmişəm ki, tamaşaçımla görüşüm.
- Bugünkü televiziya məkanımızdan necə, razısızmı?
- Qətiyyən razı deyiləm. Yaxşı gördüyüm heç nə yoxdu teleməkanımızda. Ona görə razı qala bilmirəm ki, o vaxtlar bizim əlimizdə heç bir informasiya mənbəyimiz olmaya-olmaya, dərin aparıcı ola bilirdiksə, niyə bugünkü aparıcılarda bu yox olsun? Bu qədər internet informasiyasının içində ola-ola, bu qədər məlumat bolluğundan istifadə etmək imkanı ola-ola, verilişə hazırlaşmırlar. Aparıcı qonağı barədə məlumatlı olmur. Bir aparıcı araşdırsın ki, gələn qonaq kimdi, nəçidi, onunla hansı mövzuda söhbət aparmaq, ona hansı sualları ünvanlamaq olar. Bugünkü efir məkanı o vəziyyətdə bərbaddı ki, inanmıram savadlı insan orda davam gətirə bilsin. Ağıllı adamın, savadlı insanın bu gün televiziyada ürəyi partlıyar. Televiziya mühiti bu gün çox bərbaddı. Yaxşı da nəsə gözlənilməyib.
- Son bir neçə ildə əvvəlki diktorlara, aparıcılara ehtiyac hiss olunur? Nə yaxşı sizə üz tutan olmayıb?
- Bilirsiz, pis mənada qarşılanmasın. Amma diktorla aparıcı arasında fərq var axı. Diktor mətni qarşısına qoyulanda onu oxusa, işi tamamdı. Amma aparıcının savad, dünyagörüşü, mütaliəsi olmasa, o, yaxşı aparıcı ola bilməz. Televiziya təkcə diksiya, nitq qabiliyyətindən ibarət deyil axı. Yaxşı nitq qabiliyyətin var, diksiyanda qüsur yoxdu, amma düşüncə dardı, savad yoxdusa, onun aparıcı kimi efirdə olması nə qədər düzgündü? Aparıcı o qədər böyük informasiyaya malik olmalıdı ki, qonağı ilə də həmsöhbət olanda, tamaşaçıya da məlumat verəndə, kasıb görünməsin. Qaldı köhnə aparıcıların televiziyaya gəlməsinə, əgər köhnələr qayıtsa, televiziyanın televiziya olduğu xatırlanacaq. Televiziyada bu gün məşhur olanlar kölgədə qalar. Çünki indikilərdə o savad yoxdu. Amma bir həqiqət də var ki, bizim kimilərin televiziyaya yenidən qayıtmaq şansı yoxdu.
- Nəyə görə bu qənaətə gəlmisiz?
- Çünki efir o qədər qeyri-ciddidi ki. Bizim orda yerimiz ola bilməz.
- Sizlərin gəlişi o mühiti dəyişə bilməzmi?
- İnanmıram. Çünki bu gün televiziyalar korporativ maraqlara xidmət edir. Birinci o marağı gözləməlisən. Bu da olduqda bizə yer olmur. Televiziya bu gün insanların vaxtını oğurlayır, bundan da sadəcə kimlərsə gəlir əldə edir.
- Bir layihə çərçivəsində verilişə təklif gəlsə ... Tamaşaçı nə qədər fərqli bir İlqar Əlfioğlu ilə salamlaşmış olacaq.
- Efirdə olanlardan çox fərqli bir İlqar Əlfioğlu ilə görüşmək imkanı qazanacaqlar. Əslində mən həmin insanam, dəyişməmişəm. Sadəcə, bugünkü aparıcılardan 180 dərəcə fərqli bir aparıcının verilişini izləmək imkanı ola bilər. Bir də bilirsiz arzum nədi? Mənim auditoriyam böyükdü. Amma mənim tamaşaçım daha böyük yaş təbəqəsini əhatə edir. Amma istərdim ki, televiziyalar məni dəvət etsinlər, aparıcı yetişdirim. Bu sahədə o qədər boşluq var ki, çirkin görünür. Gəncləri aparıcı kimi yetişdirmək istəyim, marağım var. Tək diksiya deyil axı? Gənc aparıcıların təfəkkürünü yetişdirmək istəyirəm. Efir üçün maraqlı aparıcı yetişdirərdim. Televiziya o missiyasından başqa bütün missiyaları yerinə yetirir.

 






Fikirlər