Rusiyanı HEYRAN qoyan azərbaycanlı gənc: "Onun öz QATARI, HƏTTA təyyarəsi var..."

 Rusiyanı heyran qoyan azərbaycanlı gənc: "Onun öz qatarı, hətta təyyarəsi var..."

Publika.az-ın qonağı dirijor Cavad Tağızadədir.

- Cavad bəy, bu günlərdə Rusiyadan dönmüsünüz. Mariinski Teatrının səhnəsində Azərbaycan musiqisi adına çox böyük uğura imza atdınız. Bu münasibətlə sizi və ölkəmizi təbrik edirəm.

- Çox sağ olun.

- Necə baş verdi hər şey, ətraflı danışa biləsinizmi?

- Stanislavski adına Musiqli Moskva Teatrının opera rejissoru Qara Qarayev adına festivalda iştirak etmək üçün Bakıya gəlmişdi. Bu ərəfədə tanış olduq. Çox maraqlı fikir mübadiləmiz, ortaq maraqlarımız üzə çıxdı. Nə vaxtsa birgə layihə edəcəyimizə qərar verdik. Amma bunun üçün gah maliyyə dəstəyi tapmırdıq, gah o müsabiqələrə qatılırdı. Bir sözlə, yolumuzun üstündə bir maneə vardı. Nəhayət 4-5 solistdən ibarət, xorsuz kamera operası hazırlamaq haqda razılığa gəldik. Bir neçə ad seçimi arasında qaldıq. Mariinski Teatrının Gənc opera ifaçıları akademiyasının direktoru Larisa Georgievaya üz tutduq. Larisa xanım dünya şöhrətli dirijor Valeri Gergievin bacısıdır. Valeri il ərzində bəlkə də 500-dən çox konsert verir. Öz qatarı, hətta təyyarəsi var. Çünki il boyu qastrol səfərlərindədir. Bütün orkestr üzvləri və dekorasiyaları da özü ilə birgə aparır. Hətta Suriyada müharibə olanda, 30-40 km aralıda atışma gedir, o isə öz orkestri ilə sülhməramlı konsert verirdi. Belə bir insanın bacısı olmaqsa hər kəsə nəsib olmur.

Larisa Gergieva gənc musiqiçilərin layihələrinə həm mənəvi, həm də maddi dəstək verir, onların təhsilini təkmilləşdirir. Bir sözlə, güclü musiqiçilər yetişdirir. Bizim layihəmizi də görüb, çox bəyəndi. Bundan öncəki görüşümüzdə isə belə deyək, məndən kiçik imtahan götürdü. Zövqümlə maraqlandı. Mən onu qane etdim. Daha sonra məşqlərə başladıq. Bunun üçün bizə akustikası çox güclü olan, qeyri-adi tərtibatlı konsert salonu verildi. Təsəvvür edin ki, səhnə salonun tam mərkəzindədir. Bu həm rejissorluq, həm də musiqi baxımından olduqca çətindir. Orkestrin tərkibi də klassik yox, barokko tərzində idi. Belə məhdud tərkiblə çalışmaq asan deyil. Növbəti çətinliyimiz o idi ki, not yox idi. Bütün musiqini yenidən dinləyib, nota köçürdük. Hətta yeniliklər edib, bəzi personajları çıxardıq. Musiqidə bu redaksiya adlanır. Çıxışımızdan sonra mən öz redaksiyamı teatra hədiyyə etdim. Bu da musiqimizin böyük uğurudur. Çünki illər keçəcək. Bu operaya hansı orkestr müraciət edirsə-etsin, redaksiya müəllifi Cavad Tağızadə yazılacaq.

- Bildiyimə görə, dövlətimiz də səfərinizi diqqət mərkəzində saxlayıb.

- Əlbəttə. Heydər Əliyev Fonduna göstərdikləri böyük dəstəyə görə minnətdarlığımı bildirirəm. Biz maliyyə dəstəyi üçün müraciət etdik və onlar çox qısa müddətdə bizi qayğı ilə əhatə etdilər. Burada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin də adını qeyd etməyə bilmərəm. Mədəniyyətimizə və musiqimizə göstərdikləri böyük dəyərə görə dövlətimizə minnətdaram. Həmçinin teatr da öz üzərinə düşən xərcləri ödədi.

- Çox vaxt dirijorlara "diktator" deyirlər. Musiqiçilərlə ortaq dil tapa bildiniz?

- Adətən musiqiçilərlə dirijor arasında təzadlı münasibət olur. Keçmiş musiqiçi kimi deyə bilərəm ki, dirijor mükəmməlliyə can atdıqca, musiqiçilər ona daha çox qıcıqlanırlar (gülür). Bu təbii ki, zarafatdır, amma iki cəbhə arasında gərginlik yaşanır. Lakin bütün bu əziyyətin sonunda əsl sənət əsəri meydana gəlir.

- Sizi də sevmirlər musiqiçilər?

- Düşünürəm ki, bu layihə zamanı musiqiçilərlə aramızda qarşılıqlı hörmət və isti münasibət yarandı. Bilirsiniz, musiqi məktəbləri də fərqlidir axı… Ortaq məxrəcə gəlmək uzun zaman alır. Bizim adət etdiyimiz sistemlə Peterburq məktəbinin ifaçılıq tərzində fərqlər var. Məsələn, mənim müəllimim Yalçın Adıgözəlov Peterburq məktəbinin məzunudur. Onun üçün bu su içmək qədər asandır, çünki musiqiçi kimi məhz orada püxtələşib. Ancaq mənim üçün yenilik idi. Buna baxmayaraq, musiqiçilər dedilər ki, öhdəsindən çox yaxşı gəldim.

(Söhbət zamanı pəncərənin kənarına keçib, tez-tez trubka çəkməyi də diqqətimdən yayınmır)

- Trubka çəkmək vərdişiniz hardan yaranıb?

- 10 il əvvəl Xəyyam Mirzəzadə alışdırıb məni trubkaya.

- Bir az da uşaqlığınızdan danışın.

- Vaqif Mustafayevin “Yaramaz” filmində deyildiyi kimi, balaca idim, sonra böyüdüm (gülür). Anam musiqi nəzəriyyəsi müəllimidir, atamsa həkim reanimatoloq, həmçinin hərbçidir. Peterburq Hərbi Tibbi Akademiyasını bitirib. Bu şəhərlə ailəvi bağımız var. Atam hərbçi olduğu üçün məni bir az sərt böyüdüb. Soyuğa çox dözümlüyəm. 6 yaşımdan skripkada ifa etməyi öyrənmişəm. Əfsanəvi müəllimlərim olub. Daha sonra isə Milli Konservatoriyaya böyük sənətkarımız, əvəzedilməz skripkaçı Zəhra Quliyevanın sinfinə qəbul oldum. İlk vaxtlar münasibətimiz çox gərgin idi. Hətta bir neçə imtahandan kəsildim, çünki dərslərə getmirdim. Ümumiyyətlə, orta və ali musiqi təhsili arasında böyük fərq var. Təsəvvür edin ki, uşaq bağçasından sonra NASA-da çalışmağa başlayırsınız. Zəhra xanım əsəri ifa etməyimizi tələb etmirdi. Müəllif bu musiqini yaradanda hansı hisslərə qapılıb, nə duyub, bütün bunları yaşamağımızı istəyirdi. Yəni artıq fəlsəfi yöndən yanaşmağımıza səy göstərirdi. Bir gün məni yanına çağırıb, dedi ki, mənə Avropadan bir braşur yollayıblar, amma ingiliscədi, anlamıram. Tərcümə edə bilərsən? Dedim, müsabiqəyə gənc musiqiçiləri çağırırlar. Cavab verdi ki, heyf, mənim tələbələrimdən heç kim gedə bilməyəcək. Bu söz mənə çox toxundu və özümü sınamağa qərar verdim. Müsabiqənin laureatı oldum. Bu Zəhra xanımın sonsuz müdrikliyi idi. Birincisi, o, uzun müddət beynəlxalq orkestlərdə çalışıb, ingilis dilində də mükəmməl danışır, ikinci isə bu yolla içimdəki istedadımı üzə çıxarmağa yardım etdi. Mənim üçün o, sehrbazdır, gənc musiqiçini yerdən göyün yeddinci qatına qaldıra bilir.

- İfaçılıqdan dirijorluğa keçidin səbəbi nə idi?

- Uşaqlıqdan dirijor olmaq istəyirdim. Çünki digər dirijorların idarəsini sevmirdim (gülürük).

- Dediyiniz kimi də yazacam…

- Yazın, yazın. Ümumiyyətlə, uşaqlıqdan musiqi əsərlərini dinləyəndə düşünürdüm ki, bu hissəni başqa cür ifa etmək olardı, bu yerdə emosiyaları daha qabarıq göstərə bilərdi və s. Atam həvəsimi görüb, dedi ki, bəlkə dirijor olasan? Amma bunun üçün uzun yol keçmək lazımdır. Belə bir deyim var ki, yalnız 40 yaşdan sonra peşəkar dirijor olmaq mümkündür.

- İndi neçə yaşınız var?

- Hələ ki, 30…

- Bəs harda təkmilləşdirdiniz sənətinizi?

- Almaniyanın Köln şəhərində ustad kurslarında skripka dərsi alırdım. Həmin vaxt eyni tədris məkəzində Fuad İbrahimov da oxuyurdu. Biz Fuadla köhnə tanış idik, amma orada dostlaşdıq. Bir gün Fuada dedim ki, mən də dirijorluq kursuna keçmək istəyirəm. O məni cəsarətləndirdi ki, mütləq mənimlə birgə dərsə gəl. Beləcə, Fuad özünə sənətdə rəqib yaratdı. Əslində, biz çox yaxın dostuq. Mən onunla məsləhətləşməyi, musiqi ilə bağlı mülahzələr aparmağı çox sevirəm. Daha sonra Opera studiasının direktoru Azad Əliyevdən dərs aldım. Rəhmətlik Azad müəllim mənə operanı sevdirdi. Bilirsiniz, opera elə janrdı ki, onu öyrənmədən, qavramadan sevmək mümkün deyil. Azad bəy dünyasını dəyişəndən sonra Yalçın Adıgözəlzadənin sinfinə keçdim. Yalçın müəllim mənə əsər üzərində çalışmağı öyrətdi. Ümumilikdə dirijorluğun incəliklərini mənimsədim.

- Sizcə, keyfiyyətsiz musiqi ilə necə mübarizə aparmaq olar?

- Bilirsiniz, Mariinski Teatrında olanda nəyi kəşf etdim? Məktəb uşaqları tərbiyə etməməlidir, bununla valideynlər məşğul olmalıdırlar. Məktəb uşağa bilik verməlidir. Rusiyada klassik konsertlərə biletlər çox bahadır. Bir də görürsən sadə geyimli təqaüdçü nənə 10-12 yaşlı nəvəsini də götürüb, gəlib, konsert izləməyə. Bəlkə də o təqaüdünün böyük hissəsinə alıb bu biletləri, amma uşağı keyfiyyətli musiqiyə alışdırır.

- Bəs siz özünüz necə tərbiyə edirsiniz övladlarınızı?

- Onların musiqiçi olmaqlarını istəmirəm. Amma hobbi olaraq məşğul olmalıdırlar. Sizə maraqlı bir əhvalat danışım. Masaru İbuko adlı yapon iş adamı olub. Bu insanın övladı doğulur. Kiçik yaşlarından bəlli olur ki, uşaqda autizmin kəskin növü var. İbuka biznesini, mülklərini satıb, yalnız ailəsinə və oğlunun müalicəsinə yetəcək qədər pul saxlayır. Özünü oğlunun müalicəsinə həsr edir. Bu zaman məlum olur ki, simli musiqi alətləri insanın sinirlərini daha çox sakitləşdirir, şüurumuza daha müsbət təsir edir. Təsəvvür edin, uşaq 18 yaşına çatanda atasının və həkimlərin gərgin səyi nəticəsində tam normal həyata dönüb, xəstəlikdən yaxa qurtarır. Musiqi və valideyn qayğısı hər şeyə qadirdir. Bunu unutmayaq!






Fikirlər