“Daha heç kimə töhmət verə bilmirəm” - Eks-deputat Ağacan Abiyev

Üç çağırış (2005, 2010 və 2015-ci illər) Milli Məclisin deputatı seçilmiş qocaman idmançı Ağacan Abiyev Modern.az-a müsahibə verib.

- Ağacan müəllim, necəsiniz?

- Yasxşıyam. Hər şey əladır. Oturmuşam evdə...

- Bir neçə ay əvvələ kimi Milli Məclisdə təmsil olunurdunuz. İntizam Komissiyasına sədrlik edirdiniz. Jurnalistlər də sizə zəng edib deputatlara töhmət məsələsini soruşurdu.

- O işlər geridə qaldı. Daha heç kimə töhmət verə bilmirəm. Təqaüdçü adamam. İndi işimlə məşğulam.

- Öz işiniz deyəndə yəqin ki idmanı nəzərdə tutursuz.

- İdman həyatdır. Bu yaşımda belə məni idman gümrah saxlayıb.

- Karantin günləri sizi passivləşdiribmi?

- Qətiyyən. Karantin dövrü belə məni passivləşdirə bilməz. Düzdü, evdən çıxmayın deyirlərsə, evdə qalmalıyıq. Mənim bir idman palazım var. Hər səhər evdə qaçış hərəkətləri edirəm. Sizə bir söz deyim. Biz gecəni yatırıq, yuxular görürük. Elə adamlar var ki, “gecə yatdım, dincəldim, rahatlandım” deyir. Ancaq dincəlməyən bir orqan var. O da ürəkdir. Biz gecədən səhərə qədər dincəlirik, ancaq ürək dincəlmir. Deməli, ürəyimiz işləyir. Kim ki deyirsə “dincəldim, rahatladım”, o adama söyləyirəm: “Qardaş, borcunu qaytar da”. Sənin dincəlməyinə kömək edən nədir?! Əlbəttə, ürəyin. İdman et, ürəyini rahat və sağlam saxla. Bəzən deyirlər ki, dağa dırmaş. Yalan söhbətdir. Düz yolda qaç və idman elə. Karantin oldu-olmadı, idman etmək lazımdır. Yaşından asılı olmayaraq hər kəs gün ərzində evdə olsa belə, idman hərəkətləri etməlidir.

- Aktiv həyat yaşayan adam olmusunuz. İndi evdə oturmaqdan darıxmırsınız?

- Darıxmıram. Nə olsun ki evdəyəm. Yenə də idmançılarla əlaqə saxlayıram. Göstərişlərimi verirəm. Hətta Olimpiya oyunlarına hazırlaşıram.

- Deyəsən, Olimpiya oyunları təxirə salınıb axı.

- 2020-ci ildə olmalı idi. Onun da təxirə salınmasını mən təklif etmişəm. 2021-ci ildə olacaq. Ümumilikdə bu təhlükə ilin sonuna qədər davam edəcək.

- Ağacan müəllim, karantin günlərində bəzi kişilər qadınlarla evdə yola gedə bilmədiklərini deyirlər. Sizdə vəziyyət necədir? Xanımınızla yola gedirsiz?

- Yola getməmək nə deməkdir? Məcburam. Ümumiyyətlə, xanımlara kömək etmək lazımdır.

- Karantin dövrünün bəzi kişiləri də xanımların dadlı yeməklər bişirdiyini və buna görə kökəldiklərini söyləyirlərSiz bu məsələləri necə yoluna qoyursuz?

- Əvvəldən yeməyimə fikir verən adamam. Sizə bir söz deyim: mən neçə illərdir ki, atamın evində, doğulduğum evdə yaşayıram. Yaxşı həyətimiz var. Mən rahat qaça bilirəm. Xanımın da işləri o qədər çox olur ki, onun işləri də idmandır. Düşünürəm ki, hər kəs evində idmanla məşğul olmalıdır.

- Evdə oturmusuz. İdmançılarla ünsiyyətdə olduğunuzu dediniz. Bəs keçmiş və indiki deputat həmkarlarınızla əlaqələriniz qalırmı?

- Tez-tez zəngləşirik. Onlar mənə, mən də onlara zəng edirəm. Neçə il parlamentdə təmsil olunmuşuq. Deyirsən, bir günün içində bir-birimizi unudaq, haqqı-salamı kəsək?!






Fikirlər