“Əli Nağıyev və Kamran Əliyev qanunu pozan məmurlara elə bir “qulaqburması” verib ki...”

Mahmud Hacıyev: “Bu məmurlar vəzifə cinayətləri ilə bağlı xroniki xəstəliyə tutulmuşdu, onları ancaq bu cür “müalicə etmək” olardı”

 

“Məmurlar vətəndaşları dövlətdən narazı saldıqları üçün insanlar ölkə başçısına, hörmətli Mehriban xanıma müraciət etməli olurlar”
Son bir ildir ki, ölkəmizdə rüşvət və korrupsiyaya qarşı mübarizənin daha da güclənməsi müşahidə edilir. 
Moderator.az olaraq tanınmış hüquqşünas, sabiq polis rəisi, polkovnik Mahmud Hacıyevlə söhbətimizdə korrupsiyaya qarşı mübarizə, məmur-vətəndaş münasibətləri, məhkəmə sistemi və s. kimi məsələləri müzakirə etməyə çalışdıq.
- Mahmud müəllim, ilk öncə ölkəmizdə rüşvət və korrupsiyaya qarşı aparılan mübarizə ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə bu mübarizənin mövcud səviyyəsi nə dərəcədə qənaətbəxşdir?
- Son bir neçə aydır ki, respublikamızda rüvətxorluğa, korrupsiyaya qarşı prinsipial mübarizə gedir. Neçə-neçə dövlət məmuru, səlahiyyət sahibi bu səbəbdən vəzifədən azad edilərək məsuliyyətə cəlb olunur. Bu mübarizəyə şəxsən ölkə başçısı rəhbərlik edir. Hesab edirəm ki, bu gün bu kimi neqativ halalra qarşı mübarizə yüksək səviyyədədir və qətiyyətlə davam etdirilir. 
- Niyə bu mübarizə sadəcə son bir ildə özünü göstərməyə başladı? Axı heç kimə sirr deyil ki, əvvəlki illərdə də bu problem kifayət qədər aktual olub? 
- Hörmətli prezidentimiz zaman-zaman məmurlarla bağlı xəbərdarlıqlar edib, onları şəffaf işləməyə, neqativ hallara yol verməməyə, xalqın arzu və istəklərini nəzərə almağa səsləyib. Bildirib ki, məmur vətəndaşı incitməməli, ona xidmət etməlidir. Biz vaxtaşırı ölkə başçısının bu kimi çağırışlarına şahid olmuşuq. Lakin bəzi məmurlar vəzifə cinayətləri ilə bağlı xroniki xəstəliyə tuulmuşdular. Bundan əl çəkə bilmirdilər. Bu məmurlar o qədər harınlamışdı ki, heç nəyə məhəl qoymadan bu cinayətlərə gedirdilər. Odur ki, bu qanunsuzluqların qarşısını almaq üçün daha ciddi tədbirlərin həyata keçirilməsi zərurətə çevrilmişdi. 
- Bəs hüquq-mühafizə orqanları niyə buna adekvat reaksiya vermirdi? Axı bu özbaşınalıqlara müdaxilə etmək, qanunsuzluqların qarşısını almaq bilavasitə onların işidir? Hansı ki, ölkə mediası, kütləvi informasiya vasitələrində də bu problemlərlə bağlı heç də az yazı yer almırdı.
- Baxın, vaxtiylə Milli Təhlükəsizlik Nazirliyi (MTN) nə gündə idi, bunu hamı bilir. Nəticədə, bu qurumda böyük cinayətkar dəstə tutuldu. Bundan başqa, orada çalışanların bir qismi bu orqandan xaric olundu. Yəni bu kimi cinayətlərə qarşı mübarizə ilə məğul olması gərəkən şəxslərin özü belə cinayətlərlə məşğul idi. Buna görə də onlar KİV-in məlumatlarına adekvat reaksiya vermirdi. Onlar ölkə başçısının göstərişlərinə də adekvat reaksiya ortaya qoymurdular. Son nəticədə özləri-özlərini “yandırdılar”. Bir neçə general həbs edildi, xeyli sayda insan məsuliyyətə cəlb olundu. 
Uzun müddət Baş Prokororluğa rəhbərlik edən Zakir Qaralov bir müddətdir ki, vəzifəsindən azad olunub. Həmin dövrdə prokurorluq orqanları loyal bir mövqe sərgiləyirdi. Onların fəaliyyəti özünü lazımınca hiss etdirmirdi. Hörmətli Qaralov heç kimin xətrinə dəymək istəmirdi. Onun vaxtında hər hansı iri dövlət məmuru, hansısa böyük kommersiya şirkətinin, bankın rəhbərliyində təmsil olunan şəxs haqqında cinayət işi qaldırmaq kimi hallar demək olar ki, yox idi. 
Sonradan məmur özbaşnalığının artması ölkə baçısnın adekvat reaksiyasına səbəb oldu. MTN-də ciddi islahatlar aparıldı. Kütləvi həbslər oldu. MTN-nin infrastrukturu dəyişildi. Adı Dövlət Təhlükəsizlik Xidməti (DTX) oldu. Onun rəhbərliyinə isə əsl peşəkar, xüsusi xidmət orqanlarında püxtələşmiş, leytenant rütbəsindən general rütbəsinə qədər yüksələn hörmətli Əli Nağıyev gəldi. DTX yüksək səviyyədə fəaliyyətə başladı. 
Eyni islahatlar prokurorluq orqanlarında da həyata keçirildi. Bir neçə şəxs orqandan uzaqlaşdırıldı. Rəhbərlikdə dəyiişiklik oldu. Baş Prokurorluğun rəhbərliyinə öz işini bilən, pokurorluq oranlarının fəaliyyətini dürüst şəkildə tənzimləyən hörmətli Kamran Əliyev gəldi. Prezidentin tapşırığı ilə bu orqanlar doğma fəaliyyətlərinə başladılar. Bundan sonra neçə-neçə icra başçısı, nazir müavini, şirkət və bank rəhbəri həbs olundu. Yəni mübarizə bu dəyişikliklərdən sonra özünü daha çox göstərməyə başladı. 
 
Əli Nağıyev və Kamran Əliyev qanunu pozan məmurlara elə bir “qulaqburması” verib ki, yəqin ki, çoxları öz neqativ əməlllərindən əl çəkəcək. Baxmayarq ki, indi də vəzifə cinayətlərinin subyekti ola biləcək şəxslərə təsadüf olunur. 
 
- Mahmud müəllim, zaman-zaman müzakirə predmetinə çevrilən problemlərdən biri də dövlət məmurlarının öz nüfuz və səlahiyyətlərindən istifadə edərək biznes şəbəkəsi yaratması, kommersiya şirkətlərinin fəaliyyətinə müdaxilə etməsidir. Sizcə bu problem bu gün üçün nə dərəcədə aktualdır?
- Qeyd edim ki, nə qədər arzuedilməz olsa da, mən özüm də bu cür hallara şahid olmuşam. Hətta bununla bağlı başıma bir iş də gəlib. 
2 il bundan öcə “Titan-D” MMC adlı özəl mühafizə və kommersiya şirkətindəki işimdən qanunsuz olaraq azad edildim. Hansı ki, bu qurumda 10 ildən çox idi ki, çalışırdım. Mən işdən azad olunmağımla bağlı əmri tələb etdim və bunu əldə edəndən sonra məhkəməyə müraciət etdim. 
Səbail Rayon Məhkəməsi həmin MMC-nin xeyrinə qərar qəbul etdi. Odur ki, Appelyasiya Məhkəməsinə müraciət etdim. Appelyasiya Məhkəməsində savadlı hakim Namiq Cəfərov mənim haqqımda qanuni qərar verdi. Səbail Rayon Məhkməsinin qərarı ləğv edildi. Qərarda işə bərpa olunmağım, buraxılmış iş  müddətinə görə əmək haqqımın ödənilməsi öz əksini tapmışdı. Bu arada qeyd edim ki, hörmətli Namiq Cəfərovun hakimlik fəaliyyəti yüksək qiymətləndirən hörmətli ədliyyə naziri Fikrət Məmmədov daha sonra onu Məhkəmə-Hüquq Şurasına cəlb etdi. 
Appelyasiya Məhkəməsinin qərarından sonra öyrəndim ki, iri məmurlardan biri bu iş müdaxilə etməyə, sözügedən MMC-nin xeyrinə qərar çıxarmağa çalışır. 
Ali Məhkəmə Namiq Cəfərovun qərarını ləğv etdi. İşi yenidən Appelyasiya Məhkəməsinə göndərdi. Appelyasiya Məhkəməsində isə Şeyda Məhərrəmova bir az da irəli gedərək Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. 
Bundan sonra mən yenidən Ali Məhkəməyə müraciət etdim. Şükürlər olsun ki, bizim məmləkətdə Namiq Cəfərov, Ələsgər Əliyev, Əhməd Əhmədov kimi hakimlər var. 
Əhməd Əhmədov mülki kolegiyada bu işə baxdı və qanuni qərar qəbul etdi. Ali Məhkəmə 2019-cu ilin dekabr ayının 17-də qərar verdi. Qərarda qeyd olunurdu ki,  işimə bərpa edilim, buraxılmış iş günlərinə görə əmək haqqım ödənilsin. 
2019-cu ilin dekabrın 17-də verilən qərar 5 ay – 2020-ci ilin may ayının sonlarına qədər icra edilmədi. Halbuki, mülki-prosessual qanunvericlikdə düzünə göstəriş var ki, Ali Məhkəmənin qəbul etdiyi qərar qərar qəbul edilən gündən qüvvəyə minir. 
- Sizcə qərarın icrasının uzadılması, 5 ay icra ollunmaması nə ilə bağlı idi? 
- Buna səbəb dövlət məmurunun kommersiya şirkətinin işinə müdaxiləsi idi. Bu mümkün deyil ki, Ali Məhkəmənin qərarının icrasını hər hansı MMC direktoru 5 ay müddətində saxlasın. Bu, hər hansı MMC-nin gücü daxilində olan məsələ deyil. 
- Bəs sonra nə baş verdi?
- Daha sonra iş Konstitusiya Məhkəməsinə çıxdı. Konstitusiya Məhkəməsinə gedəndən sonra mən məcburiyyət qarşısında qalaraq həm ölkə başçısına, həm hörmətli I vitse-prezidentə, həm də hörmətli Fuad Ələsgərova müraciətlər etməyə başladım. Onlara müraciətimdən sonra iş Konstitusiya Məhkəməsində də öz həllini tapdı. Son nəticədə mən iki illik əmək haqqımı aldım. Lakin gəlin biz, məsələyə başqa konteksdən yanaşaq. Olmazmıdı ki, həmin dövlət məmuru bu işə qarışmayaydı? Məsələ də indi olduğu kimi məhkəmə müstəvisində, qanuni şəkildə öz həllini tapardı. Axı bu cür müdaxilələr vətəndaşı dövlətdən narazı salır. 
Prezident  qlobal səviyyəli işlərlə məşğuldur. Biz bu cür müraciətlərlə onun bu fəaliyyətinə mane oluruq. Niyə vətəndaş hər xırda işə görə prezidentə, I vitse-prezidentə müraciət etməlidir? Məmur müdaxilələri məcbur edir ki, vətəndaş məcburiyyət qarşısında qalıb bu müraciətləri etsin. 
Bu səbəbdən də hesab edirəm ki, dövlət məmurları vətəndaşları dövlətdən narazı salmamalı, yalnız öz işləri ilə məşğul olmalıdır. Qanunun onlardan tələb etdiyi də məhz budur.

Mən müraciətlərimə həssaslıqla yanaşdığına, üzləşdiyim problemin ədalətli həllində göstərdiyi köməkliyə görə həm ölkə başçısına, həm də hörmətli Mehriban xanıma öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, ölkə başçımızın apardığı qətiyyətli siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə elə bir şərait yaranacaq ki, məmurlar vətəndaşlarda hət hansı narazılıq yaratmayacaq, yalnız öz işləri ilə məşğul olacaq, vətəndaşlar da prezidentə müraciət edərək onun qlobal miqyaslı fəaliyyətinə mane olmayacaqlar.  

 






Fikirlər