Milli Məclisin yeni seçilən nardaranlı deputatı: “Mən heç kimin adamı deyiləm” - MÜSAHİBƏ
Dilarə Cəbrayılova: “Seçicilərimə yalan vədlər verməmişəm”
Noyabrın 1-də keçirilmiş parlament seçkilərdə ilk dəfə deputat mandatı qazanan 27 namizəddən biri Bakı şəhərindəki 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılovadır. 1971-ci il təvəllüdlü məktəb direktorunun namizədliyini Yeni Azərbaycan Partiyası 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən irəli sürmüşdü. Modern.az saytı Dilarə Cəbrayılovandan ilk dəfə deputat seçilməsilə bağlı təəssürat öyrənib. - Seçkilərdə qalib oldunuz, təəssüratlarınızı bilmək istərdik... - Təəssüratlarım çox gözəldir. Seçiləcəyimi gözləmirdim, amma qalibiyyət xəbərini eşidəndə çox sevindik. Sadə ailənin qızıyam və öz zəhmətimlə nailiyyət əldə etməyim məni çox təsirləndirib. - Milli Məclisdəki fəaliyyətiniz zamanı hansı qanun layihələrinin qəbulu ilə bağlı çıxış etmək, hansı təklifləri irəli sürmək haqda düşünürsünüz? - Milli Məclisə gedib, mandatımı alandan sonra bu haqda danışmaq olar. Xalqım üçün nə lazımdırsa, bacardığım qədər nail olmağa çalışacağam. - Məktəb direktorunun təklifləri, yəqin ki, daha çox təhsillə bağlı olar? - Mən də bu barədə düşünürəm. Yəqin təhsil sahəsinə daha çox fikir ayıracağam. - Deputat olmaq qərarını necə verdiniz? - Namizədliyimi Yeni Azərbaycan Partiyası irəli sürüb. 2000-ci ildən bu partiyanın üzvüyəm. 1996-cı ildə ali təhsilimi bitirdikdən sonra öz kəndimizdə - Nardaranda müəllim işləmişəm. 16 il pedaqoji fəaliyyətim olub. Məlumdur ki, bura ağır kənddir. 2012-ci ildən Nardaranda yerləşən 295 saylı məktəbə keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən direktor təyin olunmuşam. Məktəbi mənə sıfır nəticə ilə vermişdilər, 3 illik fəaliyyətim müddətində bu nəticəni 77 faizə qaldırdım. Məlumdur ki, Bakı kəndlərində qızların məktəbə cəlb edilməsi çətindir. Mən isə buna nail olmuşam. - Seçicilərinizlə görüşləriniz zamanı onlara nə kimi nə vədlər vermisiniz? Onlar sizinlə görüşdə seçildikdən sonra parlamentdə səsləndirmək üçün hansı problemlərini qeyd edirdilər? - Dağlıq Qarabağdan başqa bizim elə də böyük problemimiz qalmayıb. Azərbaycanda bütün infrastruktur inkişaf gedir. Elə sahə yoxdur ki, orada inkişaf getməsin. Mən də deyirdim ki, aidiyyəti qurumlar qarşısında bəzi xırda-para yol, qaz, elektrik enerjisi təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə ocaqlarının təmir olunması barədə məsələlər qaldıracağam və bunların həllinə köməklik göstərərik. Yalandan seçicilərimə vədlər verməmişəm. - İnanmırdılar, ümidləri yox idi. Çünki bilirdilər ki, direktorluğa da özüm gəlmişəm, arxam, heç kimim yoxdur. Amma seçicilərlə hər dəfə görüşəndə gəlib valideynlərimə onların məni necə yaxşı qarşılamaları, görüşlərimiz haqqında danışırdım. Seçicilər də mənə səs verəcəklərini deyirdilər. Mən də heç seçicilərə yalançı vədlər vermirdim. Hər dəfə seçicilərlə görüşəndə görürdüm ki, insanların rəğbətini qazanıram və deputat da seçildim. İnşallah, onların bu rəğbətini də doğruldarıq. Ümumiyyətlə, nə işin yiyəsi olursansa ol, gərək öz peşəni sevəsən. İşinin, nəticələrinin sayəsində insan qabağa gedə bilər. Biri deyir kiminsə adamıdır, biri başqa söz deyir, yalan söhbətdir. Mən heç kimi adamı deyiləm. Elə adamlar təsadüfi ola bilər. Amma işləyirsənsə, əvvəl-axır bunun nəticəsini görürsən. - Ailəlisiniz? - Bəli, iki övladım var, oğlum ali məktəb tələbəsidir, qızım isə ikinci sinifdə oxuyur. Yoldaşım tar müəllimidir, lakin bu sahədə fəaliyyət göstərməyib. Atam, anam isə pensiyaçıdırlar. - Qızınız azyaşlıdır, sizi bundan sonra lap az görəcəyi ilə bağlı şikayət etmir? - Ona anam baxır, məktəbdən çıxan kimi anamın yanına gedir. Hərdən deyir: “Ana yenə biz axşamlar görüşəcəyik?”. Çünki bilir ki, anası iclasda, orda-burda olur. Savadlı uşaqdır, gözəl şəkillər çəkir. - Deputat olmaq niyyətiniz əvvəldən olub, yoxsa bununla bağlı gələn təklifi qəbul etdiniz? - Belə bir deyim var: “General olmaq istəməyən əsgər yaxşı əsgər deyil”. Əgər qarşına nəyisə niyyət kimi qoyursansa, istədiyin nəticəni alacaqsan, amma gərək çalışasan. - Parlamentdə kiminlə yanaşı oturmaq istərdiniz? - Əgər 5 milyon seçici 125 nəfəri seçibsə, deməli, təvazökarlıqdan uzaq da olsa, bunlar həqiqətən seçilən insanlardır. Kimin yanında oturmağım o qədər əhəmiyyətli deyil, bu məsələni artıq mən həll etmirəm. İnanıram ki, hər kəsdən nəsə öyrənmək olar. - İndiyə qədər necə məktəb direktoru olmusunuz? - Dediyim kimi, bu məktəb mənə sıfır nəticə ilə verilmişdi, burada çox işlər görmüşəm. Bu il məktəbi bitirən 13 nəfərdən 10-u ali təhsil müəssisələrinə qəbul olunub. Onların 8-i qız, 2-si oğlandır. Qızlar üçün də bu stimuldur. Nardaranda doğulan, burada böyüyən bir qızın məktəb direktoru olması bütün Bakı kəndləri üçün stimuldur. Məhz bizi görüb kəndlərdəki qızlar orta təhsil alıb, sonra ali məktəblərə qəbul olunmaq haqda daha çox düşünürlər.
- Yaxınlarınız deputat seçilmək istəyinizlə bağlı qərarınızı necə qarşıladı?