- Nazirin tələbəlik illəri `Qrupda ən yaraşıqlı oğlan idi...`
Bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun doğum günüdür. Ötən gün prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilən nazir 60 illik yubileyeni qeyd edir.
Xoş günündə nazirin tələbə yoldaşı və müəlliməsi onunla bağlı xatirələrini AzVision.az-la bölüşüb.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan Hüseynqulu Bağırovun müəlliməsi Gülnarə Hüseynova nazir tələbəsini belə xatırlayır:
- Mən onlara SSRİ tarixindən dərs demişəm. Hüseynqulu ən yaxşı tələbələrimdən biri olub. O, rus böməsində təhsil alırdı. Bütün seminarlara hazırlıqlı gələrdi. İmtahanlarda əla qiymətlər alırdı. Çox bacarıqlı oğlan idi, digər tələbələrdən həmişə yaxşı mənada fərqlənə bilirdi. Fəxr edirəm ki, tələbəm yüksək vəzifədə çalışır.
Yadımdadır, Hüseynqulu namizədlik dissertasiyasını müdafiə edən zaman mən də iştirak edirdim. O, dissertasiya müdafiəsinə hazırlıqlı gəlmişdi. Bütün suallarımıza çox dolğun cavablar vermişdi.
Bu gün tələbəmin 60 illik yubileyidir. Mən onu ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, işlərində uğurlar arzulayıram.
Gülnarə Hüseynovanın sözlərinə görə, Hüseynqulu Bağırov boş vaxtlarını kitab oxumaqla keçirirmiş:
-Hüseynqulu həmişə dərsdən əlava kitablar oxuyardı, jurnallar alardı. Bu, onun gələcəkdə gözəl kariyera qurması üçün ən yaxşı xüsusiyyəti idi. O nazir olmağa layiq oğlan idi. Onun uğurlarına çox sevinirəm. Hüseynqulu bizim əziyyətimizi yerə vurmadı.
İndiki kimi yadımdadır, ona çoxlu kitab oxumağı tapşırırdım. Dərsdən əlavə ədəbiyyat oxumayan tələbəyə heç vaxt “beş” yazmırdım. Amma Hüseynquluya bütün imtahanlarda yükzək qiymət yazırdım, o buna layiq tələbə idi. Diplom işinin müdafiəsi zamanı da ona “beş” yazmışdım.
-Nazirin müəlliməsi olmaq sizin üçün nə deməkdir?
- Tələbələrimi yüksək vəziflərdə çalışan görən zaman çox sevinirəm, ürəyim fərəh hissi ilə dolur. Hüseynqulu yeganə nazirdir ki, onun fəaliyyətindən razıyam. O, kabinetdə oturmur, yorulmaq bilmədən çalışır. Mənim minlərlə tələbəm olub. Onların içərisində yadımda qalan tələbələrdən biri Hüseynqulu Bağırovdur. Hüseynqulu qrupda ən yaraşıqlı tələbə idi. Ona “krasiviy malçik” deyirdim.
BDU-nun tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli nazir Hüseynqulu Bağırovla qrup yoldaşı olub. Nazirlə yataqxanada bir yerdə qalan Atamoğlan Məmmədli tələbəlik illərini, onunla birlikdə yaşadığı xoş xatirələri yada salıb:
- Biz Hüseynqulu Bağırovla tələbə yoldaşı olmuşuq. Mən Azərbaycan, o isə rus bölməsində təhsil alırdı. Biz universitetin yataqxanasında da bir yerdə qalmışıq. Həmişə onu müşahidə edirdim. Hüseynqulu çox məsuliyyətli tələbə idi. Onun ən bəyəndiyim xüsusiyyətlərdən biri dərslərdən əlavə olan ədəbiyyatlara meyilli olması idi. Boş vaxtı olan kimi ancaq kitab oxuyardı. Onunla çox vaxt seminarlara bir yerdə hazırlaşırdıq. Hüseynqulu əlaçı tələbə idi. Müəllimlər həmişə ondan razı qalırdı, bütün tapşıqırları yüksək səviyyədə yerinə yetirərdi.
-Hüseynqulu Bağırovla tələbə yoldaşı kimi münasibətiniz necə idi?
- Onunla çox gözəl münasibətimiz var idi. Səmimi, etibarlı dost idi. Bir dəfə Hüseynqulu ilə birlikdə imtahana hazırlaşırdıq. Hazırlıq gecəyə qədər çəkdi. Sabah imtaha verməli idik. O qədər oxumuşduq ki, yatıb qalmışdıq. Oyananda gördük ki, gecikmişik. Öz-özümüzə dedik ki, bir az da yataq, imtahana sonra gedərik.
Həmin imtahanda müəllim bizə dedi ki, bileti çəkin, nömrəsini deyin və evə gedin. Soruşduq ki, bəs biletdəki sualların cavablarını danışmayaq? Müəllim dedi ki, onsuzda həmin biletdəki mövzuları bütün semestr boyu danışmışsınız, ona görə də ehtiyac yoxdur. Hər ikimiz mexaniki olaraq imtahandan “5” aldıq.
Tələbə yoldaşının sözlərinə görə, Hüseynqulu Bağırov tələbə vaxtı arxeologiya və coğrafiya fənlərinə xüsusi maraq göstərirmiş:
- Biz birinci kursun yay tətilində Azıx mağarasına təcrübəyə getmişdik. Məhəmmədəli Hüseynov Azıx mağarasında alt çənə sümüyü tapmışdı. Azıx mağarasında 6-7-ci təbəqələrin qazıntısında fəal iştirak etdik. Günorta saat 12-yə qədər mağarada işləyirdik, sonra nahar edib dağlara gəzintiyə çıxırdıq. Hüseynqulu da bizimlə birlikdə qazıntı prosesində fəal iştirak edirdi. O, həmişə axtarışda idi.
Hüseynqulu müəllimin ən yadda qalan xüsusiyyətlərlərindən biri onda “alman dəqiqliyi”nin olması idi. O, səliqə-səhmanı çox sevirdi. Vaxtının qədrini bilirdi. Boş vaxtlarında ədəbiyyat oxuyur, idmanla məşğul olurdu.
Yataqxanada qaldığımız zaman o, dərs günlərin və mühüm işlərin cədvəlini hazırlayıb, yatdığı otaqın divarlarına vurmuşdu. O vaxtlar ikinci növbənin dərsləri axşam saat 6-da bitirdi. Dərsdən çıxan kimi Axundov adına kitabxanaya gedirdik. Kitabxana növbətçiləri bizə deyirdilər ki, artıq gecdir, kitabxana bağlanır, evinizə gedin.
Yataqxanda bütün yeməkləri özümüz hazırlayırdıq. Hamımıza evdən ərzaq göndərirdilər. O vaxt ən çox bişirdiyimiz yemək kartof qızartması idi.
Biz yataqxana otaqlarında ad günlərimizi də birlikdə keçirirdik. Yaxın dostlarımız başımıza yığılırdı. Ad günündən bir neçə gün əvvəl pul yığıb bazarlıq edirdik. İki-üç növ yemək bişiridik. Salatlar hazırlayırdıq. O vaxt bizim kiçik bir radiomuz var idi. Hazırladığımız yeməklərdən yeyib, mahnılara qulaq asırdıq. Hüseynqulu ilə birlikdə futbola da baxırdıq. Onunla vaxt çox rahat keçirdi.
O vaxtlar valideynlərimiz yanımıza çox gec-gec gələrdilər. Bütün çətinliklərə özümüz sinə gərərdik. Paltarlarımızı da özümüz yuyardıq.
Hüseynqulu ilə çox gözəl günlərimiz olub. Onu ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Dövlərimizin çiçəklənməsi, uğur qazanması istiqamətində olan fəalliyyətində ona bol-bol uğurlar arzulayıram.