Hüquqşünas-alim: “Ola bilsin ki, Aristotel haqlıdır...” - professor İlham Rəhimovdan hadisə kimi müsahibə
Fevralın 5-də hüquq professoru, tanınmış iş adamı, xeyriyyəçi İlham Rəhimov “Yeni Müsavat” qəzetinin dəvəti ilə redaksiyada olub və jurnalistlərin suallarını cavablandırıb. Həmin cavablar əsasında hazırlanan müsahibənin ikinci, sonuncu hissəsini təqdim edirik.
(Əvvəli ötən sayımızda)
- Böhran Sizə necə təsir edib? Bir iş adamı kimi böhranın zərbəsini hiss edirsizmi? Sizin işiniz, biznesiniz Rusiyadadır və Rusiya iqtisadi baxımdan Azərbaycandan da pis durumdadır.
- Təbii ki, bizə də təsir edir. Ona görə ki, neft dəyərdən düşdükcə rus pulunun dəyəri də aşağı düşür. 2 mindən çox işçimiz var, onların maaşını rublla veririk...
- Bu vəziyyətdən sonra maaşları qaldırmısızmı? Rus iş adamları, Rusiyada işi olan azərbaycanlı iş adamları, sıravi rus insanı bu krizisi necə yaşayır?
- Biri var dövlətin özündə bu problem yarana; hansı dövlət ki, daxilində bu problemi hansısa yolla, məsələn, daxili istehsalın köməyi ilə həll edir, orda problem azdır. Amma hətta iynəni də xarici ölkədən alan ölkə üçün vəziyyət çətindir. O baxımdan, məsələn, Rusiya və Türkiyədə daxili istehsal var. Elə ölkə var ki, neftə oturub, ondan başqa istehsalı yoxdur. Amma Rusiya silah satışına görə dünyada ikinci yerdədir. Onlar təkcə keçən il 10 milyard dollarlıq silah satıblar. Azərbaycanda da, Rusiyada da təbii sərvətlər var, amma Qərbdə yoxdur. Əvəzində isə Qərbdə texnologiya var, bizdə isə o yoxdur.
- Burda necə bir tərs mütənasiblik var? Bunun açmasını verə bilərik?
- Qərbin ehtiyacı təbii sərvətlərədir. Azərbaycanın da, Rusiyanın da ehtiyacı texnologiyayadır. Texnologiya deyəndə istənilən növ texnologiya nəzərdə tutulur. Telefondan tutmuş, neft avadanlığına qədər. Əgər Rusiya o texnologiyanı özü istehsal etsə, asılılıq azalır. Amma Qərb gedib özünə təbii sərvət tapa bilməyəcək axı. Bunları perspektiv üçün deyirəm... Hansı ölkənin təbii sərvəti varsa, o, texnologiyasını inkişaf etdirsə, daha qabağa gedəcək.
- Dağlıq Qarabağda dövri döyüşlər gedir. Bu məsələnin fonunda bizim ermənilərin əsirliyində olan iki girovumuz yada düşür. Biz bilirik ki, əlaqələri geniş olan bir azərbaycanlı kimi siz bu cür məsələlərlə maraqlanır, narahat olursuz. Bu iki girovun qaytarılması istiqamətində hər hansı fikirləriniz var?
- Bu məsələ ilə bağlı olaraq əvvəlcə Rusiya siyasətçiləri və hökumət nümayəndələri ilə məsləhətləşdim. Məsələ burasındadır ki, bu qeyri-adi hadisədir, yəni onu hüquqi cəhətdən tənzimləmək mümkün deyil. Biz onların hüquqi statusunu müəyyənləşdirə bilmirik. Yəni onlar nə əsirdirlər, nə cinayətkardırlar, nə də casusdurlar. Onlar Qarabağ ərazisində öz evlərində, Azərbaycanda bandit qruplaşmaları tərəfindən tutulublar. Ona görə də onlar terroristlərin əlində girov sayılırlar. Hansıları ki, ya gərək hərbi yolla azad edəsən, ya da ki danışıqlar yolu ilə. Ona görə də ermənilər nə deyirlərsə: istintaq, məhkəmə prosesi və s.-in heç bir hüquqi gücü yoxdur. Əgər Avropa Məhkəməsinə müraciət edilsə, onlar banditlərin bu hərəkətini cinayət əməli hesab edəcəklər.
“Mənə çox xoşdur ki, məndən soruşurlar: ”Niyə sizi təltif etmədilər"? Ən pisi və xoşagəlməyəni odur ki, haçansa deyirlər: “Onu nəyə görə təltif ediblər”?
|
- Bəs Rusiya Ermənistan və ya Qarabağ rəhbərliyinə müraciət edə bilərmi?
- Bu həm siyasi, həm də hüquqi cəhətdən qeyri-mümkündür. Əgər Rusiya Ermənistana müraciət etsə, bu o deməkdir ki, Qarabağ Ermənistan ərazisidir. Əgər Qarabağ separatçılarına müraciət edilsə, bu, Qarabağın müstəqil, hüquqi subyekt kimi tanınmasının təsdiqidir. Məlumdur ki, girovlardan biri Rusiya vətəndaşıdır. Hətta belə olan halda da onlar bilmirlər ki, kimə müraciət etsinlər. Hərçənd ki, hüquqi nöqteyi-nəzərdən onlar Azərbaycana müraciət etməlidirlər. Çünki onların tutulduqları və indi olduqları yer Azərbaycan ərazisidir. Ona görə ən doğru yol beynəlxalq təşkilatlara müraciət etməkdən ibarətdir. Gəlin hələlik müəyyən edək: onlar əsirdilər, ya girov?
- Rəsmi qaynaqlarda girov olaraq təqdim edilir.
- Təbii ki. Əsir o vaxt ola bilərdi ki, müharibə gedib və bunlar da əsir düşüblər. Onlar bizim öz vətəndaşımızdır, bizim öz torpağımızdadırlar.
- Bu status onların geri qaytarılması baxımdan vəziyyəti ağırlaşdırır, ya yüngülləşdirir?
- Əsir düşənlərdə durum bir az yüngüldür. Çünki onların beynəlxalq statusu var və geri qaytarılmaları ilə məşğul olan beynəlxalq təşkilatların sayı çoxdur. Amma girov düşəndə belədir ki, bu halda məsələ ya danışıqlar yolu ilə getməlidir, ya da gedib girovları azad etmək lazımdır.
- Məhz bu məqamda bir sualı biz sizə verməyə bilməzdik. Söhbət Ermənistan tərəfinin Ramil Səfərovun işi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təkrar müraciətindən gedir. Hamıya məlumdur ki, Siz bu problemi yaxşı bilirsiniz. Buna görə də fikrinizi bilmək istərdik...
- Bəli, mən ermənilərin belə bir müraciətinin olmasını KİV-lərdən oxumuşam. Düşünürəm ki, burada təəccüblü bir şey yoxdur, çünki Ramil Səfərov azad olduğu gündən erməni tərəfi hay-küy qaldırmağa, müxtəlif beynəlxalq təşkilatlara müraciət etməyə başladı. Bir qədər əvvəl mən Bolqarıstanda beynəlxalq tədbirdə iştirak etdim. Burada müxtəlif ölkələrdən gələn çoxlu hüquqşünaslar var idi. Tədbirdə iştirak edənlərdən biri Ramil Səfərovun azad edilməsinin hüquqi cəhətdən qanunauyğunluğuna dair məsələ qaldırmağa cəhd etdi. Mən təbii ki, ondan bu məsələni bağlamağı tələb etdim və bununla hər şey bitdi. Məsələ burasındadır ki, bu problem doğrudan da, təkcə ermənilər tərəfindən deyil, başqaları tərəfindən və müxtəlif tədbirlərdə müntəzəm olaraq qaldırılır. Heç kəs ermənilərə Avropa Məhkəməsinə müraciət etməyi qadağan edə bilməz.
“23 ildir ki, gəlib-gedirlər və heç bir xeyri yoxdur, ATƏT-in Minsk Qrupu faydasız qurumdur”
|
Bu onların hüququdur. Ona görə də fikirləşirəm ki, məhkəmə baş tuta bilər, çünki bu səs-küylü məsələdir. Digər tərəfdən də, erməni diasporunun ölkəmizi dünya ictimaiyyəti qarşısında qaralamaq üçün bütün vasitələrdən istifadə etdiyini unutmaq olmaz. Bu fakt onlara bizə qarşı ideoloji və siyasi mübarizədə, o cümlədən Qarabağ məsələsində bir vasitə kimi çox vacibdir. Başqa cür desək, məsələnin hüquqi tərəfi onları heç maraqlandırmır. Əgər məhkəmə prosesi baş tutsa, beynəlxalq və milli hüquq əsasında öz mövqelərimizin hüquqi və siyasi müdafiəsi üçün hazırlaşmalıyıq.
- Yeri gəlmişkən, Azərbaycanın müharibə yolu ilə, öz hərbi potensialı hesabına torpaqlarını azad etmək imkanını yaxın perspektivdə necə görürsünüz? Sülh danışıqlarının fayda vermədiyi görünür. O baxımdan Rusiya-Türkiyə münasibətləri fonunda bu perspektivi məhz Sizin necə qiymətləndirməniz də maraq doğurur?
- Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumu hesab edirəm ki, Qarabağ məsələsini dalana saldı. Bu baxımdan, münasibətin korlanmasının əslində bizə də böyük zərbəsi dəyib. Çünki Rusiya ilə Türkiyənin yaxın münasibəti imkan verirdi ki, Türkiyə Qarabağ probleminin həlli prosesinə daha çox cəlb olunsun. Bir neçə il bundan əvvəl Ermənistanla Türkiyə arasında sərhəd məsələsi, blokadanın götürülməsi gündəmə gəldi. O zaman bunu Qarabağ məsələsi ilə bağlayırdılar. Siz necə düşünürsüz, yaxın müddətdə o sərhəd açıla bilər, ya yox? ...
Yox. Deməli, hər dəfə bu məsələ gündəmə gəlsə, ermənilər də sərhəd və blokada ilə bağlı yarımçıq qalan həmin mövzunu müzakirəyə qoyacaqlar.
Yadınızdadırsa, o zaman işə Amerika qarışmışdı. İndi deyəcəklər ki, bu məsələni gündəmə gətirirsizsə, gəlin onda sərhədlərin açılmasını da həll edək. Ona görə demək istəyirəm ki, münasibətlərin bu həddə çatmasının Qarabağ məsələsinin həlli baxımından mənfi təsiri var.
- Bəs ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqları? Sizcə, bunun faydası olacaqmı, bu format davam etdirilməlidir?
- Bu, mənasızdır. Bir təşkilatın və bu formatın konfliktin həlli ilə bağlı heç bir faydası yoxdur. Bu təşkilatın zamana görə dəyişən həmsədrləri 23 ildir ki, ancaq turist kimi gəlib-gedirlər. Ortada isə heç bir nəticə yoxdur. Bunu niyə əminliklə deyirəm? O qurumla müəyyən qədər aktiv işləyən Rusiya siyasətçiləri ilə çox söhbətim olub. Onların danışıq və fikirlərindən əmin oldum ki, o qurum əhəmiyyətsiz bir şeydir.
“Mənim Rusiyaya münasibətim qətiyyən siyasətlə əlaqəli deyil. İstəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, isti münasibətlər olsun. Bunu bizim indiki real vəziyyətimiz tələb edir”
|
- Professor, Azərbaycanın cəlb edildiyi vətən müharibəsi nəticəsində bizim 1 milyona yaxın qaçqınımız oldu. Hazırda da məhz müharibə qaçqınları dünyanın xəbər məkanında mövzu olaraq, birinci sıradadır. Ona görə də bir hüquq alimi kimi bu mövzuda açıqlamalarınız maraqlı olardı. Avropaya axışan müharibə qaçqınlarının statusu nədir? Onlar dünya üçün kimlərdir?
- Beynəlxalq normativlərə görə, kimin qaçqın, kimin miqrant, kimin immiqrant sayılması müəyyən edilib. Bu dəqiqə onlar da, Avropa da çətinlik içindədir. Onların hüquqi statusunu müəyyənləşdirə bilmirlər. Bəziləri qaçqın deyir, bəziləri köçkün. Qaçqın o adamlar sayılır ki, öz vətənlərindən hansısa səbəblərə görə, əsasən də vətənində müharibə gedirsə, ya da vətəndaş müharibəsi alovlanıbsa, başını götürüb ölkəsini tərk edir. Bu halda sabitlik olan heç bir dövlətin onları qəbul etməmək ixtiyarı yoxdur.
- Amma Avropa belə etmir axı. Bəzi ölkələrdə - Yunanıstanda, Macarıstanda, Serbiyada sərhədlər bağlanıb və faktiki qaçqınların girişinə icazə verilmir. Hər gün beynəlxalq media vasitəsilə nə qədər belə faciəvi hekayələrin şahidi oluruq...
- Heç fikirləşmisiz ki, o qaçqınların heç biri niyə müsəlman ölkələrinə getmirlər? Çevrədəki ölkələrin hamısı müsəlman olsalar da, onların üzərindən Avropaya yürüş edirlər. Siz bunu düşünmüsünüz?
- Maraqlıdır. Amma əksəriyyəti Türkiyəyə sığınıb, indi də oradadırlar...
- Türkiyəyə ona görə gedirlər ki, Türkiyənin ərazisindən keçirlər. Onlar suriyalılardır və Türkiyə-Suriya sərhədindən toplu halda Türkiyəyə girirlər. Hazırda 2 milyon qaçqın Türkiyə ərazisində qalıb. Onlar kimlərdir? Nisbətən imkanlı suriyalılar. Hansıların ki, imkanı var, ev alır, iş tapırlar. Kimin ki, heç bir imkanı yoxdur, Türkiyədə qalmır. Onlar bilirlər ki, Almaniyaya gedən kimi ev verirlər, pulsuz tibbi xidmət göstərirlər, uşağını məktəbə düzəldirlər, aylıq müavinət verirlər.
- Çevrədəki zəngin ərəb ölkələri bunu edə bilməzdimi?
- Mən də onu soruşuram ki, niyə ora getmirlər? Ona görə ki, qaçan ərəblər çox yaxşı başa düşürlər ki, insan özünü ən yaxşı Avropada hiss edir. Onlar gözəl başa düşürlər ki, yaşayış necədir, harada insana necə azadlıq verilir...
- Avropanı təriflədiniz, ona görə bu sualı verməmək mümkün deyil. Nə əcəb, siz də bir çox imkanlı, tanınmış simalar kimi, Avropaya yerləşmirsiz? Özü də elm adamısız, yaradıcılıqla məşğul olursunuz, kitablar yazırsız. Kənar müşahidələr də onu göstərir ki, Siz biznesdən daha çox elmlə məşğul olmaqdan zövq alırsınız. Gedib, Avropaya yerləşib, rahat elmlə məşğul olmaq niyə istəmirsiz?
- Məndən bir dəfə soruşdular ki, əgər Bakıda yaşamaq mümkün olmasa, harada yaşamaq istəyərsiz? Dedim ki, iki yer var. Birinci İstanbul, ikinci Moskva.
- Yəni Sizinçün Avropaya köç istisna olunur?
- Mən Avropada heç bir vaxt bir həftədən çox qala bilmirəm. Düzdür, adam özünü orada çox rahat hiss edir. Adamdan orda soruşan olmur ki, sən burda nə edirsən...
- Kitab yazmaq, yaradıcılıq çox maraqlı bir prosesdir. Hər kəs özünü bir köşədə, bir yerdə rahat hiss edir. Sizin kitablar harda yazılır?
“Tələbəlik illərindən başlamış indiyə qədər davam edən dostluq münasibətlərində olduğum bir insandan mükafat almaq o qədər də başadüşülən deyil”
|
- Bakıda, Novxanıdakı bağımda, bəzi hallarda təyyarədə.
- Bir dəfə demişdiz ki, təyyarədə, yerlə göy arasında özümü çox rahat hiss edirəm.
- Bəli, bəzən 5-6 saat uçursan, təyyarədə rahatçılıqdır, heç kim mane olmur. Orda kitab oxuyub, qeydlər edirəm. Kitabın özünü yazmaq isə ev şəraitində, sakit məkanda olur. Əsasən də dediyim kimi, Novxanıda.
- Nəvələr mane olmur?
- Yox, onlar şənbə-bazar günü gəlirlər. Onlar da öyrəşiblər. Gələn kimi mənimlə görüşüb gedirlər. Bilirlər ki, mən işləyirəm, mane olmaq olmaz.
- İş prosesi dediniz. Onun nə qədər hissəsi biznesə, nə qədəri yaradıcılığa həsr olunur?
- Fikir verirsizsə, kitablarımın çıxması son 5 ildə daha intensiv oldu. Çünki onlardan əvvəl o biznesi qurmaq, relsə qoymaq lazım idi. Artıq onun hamısını eləmişəm. Moskvada biznes özü nizamda, qaydasındadır. Bu işlərə baxan cavanlar var. Əgər təcili bir problemi həll etmək, müzakirə etmək lazım olarsa ortaqlarla görüşürük, bir qərar qəbul edirik.
- Yubiley ərəfəsində daha bir kitabınız çıxdı, tərcümə olundu bir neçə dilə. Sanki bir dövrə yekun vurdunuz. Yaradıcılıq prosesi davam edirmi? Planınız nədir?
- Mən plan qurmağı sevmirəm. Hər şey ekspromt olur. Bundan qabaq mənim çox kitablarım çıxıb. 5 il bundan qabaq “Cinayət və cəza”nı yazan zaman düşünürdüm ki, bununla öz sahəmdə sözümü dedim, daha kitabla məşğul olmayacam. Yazdım, qurtardım, kitab çap olundu, oxudum. Gördüm ki, bu kitabda nəsə çatışmır, sözümü tam deməmişəm, bir boşluq var...
- Bu düşüncələr nəyi ortaya çıxardı?
- “Cinayət və cəzanın fəlsəfəsi”ni - bu adda yeni kitabı. Sonra yenə eyni proses oldu. Düşündüm ki, bununla proses yekunlaşdı. Amma kitab ərsəyə gələndə yenə gördüm ki, sözümü tam deməmişəm. Bu dəfə də “Cəzanın əxlaqı” barədə yazdım.
- Sizin kitabları kim oxuyur? Oxucu kontingentiniz kimdir?
- Hüquqşünaslar, hüquq fakültəsinin tələbələri, müəllimlər. “Cinayət və cəzanın fəlsəfəsi”ni isə hüquqşünaslarla yanaşı, filosoflar da oxuyur.
- Kitablarınızdan neçəsi dərslik kimi istifadə olunur?
- Moskvada, Türkiyədə və Azərbaycanda dərslik kimi istifadə olunur. “Cinayət və cəzanın fəlsəfəsi” Azərbaycan, rus, türk, italyan, ingilis, yəhudi, bolqar dillərinə tərcümə olunub.
- Bu kitablara görə patent alırsızmı? Kitab yazmaqdan gəlir əldə etmək olurmu?
- Bəli. Kitabların satışından əldə etdiyim gəliri “Alimlər Fondu”na keçirirəm. İtaliyadadır o fond.
- Kitablarınızın satış qiymətləri neçəyədir?
- Hər ölkədə fərqlidir. Məsələn, İngiltərədə 25 funt sterlinqdir bir kitabın qiyməti.
- Yəni milli valyuta ilə 70 manata yaxın?
- Bəli. Amma onun qiymətini mən qoymamışam. Nəşriyyatlar özləri müəyyənləşdirir, bizimlə razılaşdırırlar.
- Oxucu dərhal bu rəqəmləri hesablayacaq. Baxmayaraq ki, kitablardan gələn gəliri fonda köçürürsüz, maraqlanacaqlar ki, satışdan əldə edilən gəlirin neçə faizi sizindir?
- Hər mağazanın öz faizi var. Onlar öz faizini götürür, qalan hissə müəllifə yönəldilir.
- Rusiya və Türkiyə iqtidarlarının yaxın və keçmiş münasibətləri barədə geniş açıqlamalar verdiniz. Azərbaycan və Rusiya iqtidarlarının münasibətləri hazırda nə yerdədir? İstidir, soyuqdur, çox yaxşıdır?
- Siz onu məndən yaxşı bilirsiz. Azərbaycan iqtidarı ilə Rusiya iqtidarının çox gözəl münasibətləri var. Ötən il Jirinovskidən tutmuş, bir çox siyasət adamına qədər Azərbaycana gəlmişdi. Parlament sədri, prezidentin özü səfərlərdə olub.
- Sizin Azərbaycan hökuməti ilə münasibətləriniz necədir? Ümumiyyətlə, belə bir münasibət varmı?
- Mən Azərbaycanda bizneslə məşğul deyiləm. Üstəgəl, hər hansı vəzifə daşımıram ki, hökumət orqanları ilə münasibətim də ola. Sadəcə olaraq, kimin mənə münasibəti yaxşıdırsa, mənim də ona yaxşı münasibətim var. Soyuq, laqeyd, pis münasibəti olanlara da adekvat münasibət göstərirəm.
- Hansısa bir təklif olarsa, təcrübənizdən yararlanmaq, islahatlar kontekstində Sizdən faydalanmaq, buna reaksiyanız necə olar?
- Aydın məsələdir ki, mən Azərbaycan vətəndaşıyam, burda yaşayıram. Azərbaycandakı problemlərə də laqeyd yanaşmağım mümkün deyil. Hansısa sahədə köməyim dəyə biləcəyini görsəm, həmişə hazıram ki, nəyisə müzakirə edim.
- Sizin kitablarınızda Qurani Kərimdən sitatlar var. Maraqlıdır, özünüz namaza başlamaq, Həcc ziyarətinə getməklə bağlı nə düşünürsüz?
- Bunlar daxildən gələn məsələlərdir, zamana ehtiyacı var. Mən Qurana kitab yazmağa görə müraciət etmədim ki. Bəziləri deyir ki, mən Quranı oxudum. Bu sözdən xoşum gəlmir. Gərək Quranı daxildən hiss edəsən. Mənim daxilimdə elə bir istək vardı ki, Quranı başa düşüm - Allah bizə nə göndərib? Oxuduqca əmin oldum ki, bunların mənə məşğul olduğum hüquq sahəsində köməyi dəyə bilər. Bu, mənə həm də niyə görə lazım idi? Avropaya konfransa gedəndə alimlər İslamdan, Qurandan, şəriətdən danışanda fikirlərinin yanlış olduğunu gördüm. Mən onlara cavab vermək üçün Qurana müraciət etdim.
- Yaxın gələcəkdə kitablarınız arasında memuarlar da ola bilərmi?
- Qorki deyirdi ki, insan öz həyatını yazmağı bacarırsa, o, yazıçı sayıla bilər. Memuar yazırsansa, gərək onda həyatında nə varsa, onu yazasan. Siz elə insan tapa bilərsiz ki, həyatında nə varsa, onu olduğu kimi səmimi yazsın? Ya da memuar yazanların çoxu bəzi hadisələri özünə sərf edən şəkildə yazır.
- Bəs siz hər şeyi səmimi olaraq bir memuarda yazmağı düşünürsüzmü?
- Ola bilər. Elə bir fikrim var.
“Bakıdan başqa, özümü iki yerdə rahat hiss edirəm - Moskvada və İstanbulda; Avropada isə heç vaxt bir həftədən çox qala bilmirəm”
|
- Sizə axırıncı sualı vermək istərdik... Bir qədər əvvəl yubileyinizi qeyd etdiniz. Sizi niyə təltif etmədilər?
- Yeri gəlmişkən, bu sualı mənə çoxları verir. Birincisi, sual ünvanına uyğun deyil, ikincisi, mənə çox xoşdur ki, məndən soruşurlar: “Niyə sizi təltif etmədilər”? Ən pisi və xoşagəlməyəni odur ki, haçansa deyirlər: “Onu nəyə görə təltif ediblər”? Düzdür, mənim Rusiyadakı dostlarım bu məsələni qaldırmaq istədilər Rusiyada. Lakin mən qəti şəkildə xahiş etdim ki, bunu etməsinlər.
- Niyə görə ki? Axı hamı bilir ki, Siz Rusiya ilə bizim ölkəmiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görürsünüz?
- Bu məsələnin həm obyektiv, həm də subyektiv cəhətləri var. Tələbəlik illərindən başlamış indiyə qədər davam edən dostluq münasibətlərində olduğum bir insandan mükafat almaq o qədər də başadüşülən deyil. Bundan başqa, rusiyalı dostlarıma dedim ki, mən Azərbaycanın vətəndaşıyam, Rusiyanın yox. Hərçənd ki, bu fakt mühüm əhəmiyyət kəsb etmir.
Əgər mən razılaşsaydım, yəqin ki, jurnalistlər, elə siz özünüz də deyərdiniz ki, mən rusiyayönümlüyəm. Aristotel deyir: “Uşaqları tərbiyə edənlər onları dünyaya gətirənlərdən daha çox ehtirama layiqdirlər. Çünki valideynlər bizə yalnız həyatı, müəllimlər isə yaxşı həyatı bəxş edirlər”. Ola bilsin ki, Aristotel haqlıdır, mənsə ata-anamı, doğulduğum torpağı ən müqəddəs sayıram. Əgər Azərbaycan mənim üçün ana və atadırsa, haradakı mən anadan olmuşam, Rusiya isə mənim üçün harada ki, təhsil almışam - müəllimdir və mən bununla həmişə çox fəxr etmişəm, indi də fəxr edirəm. Ona görə də bu ölkəyə, bu xalqa hörmətlə yanaşıram. Əgər siz bunu rusiyayönümlülük hesab edirsinizsə, səhv edirsiniz. Mənim Rusiyaya münasibətim qətiyyən siyasətlə əlaqəli deyil. İstəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, isti münasibətlər olsun. Bunu bizim indiki real vəziyyət tələb edir.
(son)
Söhbəti qələmə aldı: