Televiziyalar niyə xəbərdarlığa məhəl qoymur? – EKSPERT
Bir müddət əvvəl Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri efirdə ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar. Belə monitorinqlərin müntəzəm olaraq aparılmasına baxmayaraq, televiziyada dil normalarının pozulması ilə bağlı rast gəlinən nöqsanlar demək olar ki, aradan qaldırılmır. Televiziyalar bu problemə kifayət qədər diqqət yetirmirlər. Nəzərə alsaq ki, televiziyalar həm də bir məktəb kimi yenicə danışmağa başlayan körpələrə nümunə ola bilər, deməli, bu problemə ciddi yanaşmaq lazımdır. Media eksperti, professor Qulu Məhərrəmli sözügedən məsələ ilə bağlı Kult.az-ın suallarını cavablandırıb.
- Qulu müəllim, MTRŞ-nın televiziyalarda keçirdiyi monitorinqlərin nəticə verdiyini düşünürsünüzmü?
- MTRŞ müntəzəm olaraq televiziyalarda ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlər keçirir. Mənə elə gəlir ki, bu qurumun kanallara xəbərdarlığını, ittihamları qəbul etmək və razılaşmaq olar. Hazırda televiziya və radiolarda dil qüsurları mövcuddur. Dil qüsurlarına iki prizmadan yanaşmaq olar. Telviziya və radio dili danışıq dilinin bir qoludur, audiovizual dildir. Hansı formada deyilməsi o qədər də rol oynamır. Canlı danışıqda aparıcı səhv edə bilər, lakin sonradan onu düzəltməlidir. Amma elə xarakterik nöqsanlar var ki, bunlar özünü daha çox göstərir. Nöqsanlardan başlıcası isə əsasən tələffüz qaydalarının pozulmasıdır. Tələffüz qaydaları o səbəbdən pozulur ki, aparıcıların əksəriyyəti Azərbaycan dilinin orfeoepiya qaydalarını bilmir. Çox az hallarda reportyorlar aparıcılığa cəlb olunur. Müxbirlərin reportajlarını dinləyəndə başa düşmək olmur ki, onlar dili harada öyrəniblər. Mənə elə gəlir ki, bunun üçün televiziyalarda mövcud olan Dil Şuraları formal fəaliyyət göstərir.
- Bəs televiziya və radiolarda ədəbi dil normalarının pozulmaması üçün hansı qaydalara əməl etmək lazımdır?
- Aparıcılar sözün həqiqi mənasında dil-danışıq vərdişlərinə yiyələnməlidirlər. Əslində, bu, spesifik bir işdir, yəni ciddi hazırlıq tələb edir. Aparıcıların xüsusi hazırlıq keçmədən efirə çıxması belə nöqsanların meydana gəlməsinə səbəb olur. Çox təəssüf ki, bu monitorinqlər ancaq söz-söhbətdir və heç bir nəticəsi yoxdur. Televiziya aparıcısı özlüyündə xüsusi məsuliyyət hiss etmir. Nöqsanlar deyilir və teleradioda çalışanlar bu iradların üstündən ötüb keçirlər. Prosesə sistemli şəkildə diqqət etmək lazımdır. Kamera qarşısına çıxan adamlar müəyyən mərhələdən keçməlidirlər. Onların televiziya, auditoriya, kollektiv və peşəkarlar qarşısında xüsusi məsuliyyəti var və bu məsuliyyət unudulmamalıdır.
- “Dövlət dili haqqında” qanunda qeyd olunur ki, televiziyada aparıcı kimi çalışan şəxslər bu dili başqalarına örnək olacaq səviyyədə bilməlidirlər. Hansı aparıcılar dili başqalarına örnək olacaq qədər yaxşı bilir?
- Televiziya dilində tələffüz qaydalarına əməl olunması bir norma kimi qəbul olunub. İndi hansı televiziyanın dilini norma kimi qəbul etmək olar?! Yaxşı aparıcılarımız var, amma təəssüf ki, bunların sayı çox azdır. Peşəkarlar o aparıcılardır ki, onlar öz üzərində işləyirlər, danışıq texnikasına yiyələnirlər. Cümləni, mətni oxuyanda məntiqi vurğulara diqqət yetirirlər, amma əksər aparıcılar bu qaydaları bilmir. Belə hallarda heç bir aparıcı başqalarına örnək ola bilməz. Dil və tələffüzlə bağlı konkret qaydalar, normalar var və bunlara əməl olunmalıdır. Televiziya təkcə səsləniş, dil məsələsi deyil. O nəyi danışır, necə danışır, hansı məzmunu ifadə edir: bədən dili (kinetika), üz cizgiləri (mimika) nitq prosesində nə dərəcədə iştirak edir, müxbir nə qədər peşəkardır? Danışıq prosesində məzmun da mühüm əhəmiyyət kəsb edir. Ola bilər ki, siz bir yalanı çox gözəl dildə ifadə edə bilirsiniz və ya həqiqəti dolaşıq dildə ifadə edəsiniz. Tamaşaçıya bunun hansı lazımdır?! Elə insanlar var ki, danışığında qüsur var, lakin o qədər mənalı və dəyərli məsələlərdən danışır ki, qüsurlar sanki görünməz olur. Bütün bunları nəzərə alaraq televiziya dili məsələsinə kompleks yanaşmaq lazımdır.