Keçmiş baş psixiatr: “Ağıl xəstəliyi daha çox kişilərdə olur” – MÜSAHİBƏ
Nadir İsmayılov: “Depressiyaların sayı 3-4 dəfə artıb” Psixiatriya Assosasiyasının prezidenti, Tibb Universitetinin professoru, ölkənin sabiq baş psixiatrı Nadir İsmayılov Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. - Bu gün Azərbaycan insanın psixoloji vəziyyəti normal deyil. Hətta çox gərgin olduğunu deyə bilərik. Nədir bu gərginliyin səbəbləri? - Gərginlik iki mənbədən qaynaqlanır. Birincisi, genetik, irsi amillərdir. İkincisi, sosial-iqtisadi faktorlardır. Əgər cəmiyyətdə iqtisadi çətinlik, sosial ədalətsizlik, şikayətlərə baxılmaması, narazılıq və narahatlıqlar artırsa, bu, ilk növbədə əsəb sisteminə təsir edir. Daha sonra ürək və digər orqanlara təsirləri görünməyə başlayır. Yəni onların emosiyasına, düşüncəsinə, təfəkkürünə, hətta yaddaşına təsir edir. Ona görə də baxır hansı xəstəlikdən şübhələr var, hansı xəstəliyin üzərində dayanmaq lazımdır. Əgər nevrozlar və depressiyaların adını çəksək, onda deməliyik ki, sosial-iqtisadi amillər bu xəstələrə güclü təsir göstərir. Ancaq şizofreniya, epilepsiya kimi güclü baş-beyin xəstəliklərinin yaranmasında sosial-iqtisadi faktorlar rol oynamır, hətta yox dərəcəsindədir. Biz ümumilikdə desək, bir çox nevrotik xəstəliklərin, intiharların sayı artıb. Bunların hamısı cəmiyyətdə müəyyən gərginlik, narahatlıq, narazılıq olduğunu deməyə əsas verir. - Bizdə psixi xəstəliklər dedikdə, yalnız dəlilik başa düşülür. Əslində hansı növləri var psixi xəstəliklərin? Yayılma arealı necə dəyişir? - Bilirsiniz, şizofreniya, epilepsiya xəstəlikləri dünyanın hər yerində eyni faiz təşkil edir. Yəni hər bir yerdə 1 faizdir. Ancaq getdikcə nevroz, depressiya, psixosomatik qrupun artması müşahidə edilir. Elə götürək intiharı. İntihar nədir? İntihar insanın kəskin depressiya vəziyyətindən yaranan özünəqəsddir. Onların sayı artıbsa, biz deyə bilmərik ki, depressiyaların sayı artmayıb. Depressiyalar da, nevrozlar da, psixosomatik xəstəliklər də artıb. Gedin xəstəxanalara, klinikalara, kabinetlərə. Görün nə qədər xəstələr var. Hələ xəstələrin əksəriyyəti müraciət etmir. Onların bir hissəsi nevroloqlara, terapevtlərə müraciət edir. - Nevrotik xəstəliklər daha çox hansı cinsin nümayəndələrində özünü biruzə verir: kişilər yoxsa qadınlarda? Hansı cinsin əsəbləri daha çox dözümsüzlük nümayiş etdirir? - Elə xəstəliklər var ki, onlar qadınlarda daha çox olur. Məsələn, depressiyalar, həyəcan, təşviş, qorxu əlamətləri ilə müşayiət olunan nevrorik xəstəliklər qadınlarda nisbətən çoxdur. Ancaq elə xəstəliklər var ki, qadın-kişi fərqi yoxdur. Məsələn, şizofreniya xəstəliyi eyni saydadır. Tutaq ki, Azərbaycanda 10 min belə xəstə varsa, onun 5 mini kişi, 5 mini qadındır. Amma elə xəstəliklər də var ki, onlarda fərq hiss edilir. Altsheymer xəstəliyi-ağıl zəifliyi, beyinin sklerotik xəstəlikləri kişilərdə daha çox olur. - Bəs yaş amili hansı rolu oynayır nevroloji xəstəliklərdə? - Yaş amili təbabətdə çox mühüm cəhətlərdən biridir. Elə xəstəliklər var ancaq uşaq yaşlarında rast gəlinir, elə xəstəliklər var ancaq yaşlı adamlarda rast gəlinir. Şizofreniya xəstəliyi daha çox 17-25 yaş arası insanlarda təsadüf olunur. 25 yaşdan sonra çox nadir hallarda bu xəstəliyə tutulma qeydə alınır. Ancaq ağıl zəifliyi 50-60 yaşdan sonra və daha çox kişilərdə qeydə alınır. - Xüsusilə son dövrlərdə insanlarda yaddaşsızlıq problemi meydana gəlib. Bəzən, adicə əlində olan qələmi hara qoyduğunu xatırlaya bilmirsən... - Bu, bizim bugünkü həyatımızın intensivliy ilə əlaqədardır. Telefon, kompüter, işdəki tapşırıqlar, narazılıqlar, üzərinə düşən vəzifələrin öhdəlikləri, evə pul qazanmaq qayğısı, ailədaxili münasibətlərə nəzər salsaq, görərik ki, insan sanki daşdır, dəmirdir bunlara dözür. Bizim hamımız gündəlik olaraq stress altındayıq. Kimi buna dözür, kimi dözmür. İnsanlar maksimum dərəcədə özünü stressdən qorumalı, idmanla məşğul olmalı, dietasına fikir verməlidir. Hər bir adam istər yaşlı olsun, istər cavan müəyyən profilaktik tədbirlər icra etməlidir. Əgər sağlam yaşamaq istəyirsənsə, ən azından bu qaydalara əməl etməlisən. Elə sadə əməliyyatlar var ki, onu insanlara məsləhət görürsən, amma öz sağlamlığına laqeyd yanaşır. Deyirsən hər gün 10 dəqiqə kürəyini masaj etdir, etdirmir. Əgər bunu etsə, həm ömrü, həm də kişilik və qadınlıq qabiliyyəti 15 il müddətinə uzanacaq, bel-onurğa sütunun xəstəlikləri, radikulit və s. olmayacaq. Məsləhət görəndə “hə, hə” deyir gedirlər. Sağlamlığına, gigiyenasına fikir verib, ömrünü uzatmaq istəyən insanlar çox azdır. Səhər-səhər evdən çıxanda küçədə rastlaşdığın insanların hamısının əlində siqaret görürsən. Siqaretdə nə görmüsünüz? Siqaret ölümdür, zəhərdir. Adama nə qədər başa salırsan, başa düşmək istəmir. Günə 4-5 qutu siqaret çəkmək nə deməkdir axı, o haradan sağlam olacaq? Bilirsiniz təbabət profilaktik təbabətdir. Gələcəkdə həkimlər müalicə ilə yox, profilaktika ilə məşğul olacaqlar. O ölkədəki profilaktika üstünlük təşkil edir, o, qabaqcıl ölkədir. Bizdə həkimlər oturub gözləyir ki, xəstə nə vaxt gələcək, ona dərman yazacağam, pul qazanacağam. Amma elə etmək lazımdır ki, insanlar ümumiyyətlə xəstələnməsin. Təbabət ona xidmət etməlidir. Təəssüflər olsun ki, hələ də bu sahədə vəziyyət qənaətbəş deyil. - Bayaq intiharlar məsələsinə toxundunuz. İnsanların depressiv halda olmasını intihara əsas səbəb kimi göstərdiniz. Amma çox kiçik-9-11 yaşlarında intihar edən uşaqları görürük. Bunlardamı depressiyaya düşürlər? - Bilirsiniz, emosional həssaslığa, hissiyyatın zənginliyinə görə uşaqlar, yeniyetmələr, gənclər daha həssasdır. Ona görə də stress amilləri onlara güclü təsir edir. Yaşlı adam müqayisə edir, fikirləşir, götür-qoy edir, düzgün əqli nəticə çıxarır. Ancaq cavan adam o nəticəni asanlıqla çıxara bilmir. Onun yanında məsləhətçisi, böyüklük edəni yoxdursa, problemlə üz-üzə qalanda stress amilləri ona güclü təsir edir. Ani olaraq adamın düşüncəsi pozulur və intihara əl atır. Bir də son dövrlərdə çəkilən filmlər, seriallar insanların psixikasına mənfi təsir göstərir. Hansı kanalı açırsan, qan, əzab-əziyyət, vəhşilik, dava-qırğının təbliği gedir. Melodramalar, komediyalar, insanın əsəblərinə sakitləşdirici təsir edən filmlər çox azdır. Doğurdan da elə insanlar var ki, qəmgin bir musiqi, yaxud film əhvalına mənfi təsir göstərə bilir. Bu insanların depressiyaya meylli olduğunu demək olarmı, yoxsa bu da hansısa xəstəliyin başlanğıcıdır? - Bilirsiniz zövqlər müxtəlifdir. Ailə, məktəb tərbiyəsinin, savadın, tutduğu vəzifənin dərəcəsi müxtəlifdir. Bunların hamısı insanın psixikasına hərtərəfli təsir göstərir. Ona görə dünyada nə qədər insan varsa, bir o qədər də xasiyyət olduğunu deyə bilərik. Nə qədər insan varsa, bir o qədər də xarici amillərə reaksiyalar var. Son 10 ildə depressiyaların sayı 3-4 dəfə artıb. Əvvəllər manyakal hala düşənlər (psixi pozğunluq nəticəsində həddindən çox gülmək, şənlənmək) çox olardı. İndi xəstəlik nəticəsində deyib-gülənlər, çox danışan, şənlənənlərin sayı sıfıra enib. Ancaq depressiyalı xəstələrin sayı artıb. İnsanların depressiyaya düşməsində xarici amillərin təsiri daha çoxdur. Biz elə zəmanədə yaşayırıq ki, stressə məruz qalmayan insan yoxdur. İstəyir nazir olsun, istəyir deputat olsun, istəyir fəhlə, həkim, müəllim, tələbə olsun. Hamının gündəlik müəyyən dozada stress payı var. Ona görə ki, yaşayış mürəkkəbdir. Çətindir deyə bilmərəm, mürəkkəbdir. O mürəkkəblikdən baş açmaq, sahmana salmaq, yerbəyer eləmək də hər adamın işi deyil. - Dediniz gündəlik olaraq hamının stress payı var. Bəs özünüz stress halı ilə qarşılaşanda vəziyyətdən necə çıxırsınız? - Bilirsiniz, stressə düşən adamın yanında ağsaqqal, həkim, başı çıxan, ya da sadəcə anlayışlı biri olanda vəziyyət o qədər də qorxulu olmur. Amma bəzən həmin sirdaş yanında olmur. Bunun üçün bir çox ölkələrdə, o cümlədən də bizdə “inam telefonu” fəaliyyət göstərir. İnsan gərginliyə düşəndə həmin nömrələrə zəng etməklə psixoloq, psixiatr, psixoterapevtdən məsləhət alır. Çalışırıq ki, sutka boyu işləyən “inam telefonu” olsun ki, insanlar ehtiyac duyduğu vaxt o nömrəyə zəng edə bilsin. Biz “inam telefonu”nu müəyyən sağlamlıq mərkəzlərində, kabinetlərdə yaratmışıq. Amma “inam telefonu” müəyyən vaxtlarda işləyir. “İnam telefonu” elə olmalıdır ki, ora zəng edən insana dərhal cavab verilsin. Bunun üçün ştatlar ayrılmalıdır. Bu isə asan məsələ deyil. Təəssüf ki, hələ də bunu reallaşdıra bilməmişik.