"Əgər Ermənistan təxribat xarakterli hərəkətlərə yol verməyəcəksə..." — POLİTOLOQ

"Əgər Ermənistan təxribat xarakterli hərəkətlərə yol verməyəcəksə..." — Politoloq

Vyana görüşündən sonra erməni tərəfi israrla işğal etdiyi torpaqları qaytarmayacağını bildirir

Vyana görüşünün sonunda hər iki dövlət başçılarının yenidən iyunda görüşəcəyi qərara alınıb.

İyun görüşündə hansısa nəticə əldə etmək olacaqmı? Yoxsa bu görüş də digərləri kimi nəticəsiz qalacaq?

Bununla bağlı politoloq Elşən Manafov Ölkə.Az-a danışıb:

"Vyana görüşünü danışıqların davam etdirilməsi üçün növbəti bir mərhələ kimi qiymətləndirə bilərik. Vyana görüşündə bir daha bəlli oldu ki, münaqişənin tənzimlənməsi ilə bağlı daha ciddi mövqelərə malik olan məhz Rusiyadır.

Rusiya başlamış əməliyyatların dayandırılması yönündən çıxış etdi. Məlum oldu ki, status kvo-nun dəyişdirilməsi ehtimalından Rusiya ciddi şəkildə narahat olmuşdur. Vyana görüşündə ABŞ ciddi mövqe ortalığa qoymadı. ATƏT-in həmsədr dövlətlərindən olan Fransa isə Rusiyanın irəli sürdüyü təklifləri dəstəklədi. Bu baxımdan əgər Ermənistan tərəfi təxribat xarakterli hərəkətlərə yol verməyəcəksə, əməliyyatların yenidən başlayacağı gözlənilmir.

Dünən İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrdə BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrası istiqamətində əməli addımlar atır. Bəzi hallarda qətnamələrin qəbul olunması üçün bir sutka belə keçməmiş beynəlxalq güclərin addımlar attığını müşahidə etmişik.

Mövcud münaqişə ilə bağlı artıq 20 ildən çoxdur ki, BMT-nin qəbul etdiyi qətnamələrin həyata keçirilməsi üçün nə ATƏT-in Minsk qrupunun, nə də BMT-nin Təhlükəsizlik Şurasının hansısa bir addımlar atdığını, işğalçıya təzyiqlər edildiyini, Ermənistanı təcavüzkar dövlət kimi tanımasını müşahidə etmirik.

Bu baxımdan demək olar ki, iyunda prezidentlərin görüşündə tərəflər problemin məhz danışıqlar yolu ilə həlli variantına üstünlük verəcəklərini, danışıqları davam etdirəcəklərini, bəyan edəcəklər ki, bu problemin hərbi yolla həlli yoxdur. Rusiya və Qərb bölgədə həlledici münaqişəyə hazır deyillər. Rusiya ilə NATO arasında dünyanın bir çox yerlərində, Suriyada, Pribaltikada çox ciddi qarşıdurma yaşanır. Onlar Cənubi Qafqazda belə bir münaqişənin baş verməsinə maraqlı olmadıqlarından, hər hansısa bir ciddi addımların atılmasını müşahidə etməyəcəyik".






Fikirlər