Artıq Rusiya ilə normallaşma prosesi başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım parlamentdə çıxışında deyib.
O, Rusiya ilə münasibətlərin normallaşmasında Qazaxıstan və Azərbaycan liderlərinin çox çalışdığını bildirib:
“Bu günlər ərzində Rusiya ilə münasibətləri normallaşdırma istiqamətində önəmli hadisələr baş verdi. Həm iqtisadi, həm də mədəni əlaqələrimizin bərpası üçün çox çalışdıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasında buzların əridiyini göstərir. Rusiya ilə normallaşma prosesinin başladığını deyə bilərəm. İşlərin bu mərhələyə gəlməsi üçün qardaşlarımız - Qazaxıstan və Azərbaycan liderləri çox çalışdı. Bu məsələdə onlara təşəkkür edirik. Artıq dostlarımızı artırıb, düşmənlərimizi azaldacağıq”.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. Ərdoğan məktubda ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.