"Azərbaycan Prezidentinin NATO sammitində iştirakı Bakının mühüm beynəlxalq oyunçu olmasından xəbər verir"
Prezident İlham Əliyevin Varşavada keçirilən NATO sammitinə dəvət olunması təsdiq edir ki, Azərbaycan qlobal məsələlərdə iqtisadi, hərbi və siyasi cəhətdən mühüm beynəlxalq oyunçuya çevrilib. AzerTaym.az Trend-ə istinadən xəbər verir ki bunu ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib. Onun sözlərinə görə, Azərbaycan Xəzərin enerjidaşıyıcılarının Qərbə nəqlinin əsas təşəbbüskarı qismində NATO-nun bu təşkilatın üzv ölkələrində enerji resurslarının şaxələndirilməsi üzrə səylərində həlledici rol oynayır: “NATO Azərbaycanı uzunmüddətli perspektivdə etibar edə biləcəyi enerji resurslarının məsuliyyətli ixracatçısı kimi nəzərdən keçirir". Dağlıq Qarabağ problemindən danışan R.Sübhani təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - Moskva, Vaşinqton və Paris Qarabağ problemini həll etməyə ciddi və güclü istək göstərməyiblər: "Görünür, daxili və xarici səbəblər üzündən Rusiya, ABŞ və Fransa diqqətlərini Dağlıq Qarabağ münaqişəsinə cəmləyə bilmirlər. Bu o deməkdir ki, qərar bəlkə də yaxın zamanlarda olmayacaq”.