"Ermənistandakı hadisələrin arxasından Sarkisyan özü çıxacaq" — POLİTOLOQ rəyi

"Ermənistandakı hadisələrin arxasından Sarkisyan özü çıxacaq" — Politoloq rəyi

Bir neçə gündür Ermənistanda qiyamçılar polis bölməsini ələ keçirib, bir neçə nəfəri isə əsir saxlayırlar.

Bununla yanaşı Ermənistanın daxilində iğtişaşlara meyillilik artır və etiraz aksiyaları genişlənməyə başlayır. Hətta erməni prezidenti Sarkisyanın istefa edəcəyi, ölkədən qaçdığı haqda xəbərlər də yayılmışdı.

Ümumiyyətlə aprel döyüşlərindən sonra Ermənistanda hakimiyyətə, Rusiyaya qarşı etiraz aksiyaları səngimək bilmir. Maraqlısı ondadır ki, baş verən etiraz aksiyalarına erməni müxalifəti tam dəstək vermir.

Ermənistanda baş verən proseslərlə bağlı politoloq Qabil Hüseynli  Ölkə.Az-a danışıb:

"Ermənistanda gedən proseslərin çoxu, bəlkə də hamısı təbii hadisə deyil, yəni, xalqın içindən gələn, özündə sosial etiraz xarakteri daşıyan, mövcud rejimin devrilməsi cəhdinə bənzəmir. Bu daha çox ssenariləşdirilmiş, sülh danışıqları prosesində Rusiyaya hərbə-zorba gəlmək, guya Azərbaycana hansısa güzəştlər edilirmiş kimi onu önləmək məqsədi ilə həyata keçirilir. Faktiki olaraq Azərbaycana heç bir güzəşt edilmir. Bu hadisələrin altından Sarkisyanın özü çıxacaq. Bu hadisələr hökumət dairələri ilə millətçi dairələrin düzüb-qoşduğu bir oyundur.

Necə olur ki, qiyamçılar polis bölməsinə hücuma keçirlər, silahları ələ keçirib 6 nəfəri girov götürürlər? Polis bölməsini ələ keçirənlərin sayı cəmi 8 nəfərdir. 8 nəfəri ram etmək çox çətindir? Bu xarakterli hadisələrin guya Ermənistan cəmiyyəti etiraz edirmiş kimi göstərilməsi Ermənistan siyasi rəhbərliyinə lazımdır. Onlar bununla Rusiyaya, o cümlədən danışıqlar prosesində iştirak edən digərlərinə göstərmək istəyirlər ki, sülh danışıqlarında bizim şərtlər yerinə yetirilməzsə, Ermənistan qaynaya bilər. Bunu xüsusi ilə ruslara xatırladırlar ki, Ermənistan sizin tabeçiliyinizdən çıxa bilər, sizin quberniyanız olmaya bilər, üzünü Avropaya çevirə bilər.

Ermənistanda baş verən hadisələrdə ciddi etiraz xarakteri görmürəm. Əgər belə olsa idi, bu etiraz qısa müddətdə ən azından İrəvanı bürüməli idi. Etirazlara siyasi müxalifətin aparıcı hissələri də qoşulmalı idi, ancaq bu baş vermir. Hadisələr bir neçə nəfərin və kriminal qruplaşmanın ətrafında cərəyan edir. Ermənilər rəsmi Moskva ilə razılaşdırılmış bir ssenarini həyata keçirirlər. Məqsədləri Ermənistan cəmiyyətinin guya ən optimal xarakterli sülh sazişinə belə etiraz əhval-ruhiyyəsində olduğunu göstərməkdir. Sülh sazişi imzalanarsa, ermənilər siyasi rejimə qarşı və bütövlükdə Rusiyanın bölgədəki maraqlarına qarşı çıxışlara başlayarlar. Bu məsələyə rusları müəyyən qədər inandıra biliblər. Gümrükdəki 102-ci briqadanın rəhbərliyi İravana gəlib, proseslərə nəzarət edir. Üstəlik Ermənistan-Rusiya hərbi birliyi adlı saziş var. Sazişin bu gün iclası başlayacaq. Moskvadan xüsusi hərbi nümayəndə heyəti Ermənistana gəlib. Bu məsələlərin davam etməsi və bu prosesləri sakitləşdirməmək onu göstərir ki, onlar həm də Rusiyadan gələn hərbi nümayəndə heyətinə göstərmək istəyirlər ki, Ermənistan cəmiyyəti təkcə etiraz etmək yox, həm də silahlanaraq, ayağa qalxmaq imkanına da malikdir. Moskvadan gələn hərbçilər Rusiya siyasi rəhbərliyini inandırmalıdırlar ki, Ermənistanın arzulamadığı sülh şərtləri ərsəyə gətirilərsə, danışıqlar masasına qoyularsa, bölgədə vəziyyət qarışa bilər.

Bunların hamısı eybəcər, cılız və ciddi əsasları olmayan hərəkətlərdir. Əgər Rusiya da bu oyunun içərisindədirsə, buna təəssüf etmək lazımdır. Bu hadisələrin sonu Azərbaycanı müəyyən kompromislərə hazırlamaqdır. Azərbaycan isə bunların hamısını çox yaxşı başa düşür. Belə ucuz yollarla Azərbaycanı təslimçi sülhə vadar etmək mümkün deyil".






Fikirlər