Şuşa Texnologiya Universitetinə YENİ REKTOR təyin edildi - Zahid Oruc bilməsin...

Mediadakı informasiyalardan bəlli olduğu kimi, 2015-ci ilin sonunda Azərbaycanın işğal altındakı Şuşa şəhərində Ermənistan Aqrar Universitetinin fiialı əsasında Şuşa Texnologiya Universiteti yaradılıb. 

Moderator.az - ın erməni mediasına istinadla verdiyi xəbərə görə, bu günlərdə  qondarma “DQR”-in “baş naziri” Ara Arutyunyanın rəhbərliyi ilə universitetin qəyyumlar şurasının iclasında 2016-cı ilin yanvarından ali məktəbin rektoru vəzifəsini icra edən Ovannes Tokmacyan  rəsmən rektor təyin edilib. 
Bundan əvvəl O.Tokmacyan Yerevan Politexnik və İnşaat-Memarlıq Universitetlərinə rəhbərlik edib. O, hələ aprel ayındakı müsahibəsində Şuşa Texnoloji Universiteti üçün bir yataqxana binasının tikintisinə başlanıldığını və Şuşada tələbə şəhərciyinin salınmasının planlaşdırıldığını bildirib. Ali məktəbin 400-dək tələbəsi olduğu iddia edilir. Tələbələr üçün Xankəndindən Şuşaya pulsuz avtobuslar təşkil edilib. Rektor  işğal altındakı Azərbaycan şəhərindəki yeni universitetin ABŞ-ın Kaliforniya Texnologiya Universiteti ilə əlaqələr qurmağa başladığını da söyləyib. Son məlumatlara görə, Şuşa Universitetinin diplomları rəsmən Ermənistan Respublikasının ali məktəb diplomları kimi tanınacaq...   
 
P.S. Göründüyü kimi, nə qədər acı olsa da, iqtisadi böhran içində yaşadığı söylənilən Ermənistan işğal altındakı torpaqlarımızda erməni əhalinin daimi məskunlaşmasını təmin etmək üçün müəyyən işlər görür. Və Azərbaycan vətəndaşından  ötrü ən təhqiredicisi  bir çox digər məntəqələrdən fərqli olaraq  Şuşanın adının rəsmi informasiyalarda olduğu kimi səslənməsidir: “Şuşa Universiteti”, “Şuşa administrasiyası”, “Şuşa mədəniyyət şöbəsi”  və s. Biz bu məhfumları nə qədər dırnaq arasına alıb qondarma adlandırsaq da, həmin adları daşıyan qurumların çoxu  faktiki olaraq mövcuddur. Və  bütün bunların qarşısını isə nə bəyanatlar, nə də danışıqlarla almaq mümkündür. Sadəcə, bütün dünyada qəbul olunmuş yolla torpaqlarımızı azad etməliyik...
P.S.S. Prezident İlham ƏIliyevsə hələ 2004-cü ilin fevralında dövlət başçısı kimi Qarabağa-Bərdəyə ilk səfəri zamanı deputat Zahid Orucun bu rayonda Qarabağ Dövlət Universiteti yaradılması təklifini çox yüksək qiymətləndirib təcili bu istiqamətdə tədbirlər görülməsinə göstəriş vermişdi, amma 12 ildir ki, prezidentin bu təşəbbüsü qulaqardına vurulur. Bunun bir adı var - sözün bitdiyi yer...






Fikirlər