12.04.2014. - H.Əzimovdan Mixail Zabelinə sərt cavab

12.04.2014. -  H.Əzimovdan Mixail Zabelinə sərt cavab«Bu Rusiyameylli adamlar Azərbaycanı içdən dağıtmaq, milli məfkurəni məhv etmək istəyirlər»

Xəbər verdiyimiz kimi, Milii Məclisin milliyətcə rus deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Idarə Heyətinin üzvü Mixail Zabelin öz müsahibəsində Krımın Rusiyaya birləşdirilməsinə haqq qazandırmışdı. Digər YAP-çı deputat Eldar Ibrahimov da Mixail Zabelinin fikirlərini dəstəkləmişdi. Modern.az saytına açıqlamasında isə Mixail Zabelin bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək fikri var: “Boris Yeltsin və Dmitri Medvedein prezident olduğu zamanlarda belə müraciətlər olub. Amma Putinin prezidentliyi dövründə Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı müraciət olmayıb. Ona görə də rus icmasının rəhbəri olaraq Putinə müraciət etmək istəyirəm. Bu ilin sentyabr ayında təşkilatımızın qurultayı keçiriləcək. Rusiya hökumətinə müraciəti qurultaydan öncə reallaşdırmaq fikrindəyik”.

Son günlər Azərbaycanda müəyyən dairələrin müxtəlif yollarla Rusiyaya dəstək verməsi diqqətdən qaçmır. YAP üzvünün Qarabağ məsələsinə görə Putinə müraciət ünvanlaması isə daha məntiqsiz addımdır. Məgər Azərbaycan torpaqlarını Rusiya işğal etməyib, Ermənistanla 50 illik hərbi müqaviləni Rusiya imzalamayıb? Hər kəs bilir ki, Qarabağ probleminin həll olunmaması birbaşa Rusiya faktoru ilə bağlıdır. Təbii ki, bunu YAP funksionerləri də bilməmiş deyil. Görünür, bu rus sevgisinin arxasında gizli məqamlar yatır və bu məqamlar gec-tez üzə çıxacaq.

Virtualaz.org-un məlumatına görə, VAMBP sədri, professor Hacıbaba Əzimov “Azadlıq2a bildirib ki, baş verənlər təsadüfi deyil və Azərbaycanı Rusiyanın təsiri altına salmaq cəhdidir: “Bunlar bilirlər ki, Azərbaycanda Rusiyanın təsiri çox böyükdür. Bu gün də keçmiş KQB agentləri Azərbaycanda yüksək vəzifə tuturlar və MM-də belə adamlar təmsil olunur. Bu kimi gedişlərlə Rusiyameylliliyi artırmaq istəyirlər və Rusiyanı xalqın gözündə xilaskar kimi qələmə verməyə çalışırlar. Qarabağ məsələsini də bu təbliğatda vasitəyə çevirib, özlərinin vətənpərvər obrazını yaradırlar. Istənilən halda, siyasətdə belə sadəlövhlük olmaz. Putin özü bildirmişdi ki, SSRI-nin dağılmasına xidmət edənlər cinayətkardır. Bu gün Azərbaycanda da müstəqillik uğrunda mübarizə aparanlara nifrət edirlər. Mən prezidentə də məktub yazıb bildirmişəm ki, keçmiş agentlər vəzifə tuturlar və Azərbaycan xalqına qarşı xəyanətlə məşğuldurlar. Xüsusən, Azərbaycanın görkəmli ziyalılarına, istiqlalçı deputatlara qarşı iş aparırlar və onları məhrumiyyətlərə məruz qoyurlar. Bu gün həbsdə olan jurnalistlər, NIDA-çı gənclər, hüquqşünaslar da, məhz bu adamların fəaliyyəti nəticəsində həbsə düşüblər. Bunu heç kim inkar edə bilməz. Bu ölkədə baş verənlər təsadüfi deyil. Bu Rusiyameylli adamlar Azərbaycanı içdən dağıtmaq, milli məfkurəni məhv etmək istəyirlər. Bütün dünyada müstəqillik günü yüksək səviyyədə qeyd olunur. Azərbaycanda isə bu gün iş günü hesab olunur. Bu gün Putinə müraciət məsələsi də, Moskvadan gələn proyektin müəyyən təzahürüdür. Biz, Rusiyanın addımın pisləməliyik. Çünki Rusiya beynəlxalq hüquqa zidd olan addım atıb”.






Fikirlər