ELDAR NAMAZOV: “Əli İnsanovdan mesaj gəlirdi ki, buna ehtiyac yoxdur”

Eldar Namazov: “Əli İnsanovdan mesaj gəlirdi ki, buna ehtiyac yoxdur”

Tanınmış politoloq “Yeni Müsavat” qəzetinə danışdı: “Azadlığa çıxmağına 57 gün qalmış yeni cinayət işinin açılması Əli İnsanov problemini Əli İnsanov fenomeninə çevirir”

 

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov “Yeni Müsavat”ın qonağı olub, günün aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Eldar Namazovla müsahibənin birinci hissəsini təqdim edirik. 
- Eldar bəy, Sizi siyasi səhnədə ardıcıl görmək mümkün  olmur. Səbəb nədir, siyasi səhnədə prosesmi yoxdur, yoxsa Eldar Namazov ölkədəmi olmur?
- Sonuncu dəfə mən çox önəmli bir hadisə ərəfəsində xaricə getməli oldum. Rauf bəy, Sizin 50 illik yubileyinizdə iştirak etməyi planlaşdırırdım. Bir gün qalmış səhhətimlə bağlı təcili xaricə çıxmalı oldum. Ona görə də gec də olsa Sizi və kollektivinizi yubileyiniz münasibətilə təbrik edirəm. Ümumiyyətlə, son dövrlər mən yalnız “Yeni Müsavat” qəzetində tez-tez qonaq oluram. Bunun da səbəbi var. Əməkdaşlıq edəndə, mənim media quruluşundan iki əsas şərtim olur. Birincisi, bu mətbu orqan cəmiyyət tərəfindən tanınsın, oxunaqlı olsun. Yəni mən müsahibəni başqa yerdə verirəm 500 adam oxuyur, ancaq “Yeni Müsavat”a verirəm 20 min oxunur. İkincisi də, həmin mətbu orqan ola bilsin ki, kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir, ancaq o, hər kəsə fikrini ifadə etməyə imkan yaratmalıdır. “Yeni Müsavat” və musavat.com saytı məhz bu cür media orqanıdır. Burada hər hansı bir materialla razı deyilsənsə, sənin hüququnu tanıyırlar ki, səhərisi gün həmin tribunadan çıxış edib, öz mövqeyini çatdırasan. Əsas amil budur. Ona görə də sizi təbrik eləməklə yanaşı, sizin yaratdığınız media orqanını təbrik edirəm.  O ki qaldı mənim az görünməyimə, ölkədə az olmağıma, bu, mənim səhhətimlə bağlıdır. Mən iki gündən sonra yenə də, ən azı, 4-5 günlük səfər etməli olacağam ki, müalicə prosesinə bir nöqtə qoyaq. 
- Ölkə gündəmini izləyirsinizmi?
- İmkan dərəcəsində izləyirəm. 
- Azərbaycan üçün daxili siyasətin indi ən mühüm hadisəsi qarşıdakı referendumdur. Referenduma hakimiyyətin hazırlıqlarını necə qiymətləndirirsiniz? Sizcə, iqtidar niyə qəfildən referenduma getdi? Əsas məqsəd nə ola bilər? Türkiyədəki 15 iyul çevriliş cəhdinin bu qərara təsiri haqqında da həm xarici KİV-lərdə, həm ölkədə sosial şəbəkədə iddialar qeyd edildi. Bu barədə fikriniz necədir?
- Ümumi mənzərə haqqında məndə informasiya var. Referendumla bağlı saytların birində hörmətli sabiq baş prokuror İlyas İsmayılovun yazısına rast gəldim. İlyas müəllimin hüquqi məsələləri təhlili mənim fikirlərimlə üst-üstə düşürdü. Həqiqətən də referendumla, oraya çıxarılan məsələlərlə bağlı çoxlu sayda hüquqi və siyasi iradlar mövcuddur. Şəxsən mən Azərbaycanda idarəçilik sisteminin çox ciddi dəyişikliyə ehtiyacı olduğunu çoxdandır düşünürəm. Dəyişmənin əsas yollarından birini vitse-prezident postunun təsis olunmasında görürəm. Bununla yanaşı, Nazirlər Kabinetinin ümumiyyətlə ləğv olunması, paralel strukturun aradan qaldırılması lazımdır. Təxminən ABŞ-da olduğu modelin tətbiqini doğru sayıram. ABŞ-da idarəetmə sistemi daha sadədir. Nazirlərin sayı Azərbaycandakından azdır. Nazirlər Kabineti, baş nazir orada yoxdur. Vitse-prezident vəzifəsinə seçki keçirilməlidir və həmin vəzifəyə şəxs sərəncamla yox, xalqın səs verməsi yolu seçilməlidir. Azərbaycanda keçiriləcək referendumda isə vitse-prezident vəzifəsinə təyinat məsələsi qoyulur...
- Referendum məsələsinə Qərbdən ciddi reaksiya olmadı, heç daxildən də ciddi təpki müşahidə edilmədi. Səbəb nədir? 

Eldar Namazov: “Türkiyədən Azərbaycana gəlib orduya təlim keçən zabitlər arasında Gülən hərəkatı üzvlərinin olduğu və həmin zabitlərin burada təbliğat aparması haqqında informasiyalar daxil olmuşdu”

- Qərbin soyuqqanlığı bir anlaşmanın olması ilə bağlı ola bilər. Ancaq mən anlaşmadan daha çox başqa məqam görürəm. Yəqin təpkinin nəyisə aradan qaldıracağına inam azdır. Müxalifətdəki duruma gəlincə... Müxalifət qüvvələrinin vahid güc mərkəzi olmadan ayrı-ayrı partiyalar gedən prosesə ciddi təsir göstərə bilməzlər. Burada həm Azərbaycanın öz daxili şərtləri, subyektiv səbəblər də rol oynayır, həm də obyektiv səbəblər təsir göstərir. Bölgədə, dünyada gedən proseslərin təsiri var. Biz indi o mərhələdəyik ki, demokratiya dalğası bir dəfə irəli gedəndən sonra geriləmə prosesi başlanıb. Təkcə Azərbaycanda yox, başqa ölkələrdə də belə bir geriləmə müşahidə olunur. Bu, tarixi bir prosesdir. Həmişə belə olub ki, demokratiya dalğasının ardınca geriləmələr olub, ancaq onun ardınca daha böyük demokratiya dalğası gəlib. Proses həmişə belə gedib... Xoşumuza gəlsə də, gəlməsə də indi yaşadığımız dövr dünyada demokratiya üçün ciddi sınaq dövrüdür. 
- Regionda çox ciddi sınaq 15 iyulda Türkiyədə baş verdi. Bundan sonra orada gedən proses Azərbaycana da sıçradı-həbslər, telekanal bağlanması, qəzet yazıları və sair. Hədəfdə olan qüvvə - Fətullah Gülən tərəfdarları Azərbaycanda uzun müddətdir mövcuddurlar. Hətta siz prezidentin köməkçisi olduğunuz zamanlarda artıq onlar Azərbaycana gəlməyə başlamışdılar. Hər halda, sizinlə də yolların kəsişməsi olub. O zaman onlar təşkilatlanmağa başlamışdılarmı, hökumətlə münasibətlər var idimi?
- O dövrdə Türkiyədə hakimiyyətdə olan qüvvələr Gülən hərəkatına çox ehtiyatla yanaşırdılar. Sağ mərkəzi qüvvələr Tansu Çillər, Məsud Yılmaz, Süleyman Dəmirəl dövrü idi. Bu qüvvələr sağ mərkəzçi qüvvələr olmaqla yanaşı, Qərblə sıx əməkdaşlıq edən qüvvələr idi və Gülən hərəkatı ilə ehtiyatlı davranırdılar. Ərdoğan hakimiyyətə gələndə isə fətullahçılar faktiki olaraq hakimiyyətə ortaq oldular. Azərbaycana gəldikdə, mən prezidentin köməkçisi olanda fətullahçılar haqqında ilk dəfə olaraq mənə gələn informasiyalar təhsil sistemi ilə əlaqəli deyildi. Mənə gələn informasiyalar ordu ilə bağlı idi. Türkiyədən Azərbaycana gəlib orduya təlim keçən, burada işləyən, müşavir görəvində olan zabitlər arasında Gülən hərəkatının üzvlərinin olduğu və həmin zabitlərin burada təbliğat aparması haqqında informasiyalar daxil olmuşdu. 1990-cı illərin ortalarından söhbət gedir. 
- Bəs bu informasiyaları aldıqdan sonra nə etdiniz?
- Lazımi tədbirlər görülürdü. Xatırlayırsınızsa, hərdən müəyyən zabitlər qrupu vaxtından əvvəl Azərbaycanı tərk edirdi... Bunun əsas səbəbləri barədə informasiya cəmiyyətə çatdırılmırdı. Hətta türk zabitlərinin vaxtından əvvəl ölkədən geri göndərilməsinə Azərbaycanda etiraz edənlər olurdu. Halbuki həmin zabitlərin vaxtından əvvəl ölkəni tərk etmələri görülən ehtiyat tədbirləri idi. 
- Türkiyədə qeyd etdiyimiz hadisələrin nəticəsi olaraq, ANS telekanalı bağlandı. Sizcə, ANS-in yenidən efirə qayıtması şansı varmı və ANS-in Türkiyədəki bir hadisəyə görə bağlanmasını bir politoloq kimi nə cür dəyərləndirirsiniz?

“Dəyişmənin əsas yollarından birini vitse-prezident postunun təsis olunmasında görürəm, Nazirlər Kabinetinin ümumiyyətlə ləğv olunması, paralel strukturun aradan qaldırılması lazımdır”

- Mən bu hadisəni yanlış addım sayıram. Məncə, Gülənlə müsahibə ANS-in bağlanmasının formal bir səbəbi idi. Ona görə ki, bundan əvvəl də bir neçə dəfə ANS-in bağlanmasına cəhd olmuşdu, bir dəfə bağlamışdılar da. Bu dəfə yəqin hesab ediblər ki, fürsət yaranıb, prosesi axıra çatdırmaq lazımdır. Bunu da etiraf etmək lazımdır ki, ANS əvvəlki ANS deyildi. 1990-cı ilin əvvəllərindəki xidmətlərini mən heç vaxt unutmuram. Son dövrlərdə məhdudiyyətlər içində işləyirdilər. 
- Son neçə ildə ANS-in efirində olmamısınız?
- Tutaq ki, ANS 2-3 ildə bir dəfə bizi efirə dəvət edirdi, ancaq o biri kanallar 10-15 ildir müstəqil adamları, müxalif mövqeli siyasətçiləri efirə buraxmır. Hər halda, ANS maraqlı kanal idi. Onu formal səbəblərlə bağlamaq lazım deyildi.
- Fətullahçıların Azərbaycandakı siyasi lideri kimi Elnur Aslanovun adı çəkilir. Siz prezident köməkçisi işləyən zamanlarda onu tanıyırdınızmı, administrasiyada hansı vəzifədə işləyirdi?
- Elnur Aslanovu o zaman tanımırdım. O dövrdə çox gənc olardı. Onunla tədbirlərdə və iclaslarda rastlaşmamışam. 
- Rəbiyyət Aslanovanı tanıyırdınızmı?
 
- Bəli. Uzaqdan-uzağa tanıyırdım. Onu da deyim ki, o dövrlərdə Azərbaycanda bir çox məmurlar çalışırdılar ki, Gülən xətti ilə açılan təhsil ocaqlarına, qurumlara yaxın olsunlar. Hətta bir sıra məmurlar arasında Gülən xətti ilə açılan təhsil ocaqlarına, təsisatlara yaxın olmaq uğrunda müəyyən bir rəqabət də gedirdi. Mən bunu ideoloji səbəblərlə yox, daha çox maddi səbəblərlə bağlayırdım. Bəzi Orta Asiya ölkələrində bu gün də fətullahçılar böyük nüfuza malikdirlər. Qırğızıstanda çox ciddi təsir imkanları var. Hətta Qırğızıstan hökuməti ilə Ankara arasında buna görə soyuq münasibətlər mövcuddur. 
- Sizcə, Gülən hərəkatının bir proyekt olaraq müəllifi kimdir?
- Proyektin müəllifi yəqin ki, türklərdir. Ancaq bundan öz xeyirlərinə çalışan dövlətlər də var. Fətullah Gülənin ABŞ-da yaşamağı və oradan prosesləri idarə eləməyi onu göstərir ki, Amerikanın da təsiri, marağı var. Ancaq amerikanların da burada öz məntiqi var. Onlar İslam dünyasında ekstremizmdən, cəhalətdən uzaq, daha çox təhsilə, elmi inkişafa diqqət yetirən bir hərəkat kimi yanaşıblar Gülən hərəkatına. Amerikanlar buna bu cür baxıblar ki, müsəlman dünyasında İŞİD də var, FETÖ-çülər də var. İŞİD-in əməlləri ilə Gülənin təhsil ocaqlarını tərəzinin gözlərinə qoyurlar və deyirlər ki, bax bu, müsbət fenomendir. Ancaq hər bir ölkə də çalışır ki, onun quruluşuna, siyasətinə müdaxilə etmək istəyən amilləri aradan götürsün. Ona görə də Türkiyədə və başqa ölkələrdə FRTÖ-yə də müqavimət təbiidir. 
- Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev indi ölkənin siyasi həyatında ən çox “bomba” partladan biridir. Həbsxanadadır və məhkəməsində çox ciddi açıqlamalar verir... 

“Ölkədə ciddi islahatlar aparılması üçün 3 əsas amil olmalıdır”

- Mən işlədiyim dövrdə o elə də tanınmış bank işçisi deyildi, şəxsən tanımırdım. Ancaq onun adı keçən prosesləri izləyirəm. Mənim üçün maraq doğuran açıqlamalar oldu. Bu, Azərbaycan reallığını çılpaqlığı ilə göstərən açıqlamalardır. Onun özü də, yaxınları da deyirlər ki, o, maliyyə naziri Samir Şərifovun göstərişlərini yerinə yetirmirdi, indi Samir Şərifov ondan qisas alır. Ölkənin maliyyə siyasətini maliyyə naziri həyata keçirməlidir və dövlətin nəzarətində olan hər bir bankın da borcudur ki, maliyyə nazirinin tapşırıqlarını yerinə yetirsin. Cahangir Hacıyevin maliyyə nazirinə tabe olması onun vəzifə borcu idi. Əgər Samir Şərifov düzgün siyasət yeritmirdisə, bankın rəhbəri olan Cahangir Hacıyev ölkə prezidentinə müraciət edə bilərdi, əsaslandıra bilərdi ki, nazirin addımları yanlışdır, istefa verməlidir. 
Yaxud da özü istefa verə bilərdi. Tabe olmamaq, saymamaq, lakin heç bir qanuni addımlara getməmək isə doğru yol deyil. Mən hesab edirəm ki, gedən proseslərdə maliyyə naziri ilə onun münasibətləri əsas amil olmadı. Onun vurulması yaxın qohumu, himayədarı olan sabiq milli təhlükəsizlik nazirinin vurulması ilə bağlı idi. Bu hadisələrin ortaya çıxması ölkədə idarəçilik sistemində böyük problemlər olduğunun göstəricisidir. Əgər bir il bundan öncə iş adamları arasında sorğu keçirsəydiniz ki, sizin işinizə ən çox mane olan hansı dövlət qurumu, amillər hansılardır, ola bilsin o zamankı MTN sırada 3-cü və ya 4-cü olardı. İş adamları və biznes mühitinin yaradılması istiqamətində elə ciddi problemlər var ki, bu gün də qalır. Bu problemlər aradan qaldırılmalıdır. 
- İqtidara yaxın adamlar, YAP deputatları isə son günlər iddia edirlər ki, referendumdan sonra inqilabi dəyişikliklər olacaq. "ASAN xidmət" modeli icra strukturlarına, bütün idarəetməyə tətbiq olunacaq...
- Ölkədə ciddi islahatlar aparılması üçün 3 əsas amil olmalıdır. Birincisi, ölkəyə rəhbərlik edən adamların islahatlara getmək üçün siyasi iradəsi, heç bir kənar təsir olmadan şəxsi istəyinin olması. İkincisi, islahatçı komandanın olması. Üçüncü amil ölçülüb-biçilmiş ardıcıl proqramın olmasıdır. Düzgün addımları düzgün sıralamasan, birinci atılmalı olan addımın əvəzinə 3-cünü atsan, sonra ikinci, sonra beşinci addımı atsan bu, tam əks nəticə verə bilər. Mən köklü islahatlar aparılmasının tərəfdarıyam. Ancaq hazırda belə islahatların aparılacağı mənə inandırıcı görünmür. Kosmetik dəyişikliklərlə köklü islahatlara getmək mümkün deyil. 
- AXCP sədri Əli Kərimli bildirib ki, onu həbs edə bilərlər. Əsas kimi də ətrafındakı bəzi adamların FETÖ-çü kimi həbs olunmasını qeyd edir. Amma Əli Kərimli və onun çevrəsindəki adamların hakimiyyət tərəfindən basqıya məruz qalmasına cəmiyyətdən reaksiyalar çox zəif oldu. Bunun səbəbi nədir, Əli Kərimli təkmi qalıb? Adam bəyan edir ki, onu həbs edə bilərlər. Amma heç bir siyasi partiya və təşkilatlardan reaksiya olmadı. Bu, Əli Kərimliyə münasibətdirmi, yoxsa ümumiyyətlə, siyasi səhnədə baş verənlərə etinasızlıq var?
- Əli Kərimli bir fərziyyə kimi həbs olunacağını deyib. Mən bunun dəqiq səbəblərini bilmirəm. Amma real hadisələr var. Məsələn, 11 ildir dustaq həyatı yaşayan akademik Əli İnsanova qarşı yeni cinayət işinin açılması real, ciddi hadisədir. İlqar Məmmədov Avropa Məhkəməsinin qərarına baxmayaraq hələ də həbsdə saxlanır... Əli İnsanovun həbsini, bu qədər həbsdə saxlanmasını, indi ona qarşı atılan addımı da yanlış hesab edirəm. Hakimiyyətin daxilində bir vaxtlar Əli İnsanov amili var idi. Bu amili siyasi yollarla həll etmək lazım idi. Hakimiyyətin atdığı addımlar nəticəsində isə Əli İnsanov məsələsi gündəmə gəldi. Avropa Şurası onu siyasi məhbus elan elədi, Avropa Məhkəməsi onun azadlığa buraxılması üçün qərar çıxardı, Əli İnsanov azadlığa buraxılmadı. Nəticədə Əli İnsanov məsələsi oldu Əli İnsanov problemi. İndi onun azadlığa çıxmağına 57 gün qalmış yeni cinayət işinin açılması Əli İnsanov problemini Əli İnsanov fenomeninə çevirir...

Bir sıra məmurlar arasında Gülən xətti ilə açılan təhsil ocaqlarına, təsisatlara yaxın olmaq uğrunda müəyyən bir rəqabət də gedirdi”

- Əli İnsanovun nəyi fenomendir? Ümumiyyətlə, məlum olur ki, Əli İnsanov əslində bir mif imiş, heç bir ictimai gücü yox imiş. Məsələn, bizim qəzetin əməkdaşları dünən Qərbi Azərbaycandan olan tanınmış, bir zamanlar onun xəttində olan adamları Əli İnsanova cinayət işi açılması ilə bağlı danışdırmaq istəyib, lakin onların heç biri danışmayıb. Bu, onu göstərir ki, Əli İnsanovun gücü hakimiyyətin ona verdiyi güc imiş. Amma həm də maraqlıdır ki, bu reallıq ortada olsa da, sanki iqtidar da ondan çəkinir.
- Güman etmirəm ki, Əli İnsanovun dəstəyinin, gücünün olmadığı barədə qənaət düzgün qənaətdir. İndi çoxları siyasi proseslərə mövqe bildirməkdən çəkinirlər. Diqqət edirsiniz, hər dəfə əfv fərmanı öncəsi mediada Əli İnsanovun böyük gücü, onun çıxacağı halda müxalifətin lideri olacağı kimi fikirlər hər gün yazılır. Nəticədə hakimiyyət Əli İnsanovu azad etmir. Bəlkə elə bu səbəbdən o adamlar Əli İnsanovla bağlı danışmaq istəmirlər. Bu taktika ilə Əli İnsanovun azad olunmasına yardımçı olmaq istəyirlər? Bir çoxlarında isə qorxu hissi ola bilər. Ancaq hər bir halda, Əli İnsanovun tərəfdarları kifayət qədərdir. 
- Siyasi səhnədə Əli İnsanov üçün fədakarlıq edəcək siyasi fiqur yoxdur...
- Məndə olan məlumata görə, indiyə qədər bir neçə dəfə Əli İnsanovu müdafiə komitəsinin yaradılması haqqında ümumi yığıncaqlar olub. Ancaq hər dəfə Əli müəllimin özündən mesaj gəlib ki, buna ehtiyac yoxdur. 
- Əli İnsanovu bu qədər cidd-cəhdlə müdafiə etməyiniz nədən qaynaqlanır? Onunla əlaqələriniz varmı?
-...(davamı gələn sayımızda) 
Hazırladı: Etibar SEYİDAĞA






Fikirlər