Zakir Fərəcov 1 ilin hesabatını prezidentə necə verdi – Foto-Video

Zakir Fərəcov 1 ilin hesabatını prezidentə necə verdi – Foto-Video

Sumqayıt son bir ildə sürətlə dəyişdi; “Gənclər şəhəri” yenidən qurulur 

 

Son günlər Sumqayıt şəhəri əsaslı abadlıq və quruculuq işləri ilə gündəmə gəlib. Şəhərin mərkəzi küçələrində və yol-nəqliyyat infrastrukturunda yenidənqurma işləri həyata keçirilib.
Bu ilin fevralında başlanılan təmir işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər uzunluğu 5,2 kilometr olan Sülh küçəsi təmir edilib. 
Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yol yeni və müasir işıqlandırma sistemi də təmin edilib. Abadlıq işləri ilə yanaşı yeni mərkəzlərin inşası həyata keçirilib, köhnə binaları yenidən təmir edilib. 
Sentyabrın 27-də prezident İlham Əliyev də Sumqayıta səfər edərək  aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olub. Ölkə başçısı Heydər Əliyev Mərkəzində, Uşaq İncəsənət Mərkəzində, Şahmat məktəbində və Sumqayıt Dövlət Dram teatrının açılışında olub və görülən işlərlə maraqlanıb. 
“Yeni Müsavat” qəzetinin müxbiri də son vaxtlar Sumqayıtda görülən işlərlə tanış olmaq və bu barədə reportaj hazırlamaq üçün şəhərə baş çəkib.
 
İlk növbədə yolların yenilənməsi diqqət çəkir. Şəhərin əsas giriş yolu - Sülh küçəsi və Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi əsaslı təmir edilərək sürücülərin istifadəsinə verilib. 
Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.
Sumqayıtda aparılan yenidənqurma işləri ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev görülən işlər barədə bizə məlumat verib E.Qocayev şəhərdə qısa zaman ərzində keyfiyyətli iş aparıldığını bildirdi: “Sumqayıtda aparılan yenidənqurma işləri tam müasir formada və qısa vaxtda aparılıb. İndi tanış olduğunuz 7,5 kilometrlik Sahil küçəsi 1980-ci illərin əvvəllərində salınıb. Təmir-tikinti işlərinə bir neçə ay öncə başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, işıqlandırma sistemi yenidən qurulub”.
Daha sonra iki gün öncə açılışı olan Heydər Əliyev Mərkəzi ilə tanış olduq, orada yaradılan şəraitlə maraqlandıq. Binanın tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti işləri şəhər icra hakimiyyətinin daxili imkanları hesabına görülüb. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması da nəzərdə tutulub.
Sumqayıt şəhər İH-nin sözçüsü Eyvaz Qocayev müxbirimizlə söhbət edərkən
Heydər Əliyev Mərkəzinin yaxınlığında yenicə istifadəyə verilən Şahmat məktəbində də olduq. Bizi məktəb binası ilə tanış edən Eyvaz Qocayev bildirdi ki, bu mərkəz Sumqayıt gənclərinin bu idman növünə marağının artmasına səbəb olacaq: “Bu məktəb ölkəmizdə şahmat idman növünə göstərilən qayğının göstəricisidir. Tikintisinə ötən ilin dekabrında başlanılan məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird şahmatın sirlərini öyrənə bilər. Şagirdlərlə 25 müəllim məşğul olur. İnanırıq ki, bu mərkəz peşəkar şahmatçılar yetişdirəcək və dünyaya tanıdacaq”. 

Sumqayıtın mərkəzi küçələrində gəzərkən şəhər əhalisi arasında da sorğu keçirib, onların bu yeniliklərə fikirlərini öyrəndik. Şəhər əhalisi Sumqayıtda aparılan abadlıq və quruculuq işlərindən razı görünürdü. Xüsusən də yolların yenilənməsi əhalinin ürəyincədir. 
Şəhər sakini Əhməd Sarıyev Sumqayıtın gözəlliyinə və müasirliyinə görə Bakıdan geri qalmadığını dedi:“Sumqayıt şəhəri günü-gündən gözəlləşir. Görülən işlər bizi daha çox sevindirdi. Bundan başqa, yeni müasir tikililərin sayı artmaqdadır. Düşünürəm ki, Sumqayıt Bakıdan sonra ikinci gözəl şəhərdir. Ölkə başçısı Sumqayıta səfəri zamanı da öz çıxışında inkişaf  baxımından Sumqayıtın Bakıya çatdığını qeyd etdi. Bu bizim üçün qürurvericidir”.
Sumqayıt səfərimizin növbəti ünvanı şəhərin mərkəzindəki yeni təmirdən çıxan teatr binası oldu. Məlumat üçün qeyd edək ki, bina 1956-ci ildə istifadəyə verilib. Yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir zamanı binanın bütün mühəndis-texniki qurğuları yenilənib. Binada 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. 
Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.
üşayiətçimiz burada teatr ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edildiyini vurğuladı: “Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib”. 
Növbəti obyekt kimi yenicə istifadəyə verilən Uşaq İncəsənət Məktəbinin binasına da baş çəkdik. Məktəb binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İlk baxışdan inşaat işlərinin keyfiyyətlə görüldüyü hiss olunur. Məktəb yeni avadanlıqla təmin olunub. Əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən aparılıb. 
Son olaraq, tikintisinə ötən ilin oktyabrında başlanan və şəhər sakinlərinin ən çox sevdiyi Sumqayıt Bulvarında olduq. Bura görünüşü və səliqəlisi ilə Bakı Bulvarından geri qalmır desək, yanılmarıq. Xəzər dənizinin sahili boyunca 4,2 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bulvarda həmçinin Bayraq Meydanı da inşa olunub. 
 
Bulvara müxtəlif növdə ekzotik ağaclar gətirilib. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib, avtomat suvarma sistemi yaradılıb, 60 min kvadratmetr sahədə çəmənlik salınıb. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib, 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemi quraşdırılıb. İnsanların rahat istirahəti üçün 600-dən çox oturacaq qoyulub, 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.
Sumqayıt Şəhəri İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev bulvarda sakinlərin istirahəti üçün yaradılan  imkanlardan danışdı: “Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosipedlə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, uşaqlar üçün 10 attraksion quraşdırılıb. Sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq. Sumqayıt Bulvarı və Dənizkənarı Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir”.
Bulvarda olduğumuz zaman sakinlərin də buraya xüsusi maraq göstərdiyinin şahidi olduq. Sözlərindən belə bəlli oldu ki, yeni istirahət məkanları, uşaqlar üçün qurulan atraksionlar Sumqayıt sakinlərinin də ürəyincə olub. 
Xatırladaq ki, bu işlər Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra 1 il müddətinə görülüb.
 

 






Fikirlər